Xəbər lenti


 

İraqın nəqliyyat nazirinin müavini Nasir əl-Əsədinin rəhbərlik etdiyi nümayəndə heyəti “İnkişaf yolu” dəhlizi layihəsinin həyata keçirilməsini müzakirə etmək üçün dünən Ankaraya gəlib.

 

Ovqat.com-un məlumatına görə, İraqın Ankaradakı səfirliyi bu barədə yazılı açıqlama yayıb.

 

 Məlumatda bildirilir ki, nümayəndə heyətinə digər rəsmi şəxslərlə yanaşı, layihə rəhbəri Cabbar Nassir də daxildir.

 

İraq nümayəndə heyəti tərəf müqabillləri ilə  “İnkişaf yolu” layihəsinin həyat qabiliyyətini, habelə iki ölkə arasında təmas nöqtələrinin yaradılması ilə bağlı prosedurları və ikitərəfli razılaşmaları müzakirə edəcək”, - yazılı açıqlamada qeyd olunur .

 

Xatırladaq ki, iki dövlət arasında danışıqlar daha əvvəl Ankarada və sonra isə Bağdadda Türkiyə və İraq Xarici İşlər Nazirliyi, kəşfiyyat və Müdafiə idarələri rəhbərlərinin iştirakı ilə başlamışdı. Nümayəndə heyətinin dünən başlayan səfəri də həmin görüşlərdə əldə olunan razılaşmaların detallarını müzakirə etmək məqsədi daşıyır. 

 

Qeyd edək ki, “İnkişaf yolu” dəhlizi layihəsi İraqın cənubundakı Fars körfəzində qurulması planlaşdırılan Büyük-Fav limanından Türkiyə sərhədlərinə qədər uzanan dəmir yolu və avtomobil magistralının tikintisini nəzərdə tutur. Bu layihə çərçivəsində Ümid burnundan Avropaya təxminən 45 gündə və Qırmızı dənizdən isə təxminən 35 gündə həyata keçirilən nəqliyyat müddətinin 25 günə endirilməsi ön görülür. 

 

İraq nəqliyyat naziri Rəzzaq Müheybəs əs-Sədavinin bu yaxınlarda ölkə mətbuatına verdiyi məlumata görə, Böyük Fav limanının 85%-i, dəmir yollarının 55%-i, magistral yolların isə 35%-i tamamlanıb.


 

Dekabrın 19-da Ankarada keçirilən ilk görüşdən sonra Xarici işlər və Müdafiə nazirləri, həmçinin kəşfiyyat və mühafizə agentliklərinin rəhbərləri səviyyəsində ikinci görüş martın 14-də Bağdadda keçirilmişdi. Görüşdə Türkiyə ilə İraq arasında terrorizmlə mübarizə və PKK-nın Şimali İraqdakı fəaliyyəti, habelə ticarət, kənd təsərrüfatı, enerji, su təchizatı, səhiyyə və nəqliyyat sahələrində kommunikasiya əlaqələrinin qurulması üzrə birgə komitələrin yaradılması barədə qərarlar qəbul edilmişdi.

 

Avropanın rus enerji mənbələrindən asılılığını sonlandırmaq, Çin və Hindistanla Avropa arasında qarşılıqlı kommunikasiya əlqalərinin asanlaşdırmaq üçün planlaşdırılan bu layihənin qarşısında dayanan ən böyük problemlərdən biri də Şimali İraqda PKK terror təşkilatının fəaliyyətidir. Bu zamanadək PKK kartından istifadə edərək sözügedən projeyə və Türkiyənin inkişafına mane olmağa çalışan ABŞ da Türkiyə Xarici İşlər naziri Hakan Fidanın və MİT müstəşarı İbrahim Kalının son Vaşinqton səfəri zamanı öz ənənəvi mövqeyindən uzaqlaşmış görünür. Görüşdə əldə olunan razılığın təfərrüatları ilə bağlı heç bir açıqlama verilməsə də hər halda Türkiyə və İraq rəsmilərinin həmin səfərdən sonra bir araya gəlməsi bu ehtimalı gücləndirir. Regionun digər önəmli söz sahiblərindən sayılan İranın da özünə bağlı qüvvələr vasitəsilə müzakirələrə mane olmaması da diqqətçəkicidir. Hətta İraqla Türkiyə arasında aparılan müzakirələrdə İrana bağlılığı şübhə doğurmayan Həşdi-Şabi qüvvələrinin rəhbərliyinin də qatıldığı və PKK-ya qarşı əməliyyata qatılmaq barədə razılıq verdiyi bildirilir.

 

PKK-nı məhvetmə planı

 

Türkiyə İraqın şimalındakı PKK problemini aradan qaldırmaq və Suriyadakına bənzər şəkildə 30 ilə 40 kilometr dərinlikdə bir təhlükəsizlik kəməri yaratmaq istəyir. Ankara bu əməliyyatla İraqın şimalındakı PKK ilə Suriyanın şimalındakı Xalq özünümüdafiə dəstələri (YPG) arasındakı əlaqəni kəsmək istəyir.

 

Türk mənbələrinə görə, aparılan son danışıqlar zamanı Bağdad, PKK-nı rəsmən terror təşkilatı olaraq tanımış və onun İraqın da milli maraqlarını təhdid etdiyini qəbullanmışdır. İraq rəhbərliyi PKK təhdidinin aradan qaldırılmasında su, enerji və yollar da daxil olmaqla hərtərəfli bir çərçivədə əməkdaşlıq etməklə bağlı Türkiyə ilə razılığa gəlmişdir.

 

Hazırda Türkiyə və İraq nümayəndə heyətləri Prezident Ərdoğanın aprel ayında Bağdada planlaşdırılan səfəri zamanı imzalanması gözlənilən bütün bu məsələləri əhatə edən Strateji Anlaşma Memorandumunun hazırlanması üzərində işləyirlər.

 

Şimali İraqla Şimali Suriya arasındakı ərazinin Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə keçirməsinə ABŞ-ın razılıq verməsi başadüşüləndir. Avropanın rus enerji asılılığından xilas olmasının və husilərin nəzarəti altındakı Qırmızı dənizin ticarət gəmilərinə faktiki bağlanmasından sonra başqa alternativ olmadığından, belə görünür ki,  Vaşinqton Türkiyə və İraqın “İnkişaf yolu” layihəsinə razılıq vermək məcburiyyətində qalıb. Odur ki, burada ən maraqlı məqam İranın da bu projeyə yaşıl işıq yandırmasıdır. İraq və Suriya arasındakı keçid zolağına özünün “Şiə hilalı” projesinin “olmazsa olmaz”ı kimi baxan İranın bu səssizliyi maraq doğurur. Görünür, İran da beynəlxalq güc mərkəzlərinin “Şiə hilalı”na razılıq verməyəcəyini, onun indiyədək güvəndiyi Rusiyanın isə başının özünə qarışdığını anlayır və “İnkişaf yolu” dəhlizində yer almağı daha uyğun alternativ kimi görür. Üstəlik, PKK onun da ərazi bütövlüyünü təhdid edir və bu terror təşkilatının tamamilə məhv sıradan çıxarılması Tehranın da maraqlarına cavab verir.

 

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 5 643          Tarix: 27-03-2024, 20:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma