“Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq”.
Prezident İlham Əliyev bu sözləri oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində səsləndirdiyi çıxışında bildirib. O, Günəş Elektrik Stansiyasının açılmasını niyə inqilabi proses adlandırmasına belə aydınlıq gətirib: “Çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir”.
Göründüyü kimi, Prezident alternativ enerji mənbələrinin istismarını əsasən iqlim dəyişikliyinə göstərəcəyi müsbət töhfələrlə əlaqələndirib. Əlbəttə ki, haqlıdır da. Daha firavan, komfort həyat üçün ekologiyanı kirlətməyə haqqımız yoxdur. Çünki dünya təkcə bizim deyil. Bizimlə yanaşı çoxsaylı canlı növləri planetimizdə yaşayır və bu dünyanın gözəlliklərini bizimlə bölüşür. Bölüşməklə də qalmır, hətta dünyamıza ayrı bir rəng qatır. Biz də təbii ki, planetimizin insanoğluna bəxş etdiyi üstünlükləri istismar edərkən onların da haqqını nəzərə almalıyıq.
Bununla belə, mənim fikrimcə, Prezidentin alternativ enerji qaynaqlarının istismarını inqilabi proses adlandırmasının bir başqa səbəbi də var. Söhbət həm də bu təşəbbüslərin qlobal sənaye inqilabına bəxş etdiyi töhfələrdən gedir. Təsadüfi deyil ki, İlham Əliyev də həmin çıxışında dünyada ilk neft yataqlarının istismarının Azərbaycanla başladığını xatırlatmışdı. “Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir” cümləsi də bu fikrimizi təsdiqləyir.
Sual oluna bilər: Azərbaycanda neft istehsalının başlanğıc tarixinin sənaye inqilabları ilə nə əlaqəsi var?
Yəqin razılaşarsınız ki, sənaye inqilabının əsas sirri makinaların icadı ilə bağlı deyil. Həm də o makinaları hərəkətə gətirən enerji resurslarının kəşfi ilə əlaqədardır. Məsələn, neft kəşf edilməsəydi onun makinalara tətbiqi də sirr olaraq qalacaqdı, nəticədə dünya indiki tərəqqi mərhələsinə qədəm qoymayacaqdı. Deməli, makinaların kəşfi ilə yanaşı onları hərəkətə gətirən enerji qaynaqlarının da sənayenin inkişafında birbaşa rolu olmuşdur.
Bilirsiniz ki, dünya sənayesi indiyədək 4 mühüm mərhələdən keçmişdi. Bunun ilk mərhələsi 18-ci əsrin əvvələrində Böyük Britaniyada buxar makinasının kəşfi ilə ortaya çıxmışdı. Kömürlə suyun qaynadılmasından yaranan enerjinin böyük makinaları hərəkətə gətirdiyini kəşf edən ingilislər bu misilsiz uğurun nəticəsində təkcə sənayedə yox, dünyanın sosial və siyasi xarakterində də böyük dəyişikliklər yaratmışlar. Bu kəşfin nəticəsində istehsal artmış, feodal cəmiyyətlər öz yerini kapitalist müəssisələrə buraxmış, yeni bazarlar əldə etmək yarışı başlamışdı. Beləcə iqtisadiyyatın qloballaşması da ilk addımlarını atmışdır.
Yeraltı zənginlikləri yalnız kömürlə məhdudlaşan ingilislər dünyaya açılmasaydı, təbii ki, kömürdən daha güclü enerji mənbəyi olan neftin əhəmiyyəti də anlaşılmayacaqlardı. Təsadüfi deyil ki, II Sənaye inqilabı deyilən proses Böyük Britaniyada yox, neftlə zəngin olan və elektrik enerjisini ilk dəfə kəşf edən ABŞ-da başlamışdı. Məhz bu iki enerji mənbəyinin makinalara tətbiqi II Sənaye inqilabının da önünü açmışdı. Çünki bu iki enerji mənbəyinin makinalara tətbiqi yeni texnikologiyaların yaranmasına və istehsalın daha sürətlə artmasına səbəb olmuşdur. Beləcə, dünyanın bölüşdürülməsi uğrunda yarış, hətta müharibələr başlamışdı. I və II Dünya müharibələri məhz bu qaynaqlar uğrunda yarışın nəticələridir. Məhz bu ərəfədə də Bakı nefti dünya sənayesinin şəkillənməsinə öz töhfəsini vermişdi. Təbii ki, cənab Prezident də Azərbaycan nefti ilə inqilabi prosesləri eyni cümlədə işlədərkən böyük ehtimalla bunu nəzərdə tuturdu.
İkinci sənaye inqilabı 19-cu əsrin sonlarından 20-ci əsrin ortalarına, yəni II Dünya müharibəsindən sonralara qədər davam etmişdi. II Dünya müharibəsindən sonra sənaye inqilabları geniş vüsət almış və 20 əsrin sonlarına doğru ilk robotlar meydana gəlmişdi. Robotlaşma dövründə prosesdən kənarda qalan SSRİ dağılmış və III Sənaye inqilabının ilk qurbanına çevrilmişdi.
Bu gün dünyada yeni dövr başlayır. Adına şərti olaraq IV Sənaye inqilabı deyilən yeni dövr tamamilə uzaqdan idarəolunan makinaların istifadəsini nəzərdə tutur. Hər inqilabi proses kimi, bu dövrün də özünəməxsus enerji mənbələri olmalıdır. İlk 3 sənaye inqilablarının enerjisinə baxanda, əvvəl kömürün, daha sonra ardıcıl olaraq neftin və qazın makinalara tətbiqini görə bilərik. Bilirsiniz ki, son dövrlərdə hətta minik maşınlarının belə qaz və elektrik enerjisi ilə çalışma təcrübələri sınaqdan çıxarılırdı. Və artıq dünyanın tədricən yeni enerji mənbələrinə keçişi gündəmdədir. Bu isə təbii qazdan və neft məhsullarından daha sıx və yanıcılıq qabiliyyətinə malik olan hidrogen enerjisidir. Məlumatlara görə, hidrogen enerjisini təbii qazdan ən azı 8 dəfə kiçik həcmli qablara doldurmaq olar. Daha doğrusu eyni həcmli hidrogen ənənəvi enerji mənbələrindən 8 dəfə güclü hərəkətvericilik qabiliyyətinə malikdir. Bu da istər-istəməz idarəolunan makinaların daha uzun məsafələrə getməsini təmin edir.
Digər tərəfdən IV Sənaye inqilabından sonra nefti və qazı elektrik enerjisinə mühərriklərə də ehtiyac duyulmayacaq. Elektrik enerjisinin özü birbaşa makinaların “bak”ına doldurulacaq. Bu da təbii ki, böyük inqilabdır və Azərbaycan yenə bu enerji inqilabının əsas baza dövlətinə çevrilir. Prezident də məlum çıxışında məhz bu həqiqətə işıq tutaraq deyirdi: “Əlbəttə ki, növbəti illərdə biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik. Bu məqsədlə biz bu potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik”.
Prezident öz çıxışında ölkəmizdə yeni sənaye inqilabının enerjisini hazırlayan bölgələrin də xəritəsini cızaraq deyirdi:
“Eyni zamanda, sizə məlumat vermək istəyirəm ki, bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır.
Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir”.
Mürvət Həsənli,
Qərbi Azərbaycan İcmasının Qəyyumlar Şurasının sədri
Paylaş: