“Ukrayna və Rusiya Federasiyası Kursk vilayətində əsirlərin mübadiləsi ilə bağlı danışıqlara başlayır”.
Musavat.com-un məlumatına görə, bu barədə Böyük Britaniyanın nüfuzlu nəşrlərindən olan “Financial Times” (FT) bildirib.
Ukrayna ombudsmanı Lubinets də bu faktı təsdiqləyib və təşəbbüsün Rusiya tərəfindən gəldiyini bildirib. Onun iddialarına görə, bu, Rusiyanın müharibə başlayandan bəri əsirlərin mübadiləsi ilə bağlı irəli sürdüyü ilk təşəbbüsdür.
Əsirlərin mübadiləsi məsələsi ilə başlayan müzakirələr Ukrayna və Rusiya arasında böyük sülh danışıqlarına çevrilə bilərmi?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında deyib ki, adətən bütün sülh danışıqları bu cür kiçik dialoqlardan başlayır:
“Əsir mübadiləsilə bağlı Moskvanın təşəbbüsü ilə baş tutması gözlənilən danışıqlar sülh istiqamətində ilk addım ola bilər”.
Bununla belə, siyasi şərhçi Ukraynanın Kursk əməliyyatının bütün hədəflərinə çatmadığına və bu hədəflərin böyük qismi reallaşmadan sülh danışıqlarının başlaya biləcəyinə də inanmır.
Bəs bu hədəflər nələrdir?
Heydər Oğuzun fikrincə, bütün hərbi əməliyyatların iki qrup hədəfləri olur:
“Bunlardan biri siyasi, digəri isə hərbi hədəflərdir. Siyasi hədəflərə bəzən strateji, hərbi hədəflərə isə taktiki hədəflər də deyirlər. Kursk əməliyyatının da siyasi və hərbi hədəfləri var. O hədəflərdən bir çoxu artıq reallaşıb. Amma reallaşmayan çox mühüm hədəfləri də mövcuddur”.
Ekspert hesab edir ki, əməliyyatın siyasi hədəflərini belə qruplaşdırmaq olar:
“İlk hədəf Rusiyanın qırmızı cizgilərinin əslində blefdən başqa bir şey olmadığını bütün Qərb dünyasına göstərmək və ondan daha artıq dəstək almaq idi. Prinsipcə, Ukrayna əsgərləri böyük fədakarlıqlar göstərərək böyük ölçüdə bu hədəfə yaxınlaşıblar. Həqiqətən də Rusiya ərazilərinə müdaxilə etmək onun Nüvə doktrinasının həyata keçirilməsi üçün legitim əsas yaratsa da, Moskva buna cəsarət edə bilmədi. Çünki nə ilə qarşılaşacağını bilmir və Kursk əməliyyatının əsas məqsədinin onu nüvə savaşına cəlb etmək olub-olmadığına əmin deyil. Bu qeyri-müəyyənlik Rusiyanı istər-istəməz daha ehtiyatlı olmağa vadar edir. Bununla belə, Ukraynanın bu fədakarlığı Qərbi daha cəsarətli olmağa həvəsləndirmədi də. Əksinə, onun bütün tərəfdaşları verdikləri uzunmənzilli silahlardan Rusiyaya hücumda istifadə edilməsinə qoyduqları qadağanı təkrarladılar. Bu isə onu göstərir ki, Ukrayna Qərb dövlətlərini cəsarətləndirmək üçün daha strateji məkanları ələ keçirməli və Rusiyanın hücumları qarşısında daha uzun müddətə duruş gətirməlidir”.
Heydər Oğuza görə, ikinci siyasi hədəf savaşı Rusiyanın ərazilərinə daşımaq idi:
“Fikrimcə, Rusiya da bunu anlayır və nə qədər çətin vəziyyətdə olsa da, Donbasdakı ordu birliklərinin mühüm hissəsini Kurska daşımaqdan çəkinir. Əksinə, Donbasdakı hücumlarını daha da şiddətləndirərək onun üçün həmin ərazilərin Kurskdan daha az əhəmiyyətli olmadığı göstərməyə çalışır. Bunun səbəbi Rusiyanın ilhaq etdiyi Ukrayna torpaqlarının öz əraziləri olması tezisinə sadiq qaldığını nümayiş etdirməklə əlaqədardır. Rusiya əgər Kursk üçün Donbasdan çıxarsa, deməli, məntiqlə həmin ərazilərdən birinin əsl, digərinin isə qondarma olduğu ilə razılaşmış olar. Ukraynanın da əldə etmək istədiyi siyasi hədəflərdən biri budur”.
Üçüncü strateji hədəfin Rusiyanı gücsüz göstərərək digər iddialı dövlətləri də ona qarşı hücuma həvəsləndirmək olduğuna inanan Heydər Oğuzun fikrincə, Kiyev hələ ki, bu hədəfinə də çatmayıb:
“Baxmayaraq ki, Kiyev bu istiqamətdə əlindən gələni edib. Xüsusilə Kursk savaşı ilə Rusiyanın hərbi gücünün qorxunc səviyyədə olmadığı ortaya çıxdı. Bununla belə, komfort həyat tərzini hər hansı savaşa dəyişmək istəməyən Qərb ölkələri hətta Ukraynanın daha effektiv döyüşməsi üçün onların silahlarından istədiyi kimi istifadə etməsinə razılıq vermir. Çünki müharibənin onlara da sıçraya biləcəyindən çəkinir”.
“Məncə, dördüncü strateji hədəf Ukraynaya gedən yolları bağlamaqdır”, - deyən siyas şərhçi Kiyevin bu istiqamətdə də mühüm addımlar atdığını düşünür:
“Ukraynadan gələn son məlumatlarda bildirilir ki, onun Kurskdakı qüvvələri Snaqost kəndinə yenidən ələ keçirib və ardınca da şərqdən Qluşkovoya hücum əməliyyatına başlayıblar. Onlar həmçinin cənubdan Obodi istiqamətindən hücumun mümkünlüyünü nəzərdən keçirirlər. Rusiya rəsmiləri etiraf edirlər ki, əgər Ukrayna Silahlı Qüvvələri Qluşkovo stansiyasına çata bilsə, o zaman cənub-şərqdə yerləşən rus bölmələri mühasirəyə düşə bilər. Bu, regionun müdafiəsi üçün ciddi təhlükə yaradır, xüsusən də düşmənin Seym çayı üzərindən rus qrupunun təchizatı və yerli sakinlərin təxliyyəsi üçün istifadə olunan körpüləri aktiv şəkildə atəşə tutması fonunda.
Göründüyü kimi, Ukraynanın Kurskdakı müharibəni cənub-şərq istiqamətinə daşımasının bir hədəfi var: rusların logistik imkanlarını tamamilə sıradan çıxarmaq. Burada məqsəd təkcə Kurskdakı rus birliklərini mühasirəyə almaq da deyil. Həm də Ukraynaya gedən mühüm yollardan birini bağlamaqdır. Belə olarsa, Donbasdakı rus qoşunları da faktiki mühasirə vəziyyətinə düşə bilər. Ən azı, onların silahla və qida ilə təchizatında böyük problemlər yaşanar. Bu perspektivlə qarşılaşmamaq üçün işğal altında tutduqları mövqeləri vaxtında tərk etməyə məcbur olarlar”.
Həmsöhbətimizin fikrincə, Ukrayna ordusunun ən mühüm strateji hədəflərindən biri də Kursk AES-i ələ keçirməkdir:
“Bunu bacarsalar, Rusiyanın onlara hücum imkanları da xeyli azalmış olacaq. Əks halda Rusiyanın göbəyində nüvə partlayışı təhlükəsi yaranar ki, Moskva bunun məsuliyyəti altına girmək istəməz. Nəzərə alsaq ki, Kurskdan Moskvaya məsafə cəmi 500 km-dir, bu regionda yaşanan nüvə təhlükəsinin paytaxtı da ayağa qaldırması mümkündür. Üstəlik, Ukrayna qoşunlarının Kursk AES-in cəmi 20 km-liyində olduğu gələn məlumatlar arasındadır. Bu isə onu göstərir ki, Ukrayna bu hədəfinə ciddi şəkildə yaxınlaşıb”.
O ki qaldı taktiki hədəflərə, Heydər Oğuz hesab edir ki, bunlardan yalnız biri əsirlərin mübadiləsidir:
“Bu isə mühüm taktiki hədəf deyil. Daha mühüm taktiki hədəflər var. Məsələn, onlardan biri rus ordusu üzərində psixoloji üstünlük qazanmaqdır. Mental müharibə metodu deyilən bu taktika düşmən əsgərlərinin müqavimət gücünü sındırır və onları ya təslim olmaq, ya da fərarilik etmək məcburiyyətində buraxır. Fikrimcə, Kursk əməliyyatı zamanı Ukrayna qoşunlarının əsir götürdükləri 2000-ə yaxın rus əsgərləri Kiyevin əlində ən yaxşı alətlərdən biridir. Zaman-zaman onların yalvarışlı müraciətini yaymaqla həm rus ordusunda xof, həm də rus ictimaiyyəti arasında ciddi narazılıq yarada bilərlər. Xüsusilə də Rusiyanın elit hərbi birliyi sayılan “Amxat” batalyonunun hərbçilərinin “ictimai istintaqı” Moskvada və Şimali Qafqazda etnik qarşıdurmalar yaratmaq baxımından əvəzedilməz hərb alətidir. Məncə, Ukrayna bu aləti əldən buraxmaq istəməz. Məhz bu və bayaq qeyd etdiyim digər səbəblərdən əsir mübadiləsi danışıqlarının ciddi nəticələr doğuracağına inanmıram. Fikrimcə, Ukrayna tərəfinin təşəbbüsün Rusiyadan gəldiyini açıqlaması da buna xidmət edir. Məqsəd Rusiyanın nə qədər çarəsiz vəziyyətə düşdüyünü nümayiş etdirməkdir. Bu psixoloji savaş taktikaları fonunda Rusiyanın da öz təşəbbüsündə israr etməsi mümkün görünmür”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
Paylaş: