Pakistana hücum İranın daha təhlükəli vəziyyətlərlə üzləşməsinə səbəb oldu. Nüvə silahına malik 230 milyonluq Pakistanın cavab zərbələri İslamabadın Tehranın müdaxilələrinə səbirli davranmayacağını göstərdi.
Ötən həftə Yaxın Şərq növbəti müharibə təhlükəsini yaşadı. Yenə də katalizator rolunda İran çıxış etdi. Tehran rejimi terrora qarşı mübarizə adı altında İraq, Suriya, hətta Pakistan ərazisini bombalamaqla dünyaya şok yaşatdı. Ümid etdi ki, hücumları cavabsız qalacaq, maksimum etiraz bəyanatlarıyla üzləşəcək. Düzdür, İraq və Suriya ilə bağlı gözləntilər özünü doğrultdu, amma Pakistan hücumları cavabsız qoymadı.
Uzun illərdir İraqda sabitliyin olmaması, mərkəzi hakimiyyətin zəifliyi, bu ölkədə çox sayda İrana bağlı qüvvələrin mövcudluğu Tehranın bu ölkəyə dəfələrlə hərbi müdaxiləsinə imkan verib. Suriyadan isə danışmağa dəyməz. Ancaq Pakistana hücum İranın daha təhlükəli durumla üzləşməsinə səbəb oldu. Nüvə silahına malik 230 milyonluq Pakistanın 24 saat ərzində İrana cavab zərbələri, ordusunu döyüş hazırlığı vəziyyətinə gətirməsi İslamabadın Tehranın müdaxilələrinə səbirli davranmayacağını göstərdi.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Gərginliyin əsas səbəbi
Bir faktı da qeyd edək ki, məsələ üzdə İran-Pakistan gərginliyi kimi görünsə də, əslində, hər iki ölkə pərdəarxasında bəluclara qarşı antiterror əməliyyatı keçirir. Bunu XİN başçılarının bəyanatları da təsdiq edir. Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, “Pakistan İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edir”. Bənzər açıqlamanı İran tərəfi də verib. Bəlucların müstəqillik arzusu hər iki ölkə üçün uzun illərdir başağrısına çevrilib. Buna görə də tərəflər ayrı-ayrılıqda bir-birinin ərazisində əməliyyatlar keçirərək, əslində, bir-birinə fayda da verir.
Toqquşmadan sonrakı yaxınlaşma təəccüblü deyil
Bütün bunların fonunda toqquşmadan sonrakı yaxınlaşmaya təəccüblənməyə ehtiyac yoxdur: İran Pakistanın müstəqilliyini tanıyan ilk ölkə olub. İki ölkə arasında diplomatik münasibətlər 1947-ci ildən mövcuddur. Hər iki ölkə ABŞ-nin də daxil olduğu SENTO hərbi ittifaqının üzvü olublar. 1971-ci ildə Hindistan-Pakistan müharibəsi zamanı Kəraçinin hava hücumundan müdafiəsi İran Hərbi Hava Qüvvələrinə həvalə edilmişdi ki, bu da gizli razılaşmada qeyd olunurdu. İran Pakistanın “Taliban”a və bəzi digər qruplara dəstəyindən narazı olsa da, onların münasibətlərini Hindistan və Pakistan arasında hökm sürən gərginliklə müqayisə etmək olmaz. Digər səbəb isə hər iki ölkənin xalqlarının bir-birilərini dəstəkləmələridir.
1979-cu il İran inqilabından sonra da iki ölkə arasında əlaqələr inkişaf edib. İran-İraq müharibəsi zamanı Pakistan birinciyə hərbi yardım göstərib. 2013-cü ildə “BBC World Service Poll” keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, pakistanlı respondentlərin 76 faizi İrana xoş münasibət göstərib. İki ölkə arasında ticarət əlaqələri də artan xətt üzrə inkişaf edir. 2022-2023-cü illərdə İranla Pakistan arasında ticarət dövriyyəsi 2 milyard 330 milyon dollar təşkil edib. Bu da əvvəlki dövrlə müqayisədə 30 faiz çoxdur. İran Pakistandan da keçən təbii qaz kəməri çəkməyi planlaşdırır. Bununla belə, tərəflər arasında maraqların toqquşduğu məqamlar da az deyil. Təxminən bir il əvvəl İran Pakistanı təbii qaz kəməri tikintisini ləngitməkdə ittiham edərək bu ölkəyə qarşı 18 milyard dollarlıq iddia qaldıracağı ilə hədələmişdi.
Əsas sərmayəçi Çindir
İranın bombaladığı Bəlucistan regionu 1783-1958-ci illərdə indiki Omanın ərazisi sayılıb, 1958-ci ildən Pakistanın nəzarəti altındadır. Onu da bildirək ki, hazırda Bəlucistanın nəqliyyat infrastrukturunun əsas sərmayəçisi Çindir. Pekin Qvadarda dərin dəniz limanının tikintisi üçün Pakistana 200 milyon dollar ayırıb. Pakistan hökuməti isə Makran sahilindəki bu yeni limanı Kəraçi ilə yeni magistral yollarla birləşdirməyi planlaşdırır. Rəsmi Pekin İran və Pakistanla münasibətlərinə əsaslanaraq tərəflər arasında vasitəçiliyini təklif edib. Digər ehtimala görə, Bəlucistan əyalətindən İran və ya Türkmənistandan strateji qaz kəmərləri çəkilərsə, bu bölgə Pakistan üçün problem yarada bilər. Təhlilçilərin fikrincə, Hindistan və Pakistan bazarlarına tədarük olunan qazla bağlı maliyyə mübarizəsi bəlucların beynəlxalq silahlı qruplaşmalarla birləşməsi ilə nəticələnə bilər. Belə vəziyyət isə regionu yeni münaqişə ocağına çevirər.
Sistan və Bəlucistan gərginliyin əsas qaynar nöqtəsi kimi
Qeyd etdiyimiz kimi, İran tək Pakistana deyil, İraq və Suriyadakı hədəflərə də hücum edib. İraq və Suriyaya hücumlarda İŞİD və İsrail qüvvələrini vurduğu bildirilib. Hücumlar bu ayın əvvəlində Kirman şəhərində 84 nəfərin ölümünə səbəb olan bombalı hücuma cavab olaraq reallaşdırılıb. Pakistana edilən hücum isə “Ceyş-ül-Ədl” qruplaşmasını zərərsizləşdirmək adı altında həyata keçirib. Adıçəkilən qruplaşma 10 ildən çoxdur ki, İranın cənub-şərq hissəsinə hücumlar təşkil edir. Sonuncu dəfə 2023-cü ilin dekabr ayında Sistan və Bəlucistanda 11 iranlı polisin ölümünə səbəb olan hücumun təşkilatçısı da həmin qruplaşma olub. Ümumiyyətlə, iki ölkə arasında bu tip gərginliklər vaxtaşırı baş verir. Etnik bəlucların yaşadığı Sistan və Bəlucistan gərginliyin əsas qaynar nöqtəsi hesab edilir. Tərəflər əvvəllər də bənzər problemlərdən dolayı qarşı-qarşıya gəlsə də, regionda genişmiqyaslı müharibə baş verməyib.
Paylaş: