Xəbər lenti

Fransa Azərbaycanla münasibətləri gərginləşdirən addımlar atmağa davam edir. Rəsmi Parisin sonuncu diplomatik həmləsi Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırması olub.

Fransa tərəfi bu addımın “son aylarda Azərbaycan tərəfindən ölkələrimiz arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətlərin davam etməsi ilə əlaqədar” atıldığını açıqlayıb. Halbuki, məhz Fransa Azərbaycanla münasibətləri korlamaq üçün mümkün olan bütün addımları atıb.

Məhz Fransa 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı, ondan sonra Azərbaycanın Laçın-Xankəndi yoluna gömrük-sərhəd nəzarətini, 2023-cü ilin sentyabrında antiterror tədbirləri keçirərək ərazi bütövlüyünü bərpa etməsinə qarşı bütün diplomatik rıçaqlarını işə salıb, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı 7 fərqli sənədin qəbul olunmasına çalışıb.

Azərbaycanı gah hərbi aqressiyada, gah Qarabağda Laçın yolundakı ekoaksiya zamanı “blokada” tətbiq etməkdə, gah da Qarabağda “etnik təmizləmə”lərdə və s. ittiham edən Fransanın bu cəhdlərinin hamısı onun üçün diplomatik fiasko ilə nəticələndi, Fransanın hazırladığı sənədlərin heç biri qəbul olunmadı. Çünki rəsmi Bakı beynəlxalq hüququn normaları və BMT TŞ qətnamələri əsasında tam legitim addımlar atırdı. Azərbaycanın beynəlxalq nüfuzu, dünyada etibarlı tərəfdaş kimi tanınması və Qoşulmama Hərəkatına effektiv sədrliyi də bu diplomatik həmlələrin dəf olunmasında önəmli rol oynamışdı.

BMT ilə yanaşı, Fransa Avropa parlamentindən də Azərbaycana qarşı mübarizə meydanı kimi istifadə etməyə başladı. Bu qurumun son illər qəbul etdiyi qərəzli qətnamələrdə Fransanı təmsil edən deputatların da rolu böyükdür.

Diplomatik təzyiq kontekstində Fransanın 2020-ci il noyabrın 25-də Fransa Senatının hökumətə Qarabağdakı keçmiş qondarma rejimin “müstəqilliyi”ni tanımasına çağırış edən qətnamə qəbul etməsi, həmin dövrlərdə bir neçə senator və deputatın rəsmi Bakının icazəsi olmadan Qarabağa qanunsuz səfər etməsini xatırlatmaq da yerinə düşür.

Azərbaycanı münasibətlərdə birtərəfli addımlar atmaqda ittiham edən Fransanın hələ də Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratmasını qəbullanmadığını qeyd etmək lazımdır.

Məhz bu səbəbdən Azərbaycanın uğurlarını diplomatik yolla önləməyə bilməyən Fransa hərbi sahədə Ermənistana dəstək verməyə, onu silahlandırmağa və Cənubi Qafqazı yenidən militarizasiya meydanına çevirməyə başlayıb. Ermənistana “Bastion” zirehli avtomobillərinin, “GM200” radar sisteminin satılması məhz buna hesablanmış addımlardır.

Bundan başqa, Fransanın Azərbaycandakı casus şəbəkəsinin ifşa edilməsi, Fransanın Bakıdakı səfirliyində fəaliyyət göstərən 2 diplomatın diplomatik statuslarına uyğun olmayan fəaliyyətə görə “persona non grata” elan edilməsi, Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəlinə qarşı vandalizm aktı, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar Fransanın artan qərəzinin nümunələridir.

Son aylarda isə Fransa ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı yersiz olaraq Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə və bölgədə gərginliyi artırmaqda ittiham edir. Göründüyü qədər Fransa Cənubi Qafqazdakı yeni siyasi reallığı qəbul etməkdə hələ də çətinlik çəkir, proseslərə uğursuz müdaxilə cəhdlərinə görə diplomatik stress yaşayır və xaotik addımlar atır. Bakıda diplomatik fəaliyyəti dövründə varlığı ilə yoxluğu bilinməyən səfir Ann Buayonun məsləhətləşmələr üçün geri çağırması bu diplomatik xaotikliyin pik həddi sayıla bilər. Belə olan halda Fransa səfirinin geri çağırılmasına Azərbaycanın da analoji addımla cavab verməsi məsələsi, eləcə də digər diplomatik həmlələr gündəmə gələ bilər.

Bu fonda rəsmi Bakının təmkinli duruşu, proseslərə emosional qiymət verməməsi, Fransanın bütün destruktiv addımlarına adekvat reaksiyası və öz milli maraqlarını qorumaq üçün bütün zəruri tədbirlər görməsi göz önündədir. Çünki Azərbaycan bütün dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmasının tərəfdarıdır.

APA Analytics




Ana səhifəyə qayıt        Baxış: 4 306          Tarix: 17-04-2024, 16:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma