Xəbər lenti

Azərbaycan bu gün Avropaya yaşıl enerji ixrac edəcək potensialını göstərir. Qərbdən Azərbaycana maraq artır. Ənənəvi neft-qaz ixracından sonra alternativ bərpa olunan enerji üzrə ixracatın da gündəmə gəlməsi və bu istiqamətdə proqramların hazırlanması Azərbaycanın əhəmiyyətini artırır.

Ölkəmizin böyük hissəsi artıq rəsmən yaşıl enerji zonası elan edilsə də, təəssüf ki, Gədəbəyin Söyüdlü kəndində insident baş verdi.

Prezident İlham Əliyev 2023-cü ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəydəki hadisələrə diqqət çəkib.

“Ölkəmizin böyük hissəsi artıq rəsmən yaşıl enerji zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib”, - deyə Prezident bildirib.

İlham Əliyev deyib ki, insanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsini eşidən olmayıb.

Prezidentin bu mesajı aidiyyəti qurumlara və Azərbaycana investisiya yatırıb qeyri-qanuni əməllərə imza atanlara xəbərdarlıqdır.

İlham Əliyev mövqeyini aydın və konkret ifadə edərək Ekologiya Nazirliyini tənqidə məruz qoyub. Sitat: “Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi, gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbuledilən deyil. Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər edib, qanunsuz hərəkətlər edib və bu da dözülməzdir, qəbuledilməzdir. O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənirlər. Azərbaycandakılar artıq müəyyən edildilər və bir neçəsi məsuliyyətə cəlb olunub. Xaricdəkiləri də biz məsuliyyətə cəlb edəcəyik”.

İlham Əliyev bununla qeyd edir ki, hadisədən istifadə etmək istəyən dairələrin əlinə də fürsət verilib. Ən vacib məqam odur ki, problem aradan qaldırılmalıdır.

Prezident qeyd edib: “Bu hadisənin təbii səbəbi var idi. O da ondan ibarətdir ki, xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyub, iş yerləri yaradıb. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilib. Mən xəbər tutandan sonra zəng edib baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir? Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur. Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram”.

Müvafiq qurumlar Prezidentin sözlərindən dərs çıxarmalıdırlar. Bu, təkcə Söyüdlüdəki qızıl yataqlarının istismarına aid məsələ deyil. Digər məsələlərdə də şəffaf işləmək hər bir qurumun borcudur.

Prezidentə vaxtında və düzgün məruzələr edilməlidir. Əks təqdirdə, cənab Prezident müvafiq tədbirləri görəcək və vəzifəsini icra edə bilməyənlər işi ilə sağollaşmalı olacaqlar.

Oxu.az

Aqil Vəlili




Ana səhifəyə qayıt        Baxış: 3 789          Tarix: 12-07-2023, 18:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma