Fransa Cənubi Qafqazda sülh prosesinə mane olan dövlətlər içərisində liderliyini saxlayır. ATƏT-in keçmiş Minsk qrupunun üzvü kimi nə 30 illik işğal dövründə, nə də 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh təşəbbüsü ilə bir dəfə də olsun çıxış etməyib. Əksinə, rəsmi Paris hər vəchlə Ermənistanda revanşist qüvvələri dəstəkləyir, silahla təchiz edir.
Ötən həftə Avropa turnesinə çıxan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransada yeni həmkarı Stefan Sejurne ilə görüşüb. Yeni nazir də keçmiş həmkarı Katrin Kolonnadan fərqli mövqe ortaya qoymayıb, qərəzli, ikili standartlardan çıxış edib. Məsələn, Ermənistanın suverenliyini qeyd-şərtsiz dəstəklədiklərini qeyd edən nazir bu sırada Azərbaycanın adını belə çəkməyib. Əvəzində müttəfiq elan etdiyi İrəvanın yanında olduqlarını dilə gətirib.
Fransa Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada da bildirilib ki, Sejurne Mirzoyanla Ermənistan və Azərbaycan arasında normallaşma danışıqlarını müzakirə edib. Erməni nazir Fransanın Cənubi Qafqazda təhlükəsizlik çağırışlarının aradan qaldırılması, ədalətli və sabit sülhün bərqərar olması səylərini yüksək qiymətləndirib. Bildirilib ki, Fransa Ermənistana humanitar yardımı 29 milyon avroya çatıb. Bu yardım da Qarabağı könüllü tərk edən ermənilərə ayrılıb. Qeyd edilib ki, iki nazir, həmçinin Ermənistan, Fransa və Aİ arasında əməkdaşlığın gücləndirilməsi, nəqliyyat, enerji və su sahələrində infrastruktur layihələrinin inkişafı məsələlərini müzakirə ediblər. Regional nəqliyyat və iqtisadi kanalların bloklanması kontekstində Mirzoyan qeyd edib ki, Ermənistan üçün vacib olan məsələlər “Sülh kəsişməsi” proqramında öz əksini tapıb.
Beləliklə, Fransa tərəfi növbəti dəfə Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasının üstündən xətt çəkmiş olub. Ümid etmək olardı ki, yeni nazir ölkəsinin qərəzli mövqeyindən əl çəkəcək. Lakin bu, baş verməyib. Əvvəla, nazir Ermənistanın suverenliyini müdafiə edəcəklərini növbəti dəfə bəyan edib. Sual olunur – Ermənistanın müstəqilliyinə kim təhlükə yaradır? Nə Azərbaycan, nə digər qonşular – Türkiyə, İran və Gürcüstan bu iddia ilə çıxış etməyib. Azərbaycan isə beynəlxalq hüquq prinsipləri ilə təsbit olunmuş ərazilərinin bərpasını həyata keçirib. Heç bir dövlətə, o cümlədən Ermənistana qarşı ərazi iddiası ilə çıxış etməyib.
İkincisi, Ararat Mirzoyan Fransanın Cənubi Qafqazda təhlükəsizlik çağırışlarının aradan qaldırılmasına, o cümlədən ədalətli və sabit dünyanın yaradılmasına yönəlmiş xüsusi diqqət və səylərini yüksək qiymətləndirib. Hansı təklif və səylərdən söhbət gedir? Axı Makron hökuməti vasitəçidən çox qatı ermənipərəst mövqeyi ilə seçilib, Ermənistanı silahlandırıb, ərazi bütövlüyünü təmin edən Azərbaycanı hədələyib!
Üçüncüsü, Fransa XİN rəhbəri bəyan edib ki, Qarabağdan köç edənlərə yardımlar artırılacaq. Düzdür, rəsmi Paris müttəfiq adlandırdığı ölkəyə yardım etməkdə sərbəstdir. Ancaq məsələ ondadır ki, 30 ilə yaxın Azərbaycan torpaqları işğal altında qalıb, yüzminlərlə azərbaycanlı öz ev-eşiyindən didərgin salınıb. Fransa nə həmin insanlara yardım edib, nə də hüquqlarının pozulmasından bəhs olunub. Halbuki, münaqişənin nizamlanması ilə məşğul olan dövlət kimi ilk bunu etməli idi.
Dördüncüsü, Fransanın, daha dəqiq ifadə etsək, prezident Emmanuel Makronun Azərbaycan qərəzi tək Qarabağ məsələsində deyil. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel İlham Əliyevi fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etsə də, analoji təbrik Fransadan hələ də daxil olmayıb. Bundan öncə də Fransa ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanı təbrik etməmişdi.
Beləliklə, ümid etmək olardı ki, qatı ermənipərəst XİN rəhbərini əvəz edən Stefan Sejurne Azərbaycanla bağlı Kolonnadan fərqli mövqe nümayiş etdirəcək, münasibətlərin normallaşmasına, sülh çağırışlarına dəstək nümayiş etdirəcək. Lakin bu, baş vermədi. O da Kolonna kimi qərəzli mövqe ortaya qoyub. Görünən də odur ki, Makronun idarəçiliyi dövründə xarici siyasətdə davam edən xətt dəyişməz qalacaq. Bu da o deməkdir ki, xarici siyasətdə uğursuzluqlar davam edəcək. Keçmiş müstəmləkələrdən biabırcasına qovulan Fransanı uğursuzluqlar gözləyir.
Ermənistan isə anlamalıdır ki, Fransa ondan istifadə edir. Rəsmi Paris İrəvanı silahlandırmaqla onu növbəti bataqlığa sürükləyir. Odur ki, Ermənistan Fransanın çirkin və dağıdıcı, riyakar planlarına dəstək verməkdən imtina etməli, regional əməkdaşlığa, sülh prosesinə dəstək verməlidir.
Report.az
Paylaş: