"Reuters" Cənubi Qafqazdakı mövcud siyasi durum, Azərbaycan - Ermənistan münasibətləri barədə material dərc edib.
Musavat.com-un məlumatına görə agentlik yazıb ki, Ermənistan və Azərbaycan son otuz ildə iki müharibə aparıb:
"Lakin prezident İlham Əliyev sentyabrda Azərbaycanın Qarabağ bölgəsini geri almaqla böyük qələbə qazanıb. Burada etnik ermənilər 1990-cı illərin əvvəllərindən faktiki olaraq müstəqillik əldə ediblər. Onlardan 100 mindən çoxu Ermənistana qaçıb".
Yazıda qeyd olunur ki, Azərbaycan hazırda Ermənistanla sərfəli sülh sazişini təmin etmək üçün güclü mövqedədir və böyük etnik erməni icmalarına malik olan, İrəvana rəğbət bəsləyən Qərb ölkələrinə, xüsusilə Fransa və ABŞ-a qarşı getdikcə daha sərt mövqe tutur.
"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və öz ərazisində rus hərbçilərinə ev sahibliyi edir, lakin Azərbaycanın irəliləyişlərini nəzərə alaraq təşkilatın faydalılığını açıq şəkildə şübhə altına alır və bu, Moskvanın tənqidinə səbəb olur".
Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev "Reuters" agentliyinə bildirib ki, Bakı Ermənistanla ikitərəfli sülh danışıqlarının aparılmasını istəyir və Qərbin vasitəçiliyi olmadan tez bir zamanda razılığa gələ biləcəklərinə inanır.
"Əgər xoş niyyət olarsa, sülh sazişinin təməl prinsipləri qısa müddətdə işlənə bilər", - deyə Hacıyev bildirib.
Qərbin iştirakı ilə bağlı suala o bunları əlavə edib: “Bizə Vaşinqtonda, Parisdə və ya Brüsseldə deyil, regionumuzda sülh lazımdır”.
"Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistanla danışıqlar bu ölkələrin sərhədində və ya başqa yerdə aparıla bilər", - deyə materialda qeyd olunub.
Paylaş: