Xəbər lenti


“Ermənistan baş naziri Nikol Paşinyanın İrana səfərində xüsusilə İran dini lideri Ayətullah Xameneinin səsləndiriyi bir çox fikirlər İrəvanı yoxuşa sürmək cəhdindən başqa bir şey deyildi”.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib.

Onun fikrincə, Xameneinin görüş zamanı dilə gətirdiyi 3 mühüm məqam yaddaqalan olub:

“Xamenei ilk növbədə İrəvanın adından danışaraq Zəngəzur dəhlizinin açılmasının ermənilərin milli maraqlarına cavab vermədiyini bildirib. Adama deyərlər, cənab ayətullah həzrətləri, sən kimin dini liderisən – İran müsəlmanlarının, yoxsa ermənilərin? Nəyin ermənilərinin milli maraqlarına uyğun olub-olmadığına, icazənizlə, İrəvan qərar versin. Sən niyə onların adından danışırsan? Maraqlıdır ki, Paşinyan bunu deməyə cəsarət etməyib. Əksinə, Xamenei cənablarının fikirlərini təsdiqləyərək, özünün də heç bir zaman “transregional” dəhliz ideyasını dəstəkləmədiyini vurğulayıb. Bununla da əslində öz Qərb himayədarlarının bu zamanadək söykəndiyi “Azərbaycan sülhü istəmir” arqumentini çürüdüb. Qərbin əsas sülh tələblərindən biri Ermənistanı da beynəlxalq kommunikasiya xətlərinə qoşmaq və bu çərçivədə Zəngəzur dəhlizinin açılmasıdır. Paşinyan isə açıq şəkildə etiraf edib ki, onun özünün də bu niyyəti yoxdur. Belə görünür ki, Paşinyan Qərb layihələrinə sözdə dəstək verərkən səmimi deyil, əksinə, bu kimi ideyalarla manipulyasiya edərək öz tərəfdaşlarından yardımlar qoparmağa çalışır.

Zənnimcə, Nikol Paşinyanın bütün Qərbyönümlü bəyanatlarına baxmayaraq, bu açıqlama Avropa İttifaqı və ABŞ-ın niyə İrəvana gülünc məbləğda yardım ayırmasını izah edir”.

Heydər Oğuz bildirib ki, Xameneinin ikinci mühüm xəbərdarlığı İrəvanın Qərb dövlətlərinin çətiri altına girməsindən Tehranın duyduğu narahatlığı ilə bağlı idi:

“Dini lider bu barədə fikirlərini açıq ifadə etməsə də, “Əcnəbilərin başqa ölkələrin qonşuları ilə münasibətlərində məhdudiyyətlər yaratmasına icazə verilməməlidir”, - deyərək İrəvanı əslində regiona yad ünsürlərlə yaxın münasibətlərdə günahlandırırdı”.

Siyasi şərhçi vurğulayıb ki, Xameneinin Ermənistanın baş naziri ilə görüşdə səsləndirdiyi digər məqam isə Fransada keçirilən Olimpiya Oyunlarının açılışı mərasimində İsa peyğəmbərin aşağılanması ilə əlaqədar idi: 

“Məlum olduğu kimi, Olimpiya oyunlarının açılış mərasimində Leonardo da Vinçinin “Son şam yeməyi” rəsmi parodiya olunaraq Məsihin yerində kök bir qadın göstərilmişdi.

Dini lider də bu hərəkəti müqəddəs şəxsiyyətləri təhqir kimi qiymətləndirir və bunu Paşinyanın diqqətinə xüsusilə çatdırırdı. Bununla da erməni liderini bir uşaq kimi qabağına qoyub danlayır və “kafirlərlə az otur-dur” məsləhəti verirdi. Paşinyanın ağız-ağıza öpüşdüyü liderlərdən birinin Makron olduğunu nəzərə alsaq, Xameneinin bu “valideyn məsləhəti” də əslində Paşinyan üçün arzulamayacağı sürpriz idi. Sanki ona deyirdi ki, gedib peyğəmbərləri aşağılayan birisi ilə öpüşür, sonra nə üzlə qarşıma çıxırsan? Sən ya onlardan ol, ya da bizdən. Eyni anda iki budaqda oturmaq, bir ayağı Qərbdə, digər ayağı Şərqdə dayanmaqla bu qəliz regionda çox dayana bilməzsən”.

Paşinyanın eyni anda iki budaqda oturmaq xasiyyətinin yeni olmadığını bildirən Heydər Oğuz xatırladıb ki, o, İrandan hələ qayıtmamış Senatda Cənubi Qafqazla bağlı dinləmələr keçirilib və toplantıda iştirak edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayen Ermənistanı başqa dövlətlərdən asılılıqdan xilas etməyin vacibliyindən danışıb:

“Ermənistanın iqtisadi və enerji baxımından demək olar ki, tamamilə Rusiyadan asılı olduğunu bildirən O'Brayenin fikrincə, bunun qarşısını almaq üçün onun bu sahələrdəki fəaliyyəti diversifikasiya edilmədir.

Beləcə Paşinyanın rəhbərliyi altında Ermənistanın cəsarətli addım ataraq Rusiyadan ayrılmaq imkanını yaratmaq mümkündür. Ermənistan üçün bunun ən qısa yolu Azərbaycanla bütün düşmənçiliklərini bir kənara atıb sülh sazişi imzalamaq keçir. O isə köhnə düşmənçilikərindən vaz keçməyərək, özünə yeni himayədarlar axtarır. Məhz bu səbəbdən gah İrana, gah Fransaya, gah ABŞ-a, gah da Aİ-yə meyillənir. Nəticədə hansı potensial himayədarının hüzuruna gedərsə, uşaq kimi danlanır”.

E.MƏMMƏDƏLİYEV,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 5 234          Tarix: 31-07-2024, 19:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma