Xəbər lenti

Musavat.com Milli Məclisin deputatı Kamal Cəfərovun müəllif yazısını təqdim edir:


Bildiyiniz kimi diplomatik mənbələrin verdiyi məlumata əsasən, Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Makrona açıq şəkildə bildirmişdi ki, Fransanın təşəbbüsü ilə çağırılan BMT Təhlükəsizlik Şurasının iclasının heç bir nəticəsi olmayacaq. Bu, digər mənasız cəhdlərdən biridir.


Beynəlxalq hüquqda BMT-nin Təhlükəsizlik Şurası və onun fəaliyyətsizliyi ilə bağlı ciddi etimadsızlıq mühiti olsa da, istənilən halda bu, dünyada söz sahibi olan böyük dövlətlərin son dərəcə mühüm məsələləri müzakirə etdiyi platformadır.


Bu cür beynəlxalq platformada ölkəmiz tərəfindən həyata keçirilən antiterror tədbirləri ilə bağlı hər hansı bəyanat və qətnamənin qəbul edilə bilməməsi İlham Əliyevin çox böyük miqyaslı diplomatik uğurudur.   

Bu iclasın Fransa tərəfindən çağrılmasının məlum məkrli səbəblərindən əlavə, Makronu incidən 2022-ci il 6 oktyabr tarixində Praqada keçirilən dördtərəfli görüşün nəticələri ilə bağlıdır.


Bildiyiniz kimi, Praqada üçtərəfli formatdan fərqli olaraq Fransanın iştirakı ilə dördtərəfli görüş keçirildi. Həmin görüşün yekununda qəbul edilən və Paşinyan tərəfindən imzalan bəyanatda 1991-ci il Alma-Ata Deklarasiyasına istinadən Azərbaycanın ərazi bütövlüyü bir daha tanınır. Bu cür istinad bu günə qədər keçirilmiş görüşlərdə ilk dəfə idi ki, baş vermişdi.


Bu gün həm erməni, həm də xüsusilə rus mediasında bu bəyanata istinad edilir. Bildirilir ki, məhz Makronun xahişi və moderatorluğu ilə keçirilən Praqa görüşündə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bildirib ki, Qarabağ Azərbaycandır. Bununla da bu məsələ diplomatik müstəvidə həll edilib. Bundan sonra heç bir dövlət Ermənistanın qəbul etdiyi həqiqəti nə mübahisələndirə, nə də inkar edə bilmir.    

İstisna deyil ki, Fransa və Ermənistan Praqa görüşündən tamamilə başqa nəticələr əldə etmək istəmişdi. Ancaq Prezident İlham Əliyev 5 saat davam edən danışıqlarda Fransa Prezidenti Makronun əli ilə Ermənistanı diplomatik müstəvidə məğlub edib.  


Erməni xalqı bu məğlubiyyəti Makrona bağışlaya bilmir, Makron da özünü bağışlaya bilmir. Makronu da incidən məhz budur!


Hətta Ermənistanda müxalifət Paşinyana açıq çağırış edir ki, Praqa bəyanatından imtina et. Ancaq artıq məsələ bitib. 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağın hər nöqtəsində öz suverenliyini bərpa edib.

Prezident İlham Əliyev xalqa sonuncu müraciətində Fransa da daxil olmaqla, regiondan məkrli məqsədlər üçün istifadə etmək istəyənlərə bir daha açıq xəbərdarlıq etdi ki, dəmir yumruq yerindədir.


Bu günün reallığı göstərir ki, Qafqazda real və praktiki sülhə məhz İlham Əliyev nail olacaq.


Allah Prezidentimizi qorusun! Hər birimiz onunla fəxr edirik! Ondan güc alırıq, onunla nəfəs alırıq.


 


Kamal Cəfərov,

Milli Məclisin deputatı




Ana səhifəyə qayıt        Baxış: 4 240          Tarix: 22-09-2023, 17:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma