ABŞ-ni Suriyadan sıxışdırıb çıxarmaq üçün İranın səyləri sürətlənir, bunun əlamətlərini bir neçə hadisə göstərir.
Birincisi, İranın İraqda dəstəklədiyi milis dəstələri ABŞ mövqelərinə qarşı hərəkətliliyini genişləndirir.
İranın çətiri altında olan silahlı qruplar artıq İraq və Suriyadakı ABŞ qüvvələrinə bir neçə pilotsuz təyyarə hücumu həyata keçiriblər.
İkincisi, İranın dəstəklədiyi yüzlərlə xarici döyüşçü ABŞ-dən Suriya-İsrail sərhəd bölgələrinə yerləşdirilib.
İraq, Suriya və Əfqanıstandan (əsasən, Əfqanıstan) olan döyüşçülərin birləşdiyi “Fatimiyyun” Diviziyası oktyabrın 21-dən Suriyanın cənub-qərb sərhədi boyunca Golan təpələri yaxınlığındakı sərhəd bölgələrində yerbəyer edilib.
Üçüncüsü, İran digər bir proksi qüvvəni - “Zeynabiyyun” briqadasını Suriyanın Deyr-əz-Zor vilayətində xeyli şəkildə aktivləşdirir.
Bu üç fakt Tehranın İsrailin bölgədəki maraqlarına qarşı tutumunu ABŞ əleyhinə mübarizə ilə paralel şəkildə qurmağa yardımçı olur.
İranın baş vəkili “Hizbullah”ın da silahlı müqavimət gücü nəzərə alınmalıdır, ancaq Tehranın qeyri-dövlət aktorları hesabına apardığı əməliyyatların uğurlu olub-olmayacağı sual yaradır.
İranın bu cür temp göstərməsi böyük ehtimalla ABŞ-nin Rusiya-Ukrayna müharibəsi səbəbilə üzləşdiyi riskləri daha da genişləndirməklə əlaqəlidir.
Yaxın Şərq üzrə İran-ABŞ qarşıdurması kontekstində Tehranın Vaşinqton qarşısında hələ ki həlledici üstünlüyü nəzərə çarpmır.
Ola bilsin ki, İran rəsmi güc və qeyri-dövlət hərəkatları hesabına nəticələr formalaşdırıb ABŞ ilə nüvə danışıqlarına əlidolu getməyi hədəfləyir.
Lakin nəzərdə saxlanılmalıdır ki, ABŞ İrana qarşı bütün kartlarını oynamayıb, yəqin, buna görədir ki, Vaşinqton ard-arda Tehrana hədələyici xəbərdarlıqlarını ünvanlayır.
ABŞ Prezidenti Co Baydenin İranın ali dini rəhbəri Seyid Əli Xameneini xəbərdar etməsi ABŞ-nin əlindəki kartlardan vacibinin oynanılması ilə əlaqədar məsələləri açır.
Ancaq İranın aktivliyi təkbaşına işin nəticəsi deyil, onun aşkar tərəfdaşlarından biri Rusiyadır. Digər bir yandan isə İran Çinin Yaxın Şərqdə ABŞ-nin önünə keçmək cəhdlərini yaxşı oxuyur və Pekini öz tərəfinə çəkməyə çalışır.
Tehran İsraillə HƏMAS arasında davam edən müharibənin fonunda Pekindən strateji dəstək almaq cəhdlərini göstərə bilər. Müharibə davam etdikcə isə İran proksi qüvvələr üzrə qrupların sayını artırmaqda çox maraqlıdır.
Bu mənada proqnozlaşdırmaq olar ki, İran bölgə üzrə onu silahlı mühafizə edən qeyri-dövlət aktorlarının maliyyələşdirilməsi və silahlandırılması prosesini sürətləndirəcək.
ABŞ-nin təkbaşına buna cavabı çətindir, ona görə də Vaşinqton İran mərkəzli problemləri öz maraqlarından uzaqlaşdırmaqdan ötrü regionda İsraillə yeni əməliyyat planı hazırlaya bilər.
Oxu.az
Aqşin Kərimov
Paylaş: