Xəbər lenti

Erməni Apostol Kilsəsi azərbaycanlıların tarixi vətənimiz - Qərbi Azərbaycandan zorla deportasiyası və Qarabağda aqressiv separatizmin formalaşmasında başlıca rol oynayan ünsürlərdən biri, bəlkə də birincisi olub. Erməni keşişləri terror və qətllərlə müşahidə olunan torpaqlarımızın işğalında ASALA və “Daşnaksütyun” kimi terrorçu və cinayətkar qruplaşmalarla eyni yolu keçib. Dünyanın heç bir yerində, heç bir dinində erməni kilsəsi qədər bölücülüyə, separatizmə, kriminala meylli teokratik qurum tapmaq mümkün deyil. Erməniliyin dövlət yaratmaq istəyi tarix boyu kilsənin ətrafında ərsəyə gəlib. Dağınıq və pərakəndə şəkildə yaşayan, dövlətçilik ənənəsi olmayan, ömrü boyu dövlət arzusunda olan bu xalqın özünün də formalaşması kilsə ilə ayrılmaz şəkildə bağlıdır. 

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:

Dini emissarların oynadığı rol 

Erməni kilsəsinin dini ayinlərində mistika və miflərə inam, aqressiyaya, bölücülüyə, cinayətə təhriketmə xüsusi rol oynayır. XIX əsrin əvvəllərindən etibarən Azərbaycan torpaqlarında məskunlaşdırılmağa başlayan ermənilər əvvəl Rusiya imperiyasının isti münasibətindən, sonra isə sovetlərin himayəsindən yararlanaraq Qafqaz Albaniyasının dini irsini ələ keçirməyə başlayıblar. Kilsənin əlahiddə rol oynadığı bu proses əzəli yurdumuzun işğalı hesabına erməni mövcudluğunun genişlənməsi ilə müşahidə olunub. SSRİ dövründə Qarabağın bir neçə dəfə Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi cəhdləri “yuxarılar”da siyasi hakimiyyət və ziyalılar tərəfindən həyata keçilirdisə, “aşağılar”da əsas rollardan birini də bölgəyə göndərilən dini emissarlar oynayırdılar. Bunu biz Qarabağın və Şərqi Zəngəzurun işğalında aydın şəkildə gördük. 

Qisas arzusu ilə yaşayan keşiş

Müzəffər ordumuzun zərbələrinə tab gətirməyib 44 günə kapitulyasiya edən Ermənistanda revanşist hisslərin hansı sürətlə yüksəldiyini son üç ildə izlədiyimiz proseslər də göstərir. Revanşizmin mənbəyi rolunda həmişə olduğu kimi, yenə də kilsələr çıxış edir. Bu günlərdə erməni kilsəsinin Tavuş yeparxiyasının keşişi Baqrat Qalstanyan ayin zamanı ənənəyə sadiq qalaraq müharibəyə çağırış məzmunlu siyasi bəyanatlar verib. “Bəli, mən revanşistəm və ömrümün son saniyəsinədək belə olacağam” deyən Qalstanyanın sözlərinə görə, cəmi bir neçə il öncə “Artsax”da hər kəs “xoşbəxt ömür sürür, ibadətlərini edirdi”: “Tanrımız deyir ki, qisasımı çox gözləmək lazım gəlməyəcək. Biz dəyişməliyik, qayıtmaq məcburiyyətindəyik. Evimizin bərpası bizim gündəlik qayğımız olmalıdır... Bu, nifrət deyil, məhəbbət, işə sadiqlik, sonsuz inam, qurban vermə, kişilikdir”.  

Tavuş keşişinin bu bəyanatı özbaşına verdiyini düşünmək sadəlövhlük olardı. Bazar ayinləri kilsəyə ən çox adamın gəldiyi andır. Eçmiədzindəki əsas kilsə ilə razılaşdırılmadan qisas hissləri ilə dolu, müharibəyə çağırış və başqa dövlətin ərazisinə qəsd məzmunlu cümlələrin işlədilməsi mümkün deyil. 

Erməni kilsə kahinlərinin vərdişi 

Din sülh, həmrəylik, şəfqət ideyalarının mənbəyi kimi çıxış etdiyi halda, erməni kilsəsində bunu müşahidə etmək mümkün deyil. Erməni keşişləri tarixləri boyu o qədər qəsdə, işğala, separatçılığa və oğurluğa meylli olublar ki, bu ab-hava sanki onların sifət cizgilərinə, dini geyimlərinə, mistika ilə dolu ayinlərinə, hətta kilsə arxitekturalarına belə sirayət edib. Erməni kilsə kahinlərinin Osmanlı Türkiyəsinə qarşı cinayətkar əməllərin iştirakçısı olmalarına dair yüzlərlə tarixi fakt var. 1828-ci ildən etibarən erməni keşişləri, kilsədə formalaşdırılmış xüsusi dəstələr Rusiyanın Türkiyəyə qarşı bütün hərbi əməliyyatlarında iştirak ediblər. 

Ənənənin davamı

“Artsax”dakı “xoşbəxt həyat”dan danışan keşiş Baqrat yol yoldaşlarının Azərbaycan torpaqlarındakı hərbi cinayətləri, cəzasız şəraitdə azərbaycanlıları soyqırımı qorxusu ilə qovduqları məskənlərimizdəki xristian tarixi irsimizi özününküləşdirib saxtalaşdırma, müsəlman abidə və ibadətgahlarımızı isə yer üzündən silmə əməllərini nəzərdə tutur. Şuşanın işğalına dair kadrlarda separatçı-kriminal xuntanın əsas simalarından olan keşiş Parqevin əlində kömür tarixi abidələrimiz və binalarımız üzərində erməni dilində yazılar yazdığını unutmamışıq. Parqevin xalqımıza və dövlətimizə qarşı törədilmiş hərbi cinayətlərin, silahlı qiyamın əsas iştirakçılarından biri olması da sirr deyil. Bu gün ABŞ-də yerli erməni kriminal ünsürlərlə sıx ünsiyyətdə yaşayan Parqevin hansı cinayətlərdə əlinin olması barədə erməni mediası və blogerləri xeyli yazılar dərc ediblər. 

Əlində silah fotoları yayılmış Xudavəng keşişi Ovanes Ovannisyanın Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirakına dair də sübutlar var. Ovanes keşiş olmadan öncə Xocavənddə, Ağdərənin Vəngli kəndində azərbaycanlılara qarşı əməliyyatların iştirakçısı olub. Digər kilsə nümayəndəsi - Əskəran keşişi olmuş Mesrop Mkrtçyan da vaxtilə sinəsinə döyüb “Artsax”ı tərk etməyəcəyini deyir, silahlı mübarizə sözü verirdi. Ancaq erməni keşişləri separatizmə, bölücülüyə aludə olduqları qədər də rəzil və qorxaqdırlar. Bu gün Ermənistanda kilsələrdə, müxtəlif tədbirlərdə qisas hissi ilə alovlansalar da, Qarabağdan ilk qaçanlar da məhz onlar olublar. 

Revanşizm varsa, sülhdən danışmaq əbəsdir

Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışında bildirib ki, Ermənistanda revanşizm meylləri olduğu halda yekun sülh barədə danışmaq risklidir. Erməni revanşizminin baş qaldırmayacağına dair möhkəm təminatlar olmalıdır. Bu gün keşiş Baqrat kimilərinin revanşdan danışması, dini ayin iştirakçılarını qisasa həvəsləndirməsi onu göstərir ki, Ermənistan cəmiyyəti əsrlər boyu yoluxduğu virusdan ya qurtula bilmir, ya da istəmir. Bu isə ilk növbədə Ermənistandakı ürkək dövlətçiliyin süqut təhlükəsi ilə üz-üzə olduğunun göstəricisidir. Ermənilərin niyə tarixi boyu müstəqil yaşamaq iqtidarında olmadıqlarına dair çoxsaylı sualların yeganə cavabını bu reallıqda axtarmaq lazımdır. 




Ana səhifəyə qayıt        Baxış: 4 568          Tarix: 23-12-2023, 21:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma