Xəbər lenti

Əlikamal Həsənzadə 

Bu əhvalatı mənə yaşlı bir dostum danışıb. Ona da, öz növbəsində, rəhmətlik atası.

"Kəndimiz 30-cu illərin ortalarında gah Ermənistana, gah Gürcüstana ötürülürdü. Sadaxlı ilə həmsərhəd idi, bu səbəbdən bütün alverimiz də Sadaxlıda gedirdi - undan tutmuş barıtacan Sadaxlı bazarından ya da oranın dəmiryolu stansiyasından alırdıq. Meyvə-tərəvəzimizi də satmağa ora aparırdıq. 

Kəndimizdə Qınıx Alı adlı bir dəlisov kişi yaşayırdı. Rayon kənd təsərrufatı idarəsi kəndlilərə o il toxum-gübrə paylamışdı, Alı kişi də, gözünə döndüyüm, Rusiya sortundan olan xiyar toxumu almışdı. Bizim camaat ancaq yelpənək əkib-becərib-yeyib-satırdı, bu yenilikçi Alı isə tikanlı rus xiyarına girişmişdi. 

Günlərin bir günü Alı kişi bostanından 5-6 kilo xiyarı vedrəyə yığıb yollanır stansiyaya, ki özünü Moskva-Yerevan qatarına çatdırsın və bu xiyardan qatar sərnişinlərinə satsın. 

Qatar gəlir, Alı, əlində vedrə, qatarın parovozundan tutmuş ta axırıncı vaqonuna qədər o baş - bu başa yol ölçür və malını reklam eləmək üçün, "Urusski xiyar, urusski xiyar!"- qışqırır. Heç bir vaqondan reaksiya gəlmir və kişi əsəbiləşir: "Ə-ə-ə, eşşək uşağı eşşək, rus xiyarıdı də-ə-ə, niyə almırsız öz po....nuzu?!". 

Parovuzun fiti səslənir, qatar yerindən tərpənir. Alı kişi, hirslənib, xiyarları, söyə-söyə, bir-bir qatarın dalınca atır..."

*****
Ehhh, kaş ki ölkəmiz də nə vaxtsa rus imperiyasının bizdən uzaqlaşan qatarına vida xiyarı ataydı...




Ana səhifəyə qayıt        Baxış: 1 613          Tarix: 7-08-2017, 00:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma