Gəlinən nöqtə Azərbaycana nə vəd edir...
“Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir”. Bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla mayın 8-də Moskvada keçirdiyi görüşdə deyib.
“Bütün ölkələrimiz (Aİİ ölkələri nəzərdə tutulur - red.), o cümlədən Rusiya və Ermənistan üçün bu beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq müsbətdir. İkitərəfli münasibətlərə gəlincə, onlar da çox uğurla inkişaf edir”, - Putin bildirib.
Öz növbəsində Putinin mətbuat katibi Peskov bildirib ki, Putinin Paşinyanla 8 may görüşü bir saatdan çox davam edib və uğurla başa çatıb. “İkitərəfli münasibətlərdəki problemlər kəskin xarakter daşımır və ikitərəfli əlaqələr zamanı həll olunur”, - o deyib.
Bundan əlavə, bəllidir ki, səfər çərçivəsində avqust ayınadək rus hərbçilərinin İrəvan beynəlxalq aeroportundan çıxarılması haqda razılıq əldə olunub. Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun (EFSD) Şurası isə Ermənistana 100 milyon dollar ayırmaq barədə qərar qəbul edib. Vəsait 2024-cü ilin büdcəsini dəstəkləmək üçün istifadə olunacaq və Ermənistan hökumətinin islahat proqramının həyata keçirilməsi əsasında verilir. Proqrama iqtisadi artım potensialının artırılması, əmək bazarının səmərəliliyinin yüksəldilməsi və davamlı inkişaf üzrə tədbirlərin həyata keçirilməsi daxil edilib.
Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu (EFSD) 2009-cu ildə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya tərəfindən yaradılıb. Fondun aktivlərinin həcmi 9 milyard dollardan çoxdur. EFSD-nin məqsədləri Fondun üzv dövlətlərində iqtisadi və maliyyə sabitliyini təşviq etmək, habelə onların davamlı inkişafına dəstək verməkdir. Fondun maliyyələşməsinin çox mühüm hissəsi Rusiya tərəfindən həyata keçirilir. Yəni Moskvanın razılığı olmadan oradan heç bir layihənin maliyyələşməsi mümkün deyil.
Bu səbəbə Moskva-İrəvan münasibətlərinin indiki mərhələsində İrəvana ayrılan 100 milyon Rusiyanın Ermənistana rüşvəti kimi də qiymətləndirilir. Məsələ burasındadır ki, Nikol Paşinyanın Fondun təsisçisi olan Avrasiya İqtisadi İttifaqının mayın 8-9-da keçirilən iclasına qatılmasından öncə İrəvanın Aİİ-dən çıxmağa hazırlaşdığına dair xəbərlər yayılmışdı.
Bəs 100 milyon dollar cırtdan Ermənistan üçün nə deməkdir? Münasibətlərin yumşalmasındanm danışmaq mümkünmü? Putin Paşinyanla barışdımı? Qərbin son gəlişmələrə reaksiyası nə olacaq? Nəhayət, gəlinən nöqtə Azərbaycana nə vəd edir?
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, kiçikliyindən və ya böyüklüyündən asılı olmayaraq, istənilən dövlət üçün qeyd olunan məbləğ o qədər də çox deyil: “Bu vəsaitlə heç bir dövləti böhran vəziyyətindən xilas etmək olmaz. Təsadüfi deyil ki, Aİ bu pulu Ermənistanın hansısa böhrandan çıxması üçün yox, məmurlarının maaşının bir hissəsini ödəmək üçün verib. Yeri gəlmişkən, Ermənistana heç Qərb dövlətləri də düz-əməlli vəsait ayırmırlar. Xatırlayırsınızsa, Paşinyanın aprelin 5-dəki Brüssel səfərində də Avropa İttifaqı və ABŞ səhv etmirəmsə 240 milyon dollar ayırmışdı. Özü də 4 illiyinə. İllərə böləndə bu cəmi 80 milyon dollar edir. Ermənistanın keçmiş hökumətlərinin adi bir şəhər meri bu qədər pulu bir ilə həzmi-rabedən keçirirdi. İrəvana istər Moskvada, istərsə də Brüsseldə dilənçi payı qədər yardım ayrılmasının səbəbi, məncə, onun bir dövlət kimi öz oriyentasiyasını hələ müəyyənləşdirməməsidir. Ermənistan hakimiyyəti nə Qərbpərəst kimi Qərbpərəst, nə ruspərəst kimi ruspərəstdir. Ölkənin başçısı Rusiya ilə münasibətlərini sıfırlayıb Avropaya bağlanmaq istəyir. Amma bunu həyata keçirmək üçün Avropa və ABŞ-ın əsas tələbini - rus qoşunlarını ölkədən çıxara bilmir. Qərbə doğru kiçik bir addım atmamış ölkədəki rusa bağlı qüvvələr ayağa qalxıb Paşinyanı devirməklə hədələyirlər. Rusiyaya bağlanmaq istəsələr, Moskva da Paşinyan hakimiyyətinə çox güvənmir. Nəticədə iki qütb arasında tərəddüdlü vəziyyətdə qalan İrəvan öz oriyentasiyasını tam müəyyənləşdirə bilmir. Belə qeyri-müəyyənliklərin hökm sürdüyü istənilən ölkəyə isə heç bir dövlət ciddi yardım göstərməkdən çəkinir. Haqsız da deyillər. Heç kim pulunu küçədən tapmayıb. Xüsusilə də Ukraynada və Fələstində ağır döyüşlərin getdiyi, Rusiya ilə bütün ticari əlaqələri məhdudlaşdırdığı üçün ağır iqtisadi böhran keçirən Qərb ölkələri indiki şəraitdə qəpiyini də havaya sovurmaq istəmir. Rusiya da eləcə. Ermənistanın ”özünü axtardığı" bir zamanda bu proseslərin Azərbaycana təsirinə gəlincə, düşünürəm ki, situasiya bizim xeyrimizə cərəyan edir. Rəsmi Bakı fürsətdən istifadə edib İrəvanla ədalətli sülh sazişi bağlamaq barədə düşünməlidir. Amma bu sülh sazişi ermənilərin də ziyanına olmalıdır. Çünki yalnız ədalətli şərtlər altında bağlanan, “qazan-qazan” prinsipinə əsaslanan anlaşmalar qalıcı ola bilər.
Açığı, ermənilərin illərlə artıq davam etdirdiyi düşmənçilik siyasəti onları elə bir vəziyyətə salıb ki, istəsələr də, istəməsələr də Azərbaycan və Türkiyənin aralarında olduqları Türk dünyası ittifaqının təsir dairəsində qalacaq. Düşmənçilik hissələrini unudan yeni erməni nəsilləri regional inteqrasiyaya üstünlük verərək sözügedən coğrafiyanın bir parçasına çevriləcək. Zamanla Cənubi Qafqaz konfederativ bir birlik halına gəlib çıxacaq. Beləcə, Qərbi Azərbaycana qayıdış problemindən tutmuş regionun gerçək liderinə çevrilmək hədəfinə qədər bir çox arzularımız reallaşacaq. Təbii ki, ermənilər də bu hadisələrdən yararlana biləcəklər. Bütün hallarda mən regionumuzun gələcəyinə çox nikbin yanaşıram".
Siyasi şərhçi Paşinyana 100 milyon dollar verilməsini Putinin mərhəməti kimi qəbul etmir. Deyir ki, Putin əlinə fürsət düşən kimi Paşinyandan və Ermənistandan qisas alacaq: “Yaxın tarixi hadisələr göstərir ki, Putin qisası ”soyuq yemək"dən ibarət olur. O tələsmir, müvafiq gördüyü anda zərbə endirir. Bunun ən bariz nümunəsini “Vaqner” komandanı Priqojinin cəzalandırılmasında gördük. Yeri gələndə Priqojinlə aylarla salam-sabahını kəsməyən Putinin bu mövqeyi “üzə ağ olan” aşbazı təyyarə qəzasına uğramaqdan xilas etmədi. Beynəlxalq şərait uyğun olsa, Paşinyan da bir gün cəzalanacaq. Hələlik isə görünən budur ki, Moskva istismara meylli İrəvanı itirmək istəmir".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Paylaş: