Xəbər lenti


Ukrayna prezidenti Vladimir Zelenski həyat yoldaşı Yelena Zelenskaya ilə birlikdə ABŞ-a rəsmi səfərə gedib. O, əvvəlcə Pensilvaniya, sonra Nyu York və Vaşinqtona səfər edəcək. Bu barədə Zelenski videomüraciətində bildirib. Prezident vurğulayıb ki, hazırladığı “Sülh formulu”nda əsas vəzifə Ukraynanı gücləndirmək, bütün xalqımızı qorumaqdır: “Bu müharibəyə yalnız qlobal iş əsasında ədalətli sülhlə son qoymaq olar”.

  O əlavə edib ki, “Sülh formulu” planını bütün müttəfiq dövlətlərin liderinə göstərəcək və onlardan açıq dəstək istəyəcək. “ABŞ prezidenti Co Baydenin “Ukraynanın Sülh Planı”nı ilk görən şəxs olacağını bildirən Zelenski vurğulayıb ki, yalnız bundan sonra layihə tərəfdaş ölkələrin bütün liderlərinə, ABŞ Konqresinə və hər iki ABŞ prezidentliyinə namizədlərə təqdim olunacaq.

Sual oluna bilər: Zelenskinin “Sülh formulu” hansı prinsipləri ehtiva edir? Bunu sözün gerçək mənasında sülhə doğru atılmış addım saymaq olarmı? Ən əsası, Qərb liderləri, xüsusilə ABŞ rəsmiləri Zelenskinin sülh planına dəstək verəcəklərmi?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Zelenskinin sülh formulu nə qədər gizli tutulsa da, onun bəzi prinsipləri Ukrayna prezidentinin özü tərəfindən şüurlu şəkildə ictimaiyyətə sızdırılıb: “Bizə məlum olan bu prinsipləri sülh formulu adlandırmaq mümkün deyil. Çünki, sülh anlayışı “qarşılıqlı güzəşt” anlamına gəlir. Bu formulda isə Ukrayna üçün hər hansı bir güzəşt nəzərdə tutulmur. Zatən Zelenskinin özü də bu plandan danışarkən onu sülh yox, “Qələbə formulu” adlandırır. Söhbət qələbədən gedirsə, deməli qarşı tərəf üçün məğlubiyyət planı cızılır. Bu baxımdan, Rusiyanın bu planı qəbul edəcəyini gözləmək sadəlövhlük olardı. Məlumdur ki, Ukrayna-Rusiya arasında bağlanacaq istənilən sazişə həmin ölkələr imza atacaq. Deməli, ABŞ-dan, Böyük Britaniyadan və dünyanın istənilən dövlətindən daha çox Rusiyanın və Ukraynanın buna razılıq verməsi tələb olunur”.

 Heydər Oğuzun fikrincə, Ukraynanın müttəfiqləri də Zelenskinin “Qələbə formulu”nun Rusiya tərəfindən mənimsəniləcəyinə, dolayısıyla iki tərəf arasında sülhün bərqərar olacağına inanmırlar: “Ukraynanın müttəfiqləri arasına ən qatı tərəfdarı Böyük Britaniyadır. Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lemmi ölkəsinin “The Guardian” nəşrinə son açıqlamasında Ukraynada müharibənin 2025 və 2026-cı illərə qədər uzanacağını bildirib. Üstəlik deyib ki, qarşıdakı iki ildə döyüşlər daha da dərinləşəcək və mürəkkəbləşəcək. Lemmi ABŞ-ın adını çəkmədən digər müttəfiqləri Ukraynanı dəstəkləməkdə daha cəsarətli olmağa çağırıb. O, eyni zamanda Rusiyanın dərinliyinə zərbə endirmək üçün Ukraynaya icazə verilməsinin vacibliyinə toxunub. Bütün bu faktlar Zelenskinin “Sülh formulu”nun əslində daha geniş müharibə planı olduğundan xəbər verir”.



Siyasi şərhçinin fikrincə, yaxın bir neçə gün ərzində Zelenskinin ABŞ-da aparacağı müzakirələrdə də Rusiyanın dərinliyinə daha ciddi zərbələr vurulması masaya yatırılacaq: “Təsadüfi deyil ki, Ukrayna prezidenti ABŞ-a “əliboş” getməyib. Səfərdən əvvəl Rusiyanın ən azı 3 hərbi arsenalının vurulması Zelenskinin müttəfiqlərinə təqdim edəcəyi planın əyani vəsaiti kimi başa düşülməlidir. Sanki Ukrayna ordusu bu uğurlu əməliyyatları həyata keçirməklə “Qələbə planı”nın fantastika olmadığı göstərməyə çalışıb. Prinsipcə, ABŞ-ın Ukraynadan görmək istədiyi də bu idi. ABŞ rəsmiləri açıq şəkildə bildirirdilər ki, Ukrayna Rusiyanın dərinliyinə zərbələr endirmək planını təfsilatlı şəkildə göstərsin, bundan sonra ona icazə verilib-verilməyəcəyinə baxıla bilər. Zelenski də ABŞ-a təkcə nəzəri ideyalarla deyil, həm də bu ideyaların real nəticələri ilə gedib. Həqiqətən də təkcə Tver vilayətinin Toroperts  şəhəri yaxınlığındakı silah arsenalının partaldılması nəticəsində 30 min tonluq sursat havaya sovrulub. Bu, haradasa 750 min raket və artilleriya mərmisinin eyni anda partlaması deməkdir. Estoniya kəşfiyyat orqanlarının hesablamalarına görə, Kiyev bu zərbə ilə Rusiya Silahlı Qüvvələrinin Ukraynada istifadə etdiyi 3 aylıq mərmi ehtiyatını partladıb. Bəzi mütəxəssislər isə daha böyük rəqəm səsləndirirlər. Onların fikrincə, partlayış nəticəsində üçaylıq yox, birillik silah arsenalı yox olub. Həmin əməliyyatdan 4 gün sonra Ukrayna ordusu daha iki silah arsenalını vurub. Hətta o silah anbarlarından birində Rusiyanın Sarmat adlanan ən güclü nüvə silahının saxlandığına dair fikirlər səsləndirilir. Fikrimcə, Zelenskinin ABŞ səfərindən əvvəl bu təhlükəli əməliyyatların həyata keçirilməsi nəbz yoxlaması idi. Ukrayna bu riskli hücumlarla faktiki olaraq, Rusiyanın “qırmızı cizgilərinin” blefdən başqa bir şey olmadığını əyani şəkildə ortaya qoydu”.

Bütün bu uğurlu “təcrübi” əməliyyatlardan sonra ABŞ-ın da bəhanəsinin qalmayacağını düşünən siyasi şərhçi Zelenskinin Vaşinqton səfərindən istədiyini alacağına inanır: “Açığı, ABŞ-ın indiyədək özünü “naza qoymasının” iki səbəbi olduğunu düşünürəm. Əvvəla, o, bu cür tərəddüdlərlə Ukraynanı real addımlar atmağa təşviq etmək istəyirdi. Bilirsiniz ki, ötən il yayda Ukraynanın keçirəcəyini bildirdiyi əks-hücum əməliyyatında xeyli tərəddüd etdiyi hiss olunurdu. Bəlkə həmin əks-hücum əməliyyatının uğurlu alınmamasında digər amillərlə yanaşı bu tərəddüdlərin də önəmli rolu olmuşdu. Təsadüfi deyil ki, sözügedən əməliyyatdan sonra ABŞ uzun müddət müxtəlif bəhanələrlə Ukraynaya silah yardımını dayandırdı və günahı Trampın “arapozanlığının” üstünə atdı. Düzdür, bu ləngimələrdə ABŞ-ın müharibəni mümkün qədər uzatmaq istəyi də önəmli rol oynamışdı. Amma onun bəhanə ilə Ukraynaya verdiyi mesaj aydın idi: “tərəddüd etsən, səni Rusiya ilə savaşda təkbaşına buraxa bilərik”.

ABŞ-ın “özünü naza qoyması”nın ikinci səbəbi Ukrayna barədə veriləcək qərarın kollektiv şəkildə qəbuluna nail olmaqdır. İndiyə qədərki bütün xarici əməliyyatlara nəzər salanda görürük ki, ABŞ demək olar bütün planlarını kollektiv Qərbin və ya dünya ictimaiyyətinin qərarına çevirmək  xətti tutub. Vaxtilə Əfqanıstana müdaxilə edəndə bunu BMT Təhlükəsizlik Şurasının qərarı ilə həyata keçirmişdi. Eynilə 2003-cü ildə İraqın işğalı da guya, yaradılmış beynəlxalq koalisiyanın birgə razılığı ilə baş verdi. Vaşinqtonun iddiasına görə, həmin koalisiyada 49 ölkə təmsil olunsa da, əslində bütün yük ABŞ və Böyük Britaniyanın üzərində düşmüşdü. Görünür, ABŞ Ukrayna savaşında da eyni motivlərlə hərəkət etmək əzmindədir. O, “özünü naza qoymaqla” əslində Ağ ev mətbəxində bişən yeməyə bütün dünya dövlətlərinin duzunu qatmaq istəyir. Üstəlik, Ukrayna savaşında İran və Əfqanıstandan fərqli olaraq, daha məsum bir əsas da formalaşdırılıb. Guya, bunu ABŞ yox, rus işğalına məruz qalan Ukrayna tələb edir və yeri gələndə Vaşinqton bu savaşa könülsüz, Kiyev istəyir deyə qoşulur.

Heydər Oğuzun fikrincə, ABŞ-ın bu könülsüzlüyü təkcə, məsuliyyət bölgüsündən irəli gəlmir: “Bu həm də dəhşətli itkilərin yaşanacağı Ukrayna-Rusiya savaşına legitimlik qazandırmaq və digər Qərb ölkələrini daha çox silahlandırmaq cəhdidir. Başqa sözlə, ABŞ bu savaşa digər imkanlı dövlətləri cəlb etməklə həm də Ukraynaya satacağı silahları onun çiyinlərinə yükləyir. Bundan əlavə, Qərb ölkələrini öz ətrafında toplayaraq, Rusiya və Çindən ayırır. Beləcə, həm qaz vurub qazan doldurur, həm də dünya hegemoniyasını sürdürür”.

Bütün bu mülahizələrdən çıxış edən Heydər Oğuzun fikrincə, Zelenskinin ABŞ səfərindən sonra Ukrayna-Rusiya savaşında yeni mərhələ başlayacaq: “Böyük ehtimalla, 25 sentyabr tarixində BMT Baş Assambleyası Zelenskinin “Sülh Formulu”nu böyük səs çoxluğu ilə qəbul edəcək. Ardınca ABŞ-ın gedərayaq prezidenti Co Bayden də Ukraynaya əlində Amerika silahlarından istədiyi kimi istifadə etmək icazəsi verəcək. Nəticədə Rusiya-NATO savaşının gerçək üzü ilə qarşılaşacağıq. Yəqin ki, uzun illər davam edəcək bu ağır döyüşlərdə Rusiyanın qalib gəlmək şansının çox olmadığına inanıram. Allah hər iki ölkənin məsum xalqına böyük səbir nəsib etsin”.

 

E.MƏMMƏDƏLİYEV,

Musavat.com

 




Ana səhifəyə qayıt        Baxış: 5 563          Tarix: 23-09-2024, 13:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma