Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən qeyri-adi hərəkətləri, çılğın danışığı və nitqi, bir-birini təkzib edən açıqlamaları ilə daha çox tanınıb. Parlament və hökumət iclaslarında qeyri-adekvat hərəkətləri ilə müxalifətin tənqid hədəfinə tuş gələn baş nazir xarici səfərlərdə də etdiyi müəyyən, bəzən də qeyri-etik hərəkətləri, baxışları və davranışları ilə də dünya KİV-lərinin gülüş mərkəzinə düşməyi bacarıb. Nikol əslində jurnalistika və bloqerlikdən hakimiyyətə gəldiyini desə də, İrəvan Dövlət Universitetinin jurnalistika fakültəsindən də məzun ola bilməyib. 1995-ci ildə universitet rəhbərliyini tənqid etdiyi üçün məzun olmağa az müddət qalmış rektorun əmri ilə ali təhsil müəssisəsindən qovulub. Natamam ali təhsil, psixoloji problemlər, ögey ana himayəsində böyümək təbii ki, “siyasətçi”nin psixologiyasına ciddi təsir edib. Bu səbəbdən də “Vətəndaş müqaviləsi” partiyasının sədri bir sıra görüşlərdə natamamlıq kompleksindən əziyyət çəkdiyini müxtəlif hərəkətlərlə büruzə verir.
Elə bu yaxınlarda Armavir regionuna səfər edən baş nazir Üçkilsə şəhərinə baxış keçirdiyi ibtidai məktəbdə nöqsanlar aşkar edib, Lori rayonunun Medovka kəndindəki məktəbdə yerli idarəçilərə əsəbiləşib. Baş verənlər isə Paşinyanın səfərini işıqlandıran kameralara düşüb və kadrlardan da məlum olur ki, baş nazirin ciddi kompleksləri var.
Regiona səfəri zamanı Paşinyan özünü bütün peşələrin ən güclü bilicisi kimi təqdim edir: tikinti, təhsil, müxtəlif elm sahələri, mədəniyyət, idman və s. kimi sahələrdə özünün analoqu olmayan obrazını canlandırır. Nə gölməçə, nə asılqan, nə basketbol səbəti, bir sözlə, heç bir detal onun iti və peşəkar gözlərindən yayınmır. O, iti gözlə baxır, fərqinə varır, əsəbiləşir, şiddətlə qışqırır. Onu müşayiət edənlər isə boynunu büküb qulaq asır, ünvanlanan təhqirləri isə heyranlıqla dinləyirlər. Çünki Paşinyana qarşı çıxmaq, həm vəzifəsi, həm də əmlakı ilə vidalaşmaq mənasına gəlir.
Hətta “Aykakan Jamanak” qəzetinin redaktoru olduğu dövrdə də jurnalistlər arasında Nikolun vicdansızlığı, pula olan sevgisi, qeybətə meylli şəxs olması barədə kifayət qədər neqativ fikirlər dolaşırdı. 2008-ci ildən özünü Levon Ter-Petrosyanın bir nömrəli fanatı kimi göstərən Paşinyan Qarabağ ermənilərini təhqir edir, onlara qarşı aqressiv münasibət sərgiləyirdi. Sonradan isə fikrini dəyişən redaktor “Böyük çaşqınlıq” adı altında silsilə məqalələr yazmağa, guya Ter-Petrosyan dəstəsini tərk etdiyini bildirməyə başladı. O, bununla da kifayətlənmir və Qarabağ probleminin həlli məsələsində erməni siyasi elitasında ortaya atılan birtərəfli ərazi güzəştlərinə qarşı çıxışlar etməyə başladı. Əslində isə Nikolun planı sadə idi, gələcəkdə hakimiyyətə gəlmək üçün zəmin yaratmaq, hamını aldatmaq və yalan danışmaq. Bunu elə 2019-cu ildə Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması, 2020-ci il müharibəsindən sonra Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıyan bəyanatları da sübut edir. Dərd orasındadır ki, ciddi kompleksləri olan baş nazirin özünü təkzib edən bəyanatları təkcə bu deyil. Bir tərəfdən gah Azərbaycanla sülhün vacibliyindən danışır, digər tərəfdən də isə Azərbaycanı işğalçılıqda ittiham edir. Artıq dünya siyasəti də Paşinyanın bu tip açıqlamalarına alışıb. Bunlar isə ciddi komplekslərdən xəbər verir.
Keçmiş jurnalist hakimiyyətə gəldikdən sonra kiçiklik sindromundan əziyyət çəkdiyini tez-tez büruzə verməyə başlayıb. Məsələn, hakimiyyətin ilk ilində gömrük əməkdaşını ictimaiyyət qarşısında alçaldıb. Onu bayrağa hörmətsizlikdə ittiham edərək, sürücüsünün əmisi oğlunu “Noraqavit” gömrük məntəqəsində yüksək vəzifəyə təyin edib (2019-cu il). Başqalarını alçaltmaq basına özünü təsdiq etməyin ilk addımı da elə bu dövrdən başladı. Bu isə “siyasətçi”nin kiçik düşüncə tərzini, qəddarlığını və komplekslərini ortaya qoyur. Sonralar bu iş tərzi xalqı alçaltmaq hesabına məqsədyönlü şəkildə davam etdi. Əvvəlcədən hazırlanmış şəxslər görüşdə ona yaxınlaşır, yaltaqlanır. Hətta regionlara səfərlərdən birində yaşlı bir qadın əyilərək onun ayağını öpüb. Bu isə özünütəsdiqin başqa forması sayılır. Qarabağa qeyri-qanuni səfəri zamanı isə bir qadın baş nazirin maşının arxasınca su ataraq, “bizi tək qoyma” deyib. Bütün bu tamaşaların “qəhrəmanları” olan qocalar, cavanlar, uşaqlar isə bu rolları müvafiq qonorar hesabına ifa ediblər. Bunu erməni müxalifəti və bir sıra siyasətçilər etiraf etməkdən belə çəkinmirlər.
Bir faktı da vurğulamaq lazımdır ki, Paşinyanın heç bir yaxın dostu, tanışı yoxdur. O, bütün partiyadaşlarına, nazirlərə, icra başçılarına rəiyyəti kimi yanaşır. Adıçəkilən vəzifəlilərin hər biri şəxsi otaqlarında onun portretini asmalı, vəzifədən uzaqlaşdırılsalar da, onu görən kimi ayağa qalxmalı, xalq arasında ona təşəkkür etməlidirlər. Bütün bunlar məhz onun istəyidir və xüsusi adamları tərəfindən həyata keçirilir.
Baş nazir özünütəsdiq üçün opponentlərini təhqir etməyə, aşağılamağa çalışır, tabeliyində olan hüquq-mühafizə orqanlarına tapşırır ki, bu şəxslərə qarşı cinayət işləri hazırlansın, ittihamlar irəli sürülsün. Qeyd etmək yerinə düşər ki, bu məsələdə Paşinyan bir sıra uğurlara imza atıb. Ermənistan həbsxanalarına doldurulan siyasi məhbusların siyahısını nəzərdən keçirəndə bu qənaətə gəlmək mümkündür. Məsələn, “Mülki müqavilə”nin üzvü Sergey Baqratyanın oğlunun həbsi, keçmiş ədliyyə naziri Qriqor Minasyan, Gorus meri Aruş Aruşanyan və Kaçaran meri Manvel Paramazyanın da həbsini bu sıraya daxil etmək olar.
Bütün bunlardan çıxan nəticə odur ki, natamamlıq kompleksindən əziyyət çəkən, digərlərini alçaldaraq özünü təsdiq etməyə çalışan, heç bir ülvi dəyəri və dostu olmayan şəxs hazırda Ermənistana rəhbərlik edir.
“Report” İnformasiya Agentliyi
Paylaş: