Ermənistanla Azərbaycan arasında sərhəd demarkasiyasının başlanması, artıq 40 sərhəd dirəyinin qurulması bir sıra mətləblərdən xəbər verir. Bununla yanaşı, son dövrlər Ermənistanın siyasi elitasının, xüsusən də Nikol Paşinyanın sülh müqaviləsi və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı bəyanatları da iki ölkə arasında münasibətlərin normallaşma prosesinin elə də uzaqda olmadığına işarə edir.
Eyni zamanda Azərbaycan parlamentində Nikol Paşinyanın COP29 kimi mötəbər tədbirə dəvət edilməsi ilə bağlı səsləndirilən fikir də hadisələrin müsbət tendensiyada davam etməsinə dəlalət edir. Təbii ki, belə bir proses bəzi güclərin və mərkəzlərin planlarını alt-üst edəcək. Bu səbəbdən də prosesi baltalamaq, ləngitmək üçün müxtəlif üsullara əl atılır. Bunların başında isə Ermənistanın Tavuş vilayəti yeparxiyasının rəhbəri Baqrat Srbazan dayanır. Bir müddətdir Tavuş rayonunda iki kənd arasında var-gəl edərək, öz aləmində etiraz aksiyası keçirən və Robert Koçaryanın fraksiyasına məxsus deputatlarla təxribatlar törədən din xadimi artıq marşrutunu dəyişib və İrəvana doğru yürüş keçirir. Bəs Baqratı İrəvana cəlb edən səbəblər hansılardır?
İlk olaraq, söyləmək lazımdır ki, iki həftəyə yaxın Tavuş vilayətində keçirilən aksiyalar heç bir nəticə verməyib. Gözlənilənin əksinə olaraq, 5-10 nəfər yerli sakini və Koçaryanın deputatlarını nəzərə almasaq, aksiyalar heç bir kütləvi xarakter almayıb.
Bundan əlavə, Kirants və Voskepar kəndlərinin nümayəndələri bildiriblər ki, delimitasiya prosesindən razıdırlar. Bildirilir ki, sözügedən ərazidə sərhədin müəyyənləşdirilməsi prosesi uğurla həyata keçirilib. Belə olduğu halda isə Baqratın kimin adından etiraz etdiyi, hansı məqsədə qulluq etməsi barədə suallar yaranır. Çünki Ermənistanda etirazları imitasiya etmək, əsas məqsədi müəyyənləşdirmək, bu proseslərin hansı dairələrə xidmət etməsi barədə çoxlu açıq suallar var.
Hətta Voskepar kəndinin nümayəndəsi bildirib ki, Baqratın nə uğrunda mübarizə apardığı sual altındadır. Bu hadisələrin fonunda isə təbii ki, Srbazan başının dəstəsi ilə aradan çıxmalı, nəzərdən itməli idi. Bu səbəbdən də İrəvan yürüşünə bu kontekstdən yanaşmaq lazımdır. Beləliklə, Tavuşda dəstək ala bilməyən, biabırçılığa məhkum olan yepiskop istiqaməti paytaxta çevirib.
Burada kütləvi mitinqlər keçirmək, təxribat törətmək daha asan görünür. Bundan əlavə, Qalstanyanın Koçaryanla gizli görüşünü də unutmaq olmaz. Ermənistanın ikinci prezidentinin ofisi belə bir görüşün keçirildiyini hər nə qədər təkzib etsə də, KİV-də kifayət qədər materiala rast gəlmək mümkündür. İkili görüşdə uğursuz etirazı İrəvana yönəltmək, 2018-ci il ssenarisini təkrarlamağı qərara alıb.
Bu qərara həm də geriçəkilmə planı kimi də yanaşmaq olar. Əslində etiraz aksiyası başladığı yerdə də bitməli idi. Amma görünür, müəyyən qüvvələr finalı İrəvan üçün fikirləşiblər. Bununla da Srbazan özünü təmizə çıxaracaq, “ali məqsəd”ə çatmaq üçün hər şeyi sınaqdan keçirdiyini bildirəcək. Ssenariyə görə isə, Baqrat və Koçaryan dəstəsi 2018-ci ilin məlum hadisəsini təkrarlamaq, hakimiyyəti ələ keçirmək istəyirlər. Təbii ki, ictimai dəstək və xalqın etimadı olmadan İrəvanda bunu həyata keçirmək qeyri-mümkündür. Eyni zamanda müxalifətin zəifliyi, vahid proqramının olmaması, vəzifə davası güdməsi də sadə erməni vətəndaşının nəzərindən yayınmayıb.
Bununla belə, İrəvanda planlaşdırılan mitinq və aksiya müxalifətin də son ümididir və bu səbəbdən də müxtəlif şəxslər hərəkata qoşulmaq qərarına gəliblər. Məsələn, keçmiş MTN şefi Artur Vanetsyan, siyasətçi Eduard Şarmazanov, hazırda Moskvada Kremlin himayəsində yaşayan, Ermənistanda axtarışda olan Miqran Poqosyan, keçmiş müdafiə naziri Arşak Karapetyan, Mikael Ambartsumyan, Tiqran Urixanyan, Artaşes Qeqamyan, Ayka Babuxanyan kimi şəxslər də dəstəklərini ifadə ediblər.
Eyni zamanda qeyd etmək yerinə düşər ki, artıq erməni kilsəsi də aksiyaya və Baqrata dəstəyini ifadə edib. Ümumi bəyanatla yanaşı, Şirak yepiskopu da yürüşə qoşulanlardandır. Hazırda ABŞ-də yaşayan, Qarabağdakı separatçı rejimin arxiyepiskopu Parqev Martirosyan da Baqratın mübarizəsinə qoşulduğunu elan edib. Amma Birləşmiş Ştatlarda bir villadakı yaşıllıqda açılan zəngin süfrədən dəstək ifadə etmək hansı məntiqə uyğundur, bunu yəqin ki, Parqevin özü də bilmir. Kilsənin bəyanatından sonra bu şəxsin də “dəstək” ifadəsi küləyin hansı səmtdən əsdiyinə işarədir.
Eyni zamanda Kəlbəcər rayonundakı Xudavəng alban monastrına yiyələnmək üçün avtomatla şəkil çəkdirən, ölənə qədər ərazini tərk etməyəcəyini bildirən, sonra isə biabırçı şəkildə Ermənistana qaçan Ohanes Ohanesyanın da adını çəkmək yerinə düşər. Hazırda İrəvandakı kilsələrin birinə sığınan Ohanes də Srbazana qoşulduğunu bildirib və Qarabağ ermənilərini də aksiyaya səsləyib. Maraqlıdır ki, iki həftədir davam edən aksiyalarda gözədəyən Qarabağ ermənisi olmayıb. Bir-iki nəfərin iştirakını və separatçı rejimin deputatlıq həsrətini çəkən, özünün də başa düşmədiyi şeiriyyatla bəyanat səsləndirən Metakse Akopyandan başqa, Srbazan barədə fikir səsləndirən nəzərə dəyməyib.
Tavuş yepiskopu isə 50-100 nəfərdən ibarət dəstə və onları müşayiət edən bir neçə avtomobillə müxalifətə məxsus media səhifələrində “fəğan edir”. Məlum olub ki, İrəvan-Göyçə şose yolunda ixtiyarlarında olan avtomobillərlə yolu bağlayıblar və yaranan süni tıxacı yürüş kimi təqdim ediblər. Amma sonradan çəmənlikdə piknik edərkən çəkilən fotoları onları ifşa edib. Fotolardan isə görünür ki, aksiyaya qoşulanların sayı heç yüz nəfərə çatmır. Tıxaclarda ilişib qalan sakinlər isə Srbazanı “xoş sözlərlə” yad etməkdən belə çəkinməyiblər.
“Vətən naminə Tavuş” hərəkatı isə İrəvana çatmaq üzrədir və yol boyu verilən bəyanatlardan biri diqqəti cəlb edib. Aksiyaya qoşulan din xadimləri jurnalistlərə dəfələrlə qeyd ediblər ki, din xadiminə qarşı zor gücdən istifadə etmək biabırçılıq olacaq. Bu isə artıq hansısa planın tərtibindən və məhz yürüş zamanı təxribat məqsədli zor gücə baş vurulacağından xəbər verir. Ehtimal edilir ki, yürüş iştirakçıları hansısa binanı tutmağa və ya hökumət nümayəndələrinə hücum planlaşdırırlar. Bu adamlar özləri ruhanilərə qarşı güc tətbiqi hallarının olmadığını iddia edirlərsə, niyə güc tətbiqindən danışmağa başlayıblar? Maraqlı suallar çoxdur və 9 may tarixində Srbazan-Koçaryan ittifaqının növbəti planı suya düşəcək...
“Report” İnformasiya Agentliyi
Paylaş: