Xəbər lenti

Erməni baş nazirin yeni konstitusiya ilə bağlı xəbərlər fonunda populyarlığı sürətlə azalır, lakin onun rəqiblərinin reytinqi də qat-qat aşağıdır; son vaxtlar isə Qriqoriyanın alternativ kimi adı keçməkdədir; analitik: “Vaşinqton Paşinyanı hakimiyyət içində bir başqa tərəfdarı ilə dəyişməyi ciddi düşünür”

“Əgər bir müddət öncəyədək Nikol Paşinyan öz komandasında şəksiz avtoritet idisə, indi belə deyil. Artıq onun komandanı nəzarətdə saxlamağa gücü çatmır”. “Yeni Müsavat” yazır ki, belə bir iddia ilə erməni siyasi texnoloq Karen Köçəryan çıxış edib. 

“Hamı başa düşür ki, Nikol Paşinyan artıq həmin Nikol Paşinyan deyil, hansının ki, bir müraciəti ilə 2018-ci il oktyabrın 2-də parlament mühasirəyə alınmışdı. O, hətta indi mitinq belə keçirə bilmir. Əgər Nikol Paşinyanın tərəfdarları varsa belə, bu, şübhəsiz, küçələrə çıxıb onun uğrunda mübarizə aparacaq kontingent deyil”, - Köçəryan qeyd edib. Öz növbəsində erməni politoloq Suren Surenyantsa görə, yaxın vaxtlarda Ermənistanda hakimiyyət dəyişikliyi mümkündür. O hesab edir ki, bu il hakim siyasi qüvvə üçün sonuncu il ola bilər: “Paşinyanın Azərbaycanın gündəminə xidmət edən yeni konstitusiya ilə bağlı xəbərlər fonunda populyarlığı sürətlə azalır, onun hərəkətləri və bəyanatları getdikcə adekvatlığını itirir. Bu kontekstdə üç mümkün ssenari gözlənilir: 1.Proseslər Paşinyanın şəxsi təhlükəsizliyindən ehtiyat edərək ölkəni tərk etməsinə səbəb ola bilər. 2. O və partiyası növbədənkənar seçki nəticəsində uğursuzluğa düçar olar. 3. Hakim qüvvənin siyasəti yeni müharibəyə və yeni fəlakətlərə gətirib çıxara bilər ki, bu da istənilən halda Paşinyanın hakimiyyətdə qalmasını şübhə altına alacaq”.

Surenyantsın ehtimalına görə, 2024 hakimiyyət üçün sonuncu il olacaq. “Ermənistanda konstitusiya islahatı həmişə hakim qüvvə üçün fəlakətə çevrilib. Keçmişdən misalları yada salaq, 2015-ci ilin eyni konstitusiya islahatı nəticədə üçüncü prezidentin istefasına gətirib çıxardı. Güman etmək olar ki, ilin ikinci yarısında Paşinyan ətrafında beynəlxalq konsensus pozulacaq. Yeri gəlmişkən, 2021-ci ildə o, bu konsensus sayəsində seçkidə qalib gəlib. Və konsensusu pozmaqdan hakimiyyəti dəyişməyə qədər yarım addım var”, - əlavə edib. Doğrudanmı Paşinyan daha öz komandasında lider deyil və küçə-meydanlara on minlərlə tərəfdar çıxara bilməyəcək? Demək olarmı, Nikolun dövrü bitir? Xatırladaq ki, “Gallup”un az öncə Ermənistanda keçirdiyi son rəy sorğusuna görə, baş nazirə ictimai etimad 15.2 faizə düşüb. Lakin məsələ ondadır ki, onun opponentlərinin reytinqi bundan qat-qat aşağıdır. O zaman müxalifətin sevincinə nə dərəcədə əsas var? Ermənistanda Paşinyana real alternativ varmı? Nəhayət, Nikolun (bu il) getməsi Azərbaycana sərfdirmi? Bakı üçün “Paşinyan 2" kim olacaq? 

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

Analitik Elxan Şahinoğlunun bildirdiyinə görə, “Gallup” mərkəzinin Ermənistanda keçirdiyi sorğunun nəticəsi iki əhəmiyyətli məqamı üzə çıxarıb: “Birincisi, baş nazir Nikol Paşinyana ictimai etimad səviyyəsi azalıb. İkincisi, sorğu nəticəsinə görə, Ermənistanda konstitusiyanın dəyişdirilməsinin əleyhinə olanlar tərəfdarları üstələyib. "Gallup" sorğu mərkəzinin baş ofisi ABŞ-da yerləşir. Qəbul olunub ki, Vaşinqton Nikol Paşinyanı dəstəkləyir və onun Moskva qarşısında zəifləməsini istəmir. Ancaq Vaşinqtonla bağlılığı olan sorğu mərkəzi erməni cəmiyyətinə və beynəlxalq aləmə əks-mesaj verib. Görünür, Vaşinqton Nikol Paşinyanı Ermənistan hakimiyyəti içərisində bir başqa tərəfdarı ilə dəyişməyi ciddi düşünür. Digər tərəfdən, Vaşinqtonun Nikol Paşinyanın yeni konstitusiyanın qəbulu təşəbbüsünü bu vaxta qədər dəstəkləməməsi “Gallup” mərkəzinin bununla bağlı sorğusundan da aydın olur".

Siyasi şərhçi Ramiyə Məmmədova erməni cəmiyyətində bir ümidsizlik və qeyri-müəyyənlik olduğunu hesab edir: “Müharibənin nəticələri erməni xalqı üçün seçim şansı qoymayıb. İndi hakimiyyət dəyişikliyinin baş verməsi iqtidarın köhnə cinayətkarın, radikal millətçilərin əlinə keçməsinə səbəb ola bilər. Bu da həm ölkədə korrupsionerlərin yenidən başa gətirilməsi deməkdir, həm də Qarabağla bağlı növbəti oyunlar, faciələr yaşanması təhlükəsi anlamına gəlir. Ona görə də iqtidar dəyişikliyi yaxında görünmür. Son vaxtlar Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyanın adı hallanır, iddialara görə, Qərb ona dəstək verir. Qriqoriyanın Vaşinqtona səfərləri də intensivləşib. Lakin hazırkı mərhələdə Paşinyanın yerinə onun gələcəyini gözləmirəm”. Ekspert hesab edir ki, Paşinyan incə siyasət yürüdür və xalqı referenduma hazırlayıb qanuna dəyişiklikləri etməyi bacaracaq: “Bunu reallaşdırmaq üçün ən doğru zaman seçimi edəcək. Nikol hələ reaksiyalara baxır, nəbz yoxlayır, keçirilən sorğu da ona düşünmək imkanı verir. Yəni məsələyə bu aspektdən də baxmağın tərəfdarıyam. Hər bir siyasi lider cəmiyyətin təpkisinə baxıb analiz edərək qərar verir. Ermənistanın baş naziri xalqı mərhələli şəkildə sülhə hazırlamağa çalışır və konstitusiya dəyişiklikləri də elə vaxtda baş verəcək ki, cəmiyyətin "tükünü tərpətmək" fürsəti, müqavimət immuniteti olmayacaq. Yəni Paşinyan xalqı təslimçi bir akta imza atmağa aparmır, sadəcə, izah edir ki, nicatımız, dövlətin inkişaf yolu buradan keçir. Əgər etməsələr, münaqişəli vəziyyət davam edəcək. Təbii ki, Nikolun 6 il əvvəlki populyarlığı ola bilməz. 2018-ci ildə inqilabçı görünürdü, cinayətkar bir rejimi devirməyin önündə gedirdi, indi isə müharibədə məğlub olmuş bir kapitulyantdır. Bununla belə, xalqa hesabat verir və əsaslandırır ki, münaqişənin həlli olmadan mümkün deyildi, ondan qabaqkı hakimiyyətlər hər şeyi korlamışdılar. Ümumiyyətlə, heç bir ölkədə siyasi liderin reytinqi davamlı olaraq yüksək qala bilməz. Xüsusən də Paşinyan kimi ziq-zaq siyasəti olan birindən söhbət gedirsə... Ancaq Amerikanı qane etməyən hansı addımlardır ki, Paşinyanı devirmək istəsin? Baş nazir KTMT-dən ayrılmaq, anti-Rusiya ovqatını gücləndirmək üçün hər şeyə gedir. Onun yerinə gələcək siyasi lider daha artığını etmək iradəsinə malik ola biləcəkmi? Ən azından Nikol bir kurs götürüb və relsə düşməkdədir". 

Emil SALAMOĞLU

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 3 329          Tarix: 13-02-2024, 11:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma