ABŞ-ın və Qərbin son addımları onların Ermənistan vasitəsilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək niyyətlərini açıq şəkildə göstərir. Təəssüf ki, Fransanın xüsusilə İkinci Qarabağ müharibəsindən sonra regionda yeni qarşıdurma yaratmaq, müharibəyə təhrik etmək, Azərbaycan-Ermənistan normallaşma prosesinə mane olmaq üçün başlatdığı çirkin oyunlarında ABŞ, Qərbi Avropa ölkələri də yer almağa başlayıb. Onlar Azərbaycan əleyhinə addımlarını davam etdirir, ölkəmizlə bağlı əsassız iddialar səsləndirirlər. Fransanın Ermənistanı silahlandırması artıq yeni müharibəyə hazırlıq deməkdir. Qərb buna sərt reaksiya vermək əvəzinə Fransa ilə ortaq olur. Avropa İttifaqının Ermənistanda missiyasının genişləndirilməsi ilə bağlı qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin açıqlaması, Kanadadan sonra ABŞ-ın da bu missiyaya qoşulmasının reallaşması, Aİ-nin Sülh Fondunun Ermənistanda işə başlaması (əslində bu daha çox hərbi missiya yerinə yetirəcək) Qərbin Cənubi Qafqazda pozucu planlarından xəbər verir. Bu planların reallaşmasında isə Ermənistandan bir alət olaraq istifadə edir.
Qeyd edilənlər bir daha Qərbin əsas məqsədinin regionda sülh, sabitlik, Azərbaycan və Ermənistanın, nəhayət, dinc qonşuluq şəraitində yaşaması yox, hazırkı status-kvonu davam etdirmək, yeni qarşıdurma vəziyyəti yaratmaqdır. Fakt budur ki, Ermənistana verilən silahlar Azərbaycana qarşı istifadə edilmək məqsədini daşıyır. Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlayan, onu silah-sursatla təmin edən Qərb, bəzi mənbələri vasitəsilə guya Azərbaycanın Ermənistana qarşı yeni müharibəyə hazırlaşması barədə saxta tezisləri gündəmə gətirməyə çalışır. Halbuki hazırda sərhəddə vəziyyət stabildir, hər hansı gərginlik müşahidə olunmur. İkincisi, yeni müharibə üçün də əsas yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib və dəfələrlə bəyan edib ki, hazırda Ermənistanla sülh sazişi imzalamaq üçün ciddi maneələr qalmayıb. Yetər ki, rəsmi İrəvan iradə nümayiş etdirsin, forpost olmaqdan, xarici güclərin diktəsi ilə hərəkət etməkdən əl çəksin.
Bu gün həm də təəssüf doğuran hal budur ki, Qərb sərgilədiyi mövqe ilə Ermənistandakı revanşist qüvvələrə dəstək olur. Revanşist qüvvələr də sülh istəmir, Azərbaycana qarşı aqressiv, nifrət ritorikasından əl çəkmir, müharibə çağırışları edir, Qərb də eyni yolu getməkdədir.
Azərbaycan Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl yaydığı bəyanatda Cozep Borelin Azərbaycan əleyhinə səsləndirdiyi regiondakı reallıqları qəsdən təhrif edən ittihamlarını tamamilə qeyri-adekvat və qəbuledilməz adlandırıb. Bildirilib ki, Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti eyni zamanda Aİ-nin üzərinə düşür. Bu məqsədlə digər sahələrlə yanaşı hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı 30 ilə yaxın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalda qalmasına, soydaşlarımıza qarşı etnik təmizləməyə, insanlıq əleyhinə cinayətlərə, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətə düşməsinə göz yumub. Ermənistanın törətdiyi cinayətlərə susqun qalıb. İndi Azərbaycana yönəlik əsassız iddiaları, təhdid dolu ifadələr səsləndirməsi bir daha bu qurumun qərəzli siyasətinin və ikili standartlarının nümunəsidir.
XİN-in də bəyan etdiyi kimi, Aİ-nin nümayəndəsinin səsləndirdiyi ittihamlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təhdiddir. Aİ üzv ölkələri aqressiv separatizm meyllərindən əziyyət çəkdiyi halda, Azərbaycanın öz suveren ərazilərində mövcud təhdidlərə qarşı haqlı mübarizəsinə münasibətdə Aİ-nin xarici siyasət qurumunun ölkəmizin ərazisində separatizmi qızışdırması cəhdləri ciddi narahatlıq mənbəyidir.
Əlbəttə, Qərb Ermənistandan Cənubi Qafqazda öz maraqlarını reallaşdırmaq üçün istifadə edir. Həmçinin, antirusiya siyasətini də İrəvan üzərindən həyata keçirmək niyyətini güdür.
Onu da vurğulayaq ki, digər ölkələrin daxili işlərinə müdaxilə edən, qarşıdurmalar yaradan Fransanın həm xarici, həm daxili siyasəti bərbad vəziyyətdədir. Ərəb ölkələrində olan səfirlərindən ibarət bir qrupun Fransa Xarici İşlər Nazirliyinə etiraz məktubu göndərməsi bunun sübutudur. Etiraz məktubu Makronun İsrail-Həmas müharibəsindəki mövqeyi ilə bağlıdır. Belə ki, Makron toqquşma başladığı ilk vaxtdan balanslı siyasət yürüdə bilməyib. Əgər əvvəl Makron açıqlamalarında Fələstini dəstəkləyir, məsələnin dinc yolla həlli istiqamətində çağırışlar edirdisə, sonradan öz mövqeyini dəyişərək Fələstinə qarşı koalisiya yaratmaq təşəbbülü ilə çıxış etdi.
Fransız diplomatlar isə Fransanın və onun rəhərinin dəyişkən siyasətinə etiraz etmək üçün birgə məktub göndəriblər. Fransa mediasının əlinə düşən məktub artıq müxtəlif KİV-də tirajlanıb. Diplomatlar etirazlarında bildirirlər ki, Fransanın qeyri-müəyyən siyasəti onlara inamı azaldır və onlar fəaliyyətlərində ciddi problemlər yaşayırlar. Etiraz məktubunu Fransanın Livan, Tunis, Mərakeş, Misir, İordaniya, İraq, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveytdəki səfirləri Makrona "birgə nota" formatında ünvanlayıblar. Makronun stabil siyasət yürüdə bilmədiyini artıq bütün dünyaya bəllidir. İrəvan isə Fransanın liderlik etdiyi bir qrup ölkənin regiondakı marionetinə çevrilir. Amma o da bəllidir ki, Rusiya və İran Fransanın, digər Qərb dövlətlərinin Ermənistanda hərbi mövcudluğuna dözməyəcək. Proseslər ona aparır ki, Ermənistan Ukraynanın vəziyyətinə düşə bilər. Yəni Ermənistanı Ukraynanın aqibətinin gözlədiyinə artıq şübhə qalmır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki, Fransanın bugünkü həm daxili, həm də xarici siyasəti faciədir: "Ölkə daxilində böyük gərginlik var. İnsanlar vaxtaşırı hökumətin qəbul etdiyi qərarların onların həyatına ciddi mənfi təsir etməsinə öz etirazlarını bildirirlər. Siyasi qarşıdurma həddən artıq gərgindir. Xarici siyasətdə Fransanın hərəkətləri ziddiyyətlə doludur. Fransa Afrikada keçmiş müstəmləkələrindən ard-arda qovulur".
Onun sözlərinə görə, Fransanın bu və ya digər bölgədə apardığı siyasət ciddi etirazlarla qarşılanır: "Eyni zamanda, Fransanın dünyanın müxtəlif bölgələrində müstəmləkəsi var, hansı ki onlara müstəqillik verməkdən imtina edir. Fransa BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olsa da, bu gün dünyaya təhlükə yaradan faktorlardan birinə çevrilib. Onun Cənubi Qafqazda işğalçı Ermənistanı müdafiə etməsi, silahlandırması Fransanın müharibəyə meyilliliyini göstərir. Bundan əlavə, İsrail-Fələstin qarşıdurmasında da onun tez-tez mövqeyinin dəyişməsi Fransa hakimiyyətinin tərəddüdlər içində olduğunun təsdiqidir. Bunun səbəbkarı isə Fransa prezidenti Emmanuel Makronun apardığı siyasi kursdur".
Deputat əlavə edib ki, təcrübəsiz bir insan Fransa kimi qədim tarixi olan ölkənin rəhbərliyinə gəldikdən sonra atdığı addımlar həm ölkə daxilində, həm də xaricdə ciddi etirazlara səbəb olur: "Bununla belə, heç bir ölkə Fransanın təsir altına düşmək, onun diktəsi ilə yaşamaq fikrində deyildi. Bunu Makron və onun tərəfdarları yaxşı bilməlidir. Nə zamansa Fransada sağlam düşüncəli insanlar hakimiyyətə gələcək. Fransanın beynəlxalq birlikdə adına uyğun yer tutması üçün cəhdlər olunacaq. Hazırkı hakimiyyət atdığı addımlara görə ictimaiyyət qarşısında üzr istəməli olacaq".
525.az
Paylaş: