Xəbər lenti

Özünü “demokratiyanın beşiyi” adlandıran Fransa neokolonial siyasətini XXI əsrə daşımış azsaylı ölkələrdəndir. Fransa “Azadlıq, bərabərlik, qardaşlıq” devizi altında artıq 4 əsrdir ki, dünyanın fərqli nöqtələrində yerləşən kiçik ada dövlətlərini öz dənizaşırı müstəmləkəsi kimi istismar edir, yerli əhalinin milli azadlıq mübarizəsini və müstəqillik istəklərini repressiya və güc yolu ilə önləyir.

Karib dənizində yerləşən, turizm üçün ideal məkan hesab edilən Martinik adası da rəsmi Parisin istismarına məruz qalan belə ərazilərindən biridir.

1502-ci ildə Xristofor Kolumb tərəfindən kəşf edilən ada ilk dövrlərdə Avropanın kolonial imperiyaları tərəfindən diqqətdən kənarda qalmışdı. Martinikin yerli xalqlarının əmin-amanlıq dövrü 1635-ci ildə ada Fransa tərəfindən zəbt olunduqdan sonra başa çatdı. 25 il ərzində Fransa müstəmləkəçiliyi yerli hindu xalqının faktiki olaraq məhv olmasına gətirib çıxardı. Bundan sonra, Fransa tropik ağır şərtlər altında şəkər çuğunduru, qəhvə və tütün plantasiyalarında işlətmək üçün adaya kütləvi şəkildə Afrikadan qaradərili qullar gətirməyə başladı.

Paris onların əməyini istismar edərək böyük ticari gəlir əldə etdi, eyni zamanda Martinikin demoqrafik tərkibi tamamilə dəyişdi. Bu gün əhalisinin sayı 400 minə yaxınlaşan ada sakinlərinin 90%-ni Afrikadan iradəsinə zidd olaraq adaya gətirilən qulların törəmələri təşkil edir.

Fransa bu gün də ada sakinləri ilə əcdadları ilə davrandığı qeyri-insani münasibəti saxlayır. Bu siyasəti pərdələmək üçün Fransa dünyada kolonial sistemin tənəzzülə doğru getdiyi bir zamanda - 1946-cı ildə qanunsuz referendum keçirərək Martinikə öz dənizaşırı departamenti statusu verdi. Bununla, Martinik beynəlxalq hüququn və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanındı və idarəçilik baxımından Fransa qanunlarına tam şəkildə tabe edildi. Adadakı dözülməz situasiya barədə yanlış təsəvvür yaratmaq üçün Paris 2003 və 2010-cu ildə adada Fransanın idarəçiliyini möhkəmləndirən, mərkəzi hakimiyyətə daha çox səlahiyyət verən saxta referendumlar da keçirdi. BMT Nizamnaməsinin 1-ci və 73-cü maddələrini, BMT-nin 1514 və 1541-ci qətnamələrini kobudcasına pozan Paris bu gün də adada analoji siyasətini davam etdirir, dünya birliyinin gözündən pərdə asmaqla məşğul olur.

Kolonializmə genetik nifrət edən yerli martiniklilər isə buna hər fürsətdə etiraz edir, öz haqlarının müdafiəsi və müstəqillikləri uğrunda mübarizə aparır.

Amma adanın sərvətlərini - banan, ananas kimi tropik meyvələrini metropoliyaya ixrac edən, buranın turizm potensialından maksimum istifadə edərək gəlirlərini artıran Paris yerli əhalinin iradəsi ilə hesablaşmır, əksinə, planlı şəkildə Martinikada iqtisadi repressiya həyata keçirir, maddi rifahı süni şəkildə aşağı səviyyədə saxlayır. Lakin Fransanın ciddi basqılarına rəğmən, 2021-ci ilin noyabrın 22-də adada mərkəzi hakimiyyət tərəfindən COVID-19-la bağlı xüsusi nəzarət rejiminin təşkil edilməsinə qarşı yerli sakinlərin açıq etirazı baş vermişdi. Uzun fasilədən sonra neokolonializmə qarşı səsini ucaldan martiniklilərin həmin etiraz aksiyaları Fransa polisi tərəfindən amansızlıqla yatırılmış, 11 nəfər həbs olunmuşdu.

Adada sakinlərinin istənilən dinc etirazına məhəl qoymayan rəsmi Paris yalnız zorakılıq və repressiya yolu ilə Martinikdə yaratdığı milli, sosial və siyasi bərabərsizliyi qoruyub saxlamağa çalışır.

Amma artıq Yeni Kaledoniyada başlayan və Fransanın digər dənizaşırı koloniyalarında yaranan müstəqillik hərəkatları Martinik adasında da öz əks-sədasını verdi.

Artıq bir neçə həftədir ki, Fransa Martinikdə etiraz aksiyalarının qarşısını ala bilmir. Adada ağır həyat şərtləri səbəbindən başlayan etirazlar hələ də davam edir. Belə ki, Martinikdə ərzaq məhsullarının qiyməti Fransanın kontinental ərazilərindən 40% daha baha, gəlirlər isə daha azdır.

Bu fonda Martinikin paytaxtı For-de-Fransda, Le-Lamanten şəhərində və digər ərazilərində etirazları yatırtmaq üçün fransızlar ənənəvi güc tətbiqinə üstünlük veriblər. Adanın Fransanın təyin etdiyi canişini, prefekt Jan-Kristof Buvye Martinikdə komendant saatı elan edib, Parisdən 100 nəfərlik jandarm eskadronunun cəlb edildiyini açıqlayıb. Yerli martinikli 15 etirazçı həbs olunub, yaxın vaxtlarda onların sayının kəskin artacağı gözlənilir. Daha 3 martiniklinin güllə yarası aldığını deyən Buvye jandarm qüvvələrinin dinc etirazçılara niyə atəş açdığını isə açıqlamayıb.

Bu fonda Martinik xalqının etiraz addımlarının mahiyyətini Afro-Karib xalqlarının və Resurslarının Müdafiəsi Mərkəzinin (RPPRAC) lideri Rodriq Petito açıq şəkildə ifadə edib.

"Biz iyul ayından bəri iri sahibkarlara qarşı məhkəməyə şikayətlər veririk və onlardan qiymətləri Fransadakı qiymətlərə uyğunlaşdırmalarını xahiş edirik. Eyni şəxsiyyət vəsiqələrinə sahibik və başa düşmürük ki, niyə ərzaq üçün eyni qiymətlərə sahib ola bilmirik", - o deyib.

Martinikin ancaq materik Fransası ilə ticarət etməsinə icazə verilməsi, digər ərazilərlə iqtisadi əlaqələr saxlamasına imkan yaradılmaması və Martinikdə olan böyük ticarət şəbəkələrinin etnik fransızlara mənsub olması, onların bu siyasətdən çoxlu gəlir əldə etməsi etirazları körükləyən əsas səbəblər sayılır.

Görünən odur ki, 400 ilə yaxın bir dövrdə Fransanın əsarət altında saxladığı Martinik adası artıq müstəqil olmaq, Fransa əsarəti altından çıxmaq istəyir. Öz müqəddəratını özü təyin etmək istəyən martiniklilər dünya birliyi, Nizamnaməsi Fransa tərəfindən kobud şəkildə pozulan BMT və digər aparıcı beynəlxalq təşkilatların dəstəyinə ehtiyac duyur. Həmin dəstək olmayacaqsa, demokratiya və insan haqlarından danışan aparıcı beynəlxalq təşkilatlar və dövlətlər yenə də ikili standartlarla hərəkət edəcəksə, bu, onların nüfuzuna növbəti zərbə olacaq.

APA Analytics




Ana səhifəyə qayıt        Baxış: 5 567          Tarix: 24-09-2024, 12:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma