“Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın BMT Baş Assambleyasının toplantısına səfərə çıxarkən irəli sürdüyü Qarabağın taleyi ilə bağlı 4 tərəfli görüş təklifi Azərbaycan Ordusunun antiterror əməliyyatı öncəsi Moskvaya və İrəvana son xəbərdarlıq ola bilər” - siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib.
Heydər Oğuzun fikrincə, Qarabağ separatçılarının qondarma “prezident seçkisi”ndən sonra rəsmi Bakının qarşısında yeganə yol qalıb – antiterror əməliyyatı keçirib separatçıları zərərsizləşdırmək. “Bu “seçki” Qarabağın müstəqillik bəyannaməsinin faktiki yenidən elan olunmasından başqa bir şey deyildi. Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə açıq-aşkar qəsd kimi qiymətləndirilə biləcək bu “seçki” tamaşasına istənilən dövlət laqeyd qala bilməz. Təsadüfi deyil ki, dünyanın heç dövləti və beynəlxalq təşkilatları bu addımı təqdir etmədilər, əksinə qınadılar. Erməniləri öz iddialarından əl çəkməyə, reinteqrasiya prosesinə başlamağa çağırdılar. Amma çox təəssüf ki, ermənilər bu axmaq iddialarından vaz keçmək istəmir, nəticədə Azərbaycan dövlətinin ərazi bütövlüyünü bərqərar etməkdən başqa çarəsi qalmır”.
Həmsöhbətimiz hesab edir ki, Azərbaycan Ordusunun keçirməli olduğu antiterror əməliyyatı qarşısında əsas maneə Rusiyadır. Çünki hazırda yalnız Rusiya Qarabağın Azərbaycanın ərazi bütövlüyü kimi tanınmasına qarşı çıxır.
“Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda Vladivostokda keçirilən Şərq İqtisadi Forumun plenar iclasında dilə gətirdiyi fikirlərdən də bu aydın hiss olunurdu. O, Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın ərazisi daxilində tanımasını sərt tənqid edir və bu mövqenin Moskvanın regionda əl-qolunu bağladığını bildirdi. Bununla da İrəvandakı rus agentura şəbəkəsinə mesaj verirdi ki, Paşinyanı devirib Azərbaycanla dialoqdan imtina etsəniz və yenidən bizi köməyə çağırsanız, vəziyyət dəyişə, biz sizi daha aktiv müdafiə edə bilərik”, - siyasi şərhçi belə deyib.
Heydər Oğuza görə, Putinin bu çağırışı əsassız deyildi: “Biz həqiqətən də Nikol Paşinyanın son zamanlar rus orbitindən çıxıb Qərbin peykinə çevrilmək səylərini artırdığını görürük. O, xüsusilə İtaliyanın “La Republica” və ABŞ-ın “Politico” qəzetlərinə verdiyi müsahibələrdə bu fikri açıq şəkildə dilə gətirir, Ermənistanın böyük dövlətlərin “proksi” savaşçısına və ərazisinin poliqona çevrilməsini istəmədiyini vurğulayıb. Hətta “Politico” qəzetinə müsahibəsində yaxın qonşularla münasibətlərini düzəltməkdə maraqlı olduğu bildirib, fikrini onunla əsaslandırırıb ki, Ermənistan başqalarının himayəsinə sığınıb öz təhlükəsizliyini qorumaq modeli ilə rahat yaşaya bilməz, bu, onu hər zaman həssas ölkə vəziyyətinə gətirib çıxara bilər”.
Paşinyanın bu fikirlərini “konstruktiv düşüncə” kimi qiymətləndirən Heydər Oğuz, bununla belə, erməni baş nazirinin əməli fəaliyyətində eyni mövqeyi sərgiləmədiyini vurğulayıb. Siyasi şərhçinin iddiasına görə, bunun bir səbəbi var – Paşinyan Rusiyanın qızışdırması ilə devrilə, hətta öldürülə biləcəyindən çəkinir: “Belə anlaşılır ki, Qarabağ probleminin həllində əsas maneə İrəvan yox, Moskvadır. Hətta erməni xalqı belə, Qarabağda müharibəni uduzan Paşinyana yenidən iqtidar mandatı verməklə Rusiyanın, İranın, Fransanın maraqları naminə müharibə, övladlarının isə mənasız ideyalar uğrunda ölümünü istəmədiklərini nümayiş etdirdi.
Deməli, Qarabağ məsələsinin müsbət həllində maraqlı olan beynəlxalq güc mərkəzləri ya Rusiyanı yola gətirməli, ya da onun iradəsinə rəğmən antiterror əməliyyatlarına xeyir-dua verməlidirlər”, - deyən siyasi şərhçi bu mühüm təklifin Türkiyə lideri tərəfindən irəli sürülməsini də təsadüfi hesab etmir: “Söhbət təkcə ondan getmir ki, Türkiyə bizim strateji müttəfiqimizdir. Əksinə, bu məqam Ankaranın əlini zəiflədir. Ankara bu dördtərəfli görüşdə, böyük ehtimalla, NATO-nun nümayəndəsi kimi bitərəf vasitəçi qismində iştirak edəcək və etməlidir də. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın rusiyalı həmkarı ilə yaxın münasibətləri var və NATO ölkələri arasında Putinlə diplomatik dialoq qurmağı bacaran yeganə şəxsdir. Görünür, Ərdoğanın vasitəçi şəxs qismində çıxış etməsinin ilk səbəbi bununla əlaqədardır. İkinci bir səbəb də var. Bilirsiniz ki, Türkiyə NATO müttəfiqləri arasında alyansın cənub sərhədlərindən sorumluluğu olan ölkədir. Xüsusilə Qara dəniz, Cənubi Qafqaz, hətta Mərkəzi Asiya ölkələri ilə bağlı alyansın siyasətini Türkiyə yürüdür. Üstəlik, bu region Ankaranın da maraq dairəsindədir və həmin coğrafiyada güclü nüfuzu, yumşaq gücü mövcuddur. Odur ki, Rusiya da Türkiyənin mövqeyi ilə daha tez razılaşa bilər. Xüsusilə o zaman ki, Ermənistan da Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, regional əməkdaşlığa üstünlük verir. İrəvanın bu mövqeyi qarşısında Moskvanın deyə biləcəyi heç bir arqumenti qalmır”.
Heydər Oğuz vurğuladı ki, Türkiyə Prezidentinin ötən günki çıxışında ilk baxışda 4 dövlət başçısına müraciət ünvanlasa da, əslində əsl hədəf Rusiya lideri idi və Putin bu təklifə müsbət cavab verməsə, o zaman Türkiyə fərqli bir çərçivə ortaya qoyacaq. Bu da 3 tərəfli dialoq olacaq: “Fikir verdiyinizsə, jurnalist Ərdoğana Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin bir araya gəlib Qarabağ məsələsini müzakirə edib-etməyəcəklərini soruşmuşdu. Ərdoğan isə bunun istisna edilmədiyini vurğuladıqdan sonra Rusiyanın da iştirakı ilə 4 tərəfli görüşə önəm verdiyini bildirdi. Açığı, mən hesab etmirəm ki, Türkiyə hakimiyyət orqanlarına yaxınlığı ilə seçilən “A” telekanalının müxbiri bu sualı özbaşına hazırlamışdı. Sirr deyil ki, belə rəsmi görüşlərdə bir çox suallar hakim elita ilə öncədən razılaşdırılır və bu təcrübə təkcə Türkiyəyə yox, bütün dövlətlərdə aiddir. Ərdoğanın suala o şəkildə cavab verməsini və 3 tərəfli görüş fikrini tamamilə rədd etməməsini mən Rusiyaya ünvanlanmış mesaj kimi qiymətləndirirəm. Bu cavabla Ərdoğan sanki Putinə çatdırmaq istəyirdi ki, artıq Ermənistan da regional əməkdaşlıqda maraqlıdırsa, sənin üzüsulu şəkildə Qarabağı tərk etməyinin vaxtı çatıb. Artıq adam mövqeyinə düşmədən ya şələ-şüləni yığışdırıb çıx get, ya da regional əməkdaşlığa qatıl. Əks halda biz 3 qonşu dövlət sənli, ya sənsiz öz başımızın çarəsinə baxarıq. Sən buna müdaxilə etmək istəsən, ikinci cəbhənin açılması ilə qarşılaşa bilərsən”.
Heydər Oğuzun fikrincə, Ukraynada ağır vəziyyətlə qarşı-qarşıya olan Rusiya Türkiyəni qarşısına almaq və yaxud onun iştirak etdiyi ikinci cəbhənin açılmasını istəməz: “Bu, Rusiyanın ata biləcəyi ən böyük səhv addım olar. Bilirsiniz ki, Türkiyə Qara dənizdə açar dövlətdir. Üstəlik, Qara dənizin NATO üzvü olan digər ölkələrlə Rusiyanın arasında son zamanlar ciddi insidentlər yaşanır. Həm Bolqarıstan, həm də Rumıniya Rusiyanı onların ərazilərinə təcavüzdə günahlandırırlar. Bu isə həmin dövlətlərin də Rusiyaya qarşı müharibəyə hazırlaşdığından xəbər verir. Sözügedən ölkələrlə Rusiya arasında ixtilaf çıxarsa, NATO ölkələri də alyansın Nizamnaməsinin 5-ci maddəsini əsas gətirib müttəfiqləri ilə birlikdə müharibəyə qatıla bilərlər. Hələlik, NATO üzvlərinin qarşısını kəsən Türkiyədir. Türkiyə Montro Konvensiyasını əldə rəhbər tutaraq Qara dənizin qapılarını hər kəsə bağlayıb. Təbii ki, o da məlum konfliktə qoşulsa, Qara dənizi NATO gəmilərinə aça bilər. Nəticədə Rusiya Qara dənizi tamamilə itirər. Hətta indi belə, Ukraynanın dron hücumlarına tab gətirə bilməyən Rusiyanın Qara dəniz donanması bu su hövzəsini tərk edib Azova çəkilib. Qara dənizin ən güclü donanması sayılan Türkiyənin də prosesə qoşulması və bu dənizi NATO dövlətlərinə açması Rusiyanı tamamilə çıxılmaz vəziyyətdə qoyar. NATO gəmilərinin Qara dənizə girməsi və Rusiyanın bu dəniz üzərindəki nəzarətini itirməsi ilk əvvəl Gürcüstanın, daha sonra isə Ermənistanın alyansın nəzarəti altına girməsi ilə nəticələnər. Azərbaycan isə II Qarabağ savaşından etibarən zatən Türkiyə ilə strateji müttəfiqdir və Ordumuz NATO standartları əsasında yenidən formalaşır. Beləcə, Azərbaycan da çoxdan NATO-nun nəzarətindədir”.
Həmsöhbətimiz hesab edir ki, bütövlüklə Cənubi Qafqazın NATO nəzarətinə keçməsi Rusiya üçün ölümcül olar. Çünki Rusiyanı Qərblə bağlayan və böyük dövlət olmasını şərtləndirən iki su hövzəsi var: “Bunlardan biri Baltik, digəri isə Qara dənizdir.
Finlandiya və İsveçin (bu ölkənin alyansa üzvlüyü Türkiyədən asılıdır-E.M) NATO-ya üzv olmasından sonra Rusiya Baltik dənizini tamamilə itirdi. Qara dəniz isə incə teldən asılıdır və bu tel Türkiyənin əlindədir. Odur ki, Rusiyanın bu həqiqəti gözardı etməsi mümkün deyil”.
Bəs, dördtərəfli görüşə İran necə reaksiya verə bilər? Axı rəsmi Tehran dəfələrlə Zəngəzur dəhlizinə laqeyd qalmayacağını vurğulayıb.
Maraqlıdır ki, həmsöhbətimiz İranı artıq təhlükə olaraq görmür. Onun fikrincə, İran bu zamanadək Zəngəzur dəhlizinə ona görə etiraz edirdi ki, Hindistandan Avropaya ticarət dəhlizi projesi İran və Ermənistandan keçərək Gürcüstana, ordan isə Qara dənizə açıla bilərdi. Hindistanda keçirilən son G-20 sammitində İranın bu ümidlərinə son qoyuldu. Sammitdə iştirak edən bir sıra dövlətlərin imzaladığı müqaviləyə əsasən, yeni dəhliz İrandan keçməyəcək, Hindistandan BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, İsrail üzərindən Aralıq dənizinə, bu dəniz vasitəsilə isə Yunanıstana çıxacaq. Üstəlik, Hindistandan Bəsrə körfəzi vasitəsilə İraq və Türkiyə üzərindən Avropaya yönələn digər bir alternativ də var. Adına “Qalxınma yolu” dəhlizi deyilən bu proje üzərində ciddi iş gedir və İraqdakı İrana bağlı qüvvələr ABŞ ordusunun da köməkliyi ilə ölkədən sıxışdırılıb çıxarılır. Bütün bu alternativlər onun üçün gündəmə gətirilir ki, Şərq-Qərb və ya Cənub-Şimal dəhlizlərinin heç biri İrandan keçməsin. Hesab edirəm ki, İran öz mövqeyini dəyişməsə, beynəlxalq layihələrdən tamamilə təcrid olunmuş vəziyyətə düşəcək. Bundan əlavə, Ermənistanın da son zamanlar Qərbə yönəlməsi, öz sərhədlərini NATO dövlətlərinin nəzarətinə vermək istiqamətində ciddi addımlar atması Rusiyadan çox İranı narahat edir. İran bundan sonra Ermənistanın müdafiəsini özünün “qırmızı cizgisi” elan etməz.
Üstəlik, Tehran onu da nəzərə alır və ya almalıdır ki, əhalisinin 40 faizi Azərbaycan türküdür. Azərbaycanın əleyhinə ciddi hər hansı addımı atması İranı daxildən parçalaya bilər”, - siyasi şərhçi fikrini belə tamamlayıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
Paylaş: