ABŞ və Qərb Rusiyadan sülhü Ukrayna əraziləri hesabına "satın almağa" çalışır, ancaq bu "hərbi-siyasi bazarlıq"da NATO-nun bu ölkəyə yerləşməsinə Kremlin verəcəyi reaksiya daha böyük əhəmiyyət daşıyır... Kreml bu təklifi Rusiyaya ən real təhlükə hesab edərək, geri də çevirə bilər, deməli, bu halda, rəsmi Kiyevin NATO üzvlüyü barədə icra edilməyəcək ənənəvi vədlərlə ABŞ və Qərb tərəfindən aldadılması da tamamilə mümkündür...
Ukrayna savaşı ətrafında situasiya böyük sürətlə dəyişməkdə davam edir. Belə ki, bir müddət öncə Ukrayna ordusu Rusiya ərazisində bəzi önəmli bölgələri hərbi nəzarət altına almağa nail olmuşdu. Hazırda Ukrayna ordusu həmin Rusiya ərazilərində daha uzun müddət üçün döyüş mövqelərini möhkəmləndirməyə çalışır. Halbuki, Ukrayna ordusunun malik olduğu döyüş potensialı hələlik buna yetərli imkanlar vermir. Və bu baxımdan, rəsmi Kiyev israrla Qərb siyasi dairələrindən əlavə hərbi texnika tələb edir.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Kiyevi çətinə salan məqamlardan biri də Rusiyanın Ukrayna ərazisində hücum taktikasına keçmək cəhdləri ilə birbaşa bağlıdır. Çünki Ukrayna ordusu eyni vaxtda iki cəbhədə savaşmaq məcburiyyətində qalıb. Üstəlik, hər iki cəbhədə həm canlı qüvvə, həm də hərbi texnika itirir. Və belə situasiyada Ukrayna ordusunun hər iki cəbhə üzrə yüksək savaş potensialını qoruya bilməsi olduqca ağır problemdir.
Təbii ki, belə vəziyyətdə ABŞ və Qərbin yetərli dəstəyi olmadığından Ukrayna ordusu Rusiyanın hər iki istiqamət üzrə paralel hücumlarına tab gətirməkdə ciddi çətinliklərlə üzləşir. Rəsmi Kiyevin Qərbdən daha müasir hücum silahları ilə bağlı tələbləri, eləcə də, Kremli daxili xaosa sürükləmək məqsədilə Rusiyanın dərinliklərinə zərbə icazəsi barədə müraciətləri hələlik cavabsız qalmaqdadır. Və nəticədə Ukrayna ordusu növbəti dəfə Rusiya ilə savaşda məhdud imkanlar çərçivəsində davam etməyə məcburdur.
Qərb siyasi dairələri Ukrayna ordusunun ən yaxşı halda, gələn il yenidən hücum əməliyyatlarına başlaya biləcəyini vurğulayırlar. Onların qənaətinə görə, məhz bir neçə aydan sonra Ukrayna ordusunu növbəti hücum əməliyyatlarına hazırlamaq mümkün ola bilər. Çünki buna yalnız Ukrayna ordusu deyil, elə Qərb ölkələri də intensiv şəkildə hazırlaşmalı olacaq. Xüsusilə də, silah-sursat və hərbi texnika tədarükü üçün ABŞ və Qərbin müəyyən zamana ehtiyacı var. Və Ukrayna savaşı ilə yanaşı, daxili hərbi təhlükəsizlik xərclərinin də artması Qərbin rəsmi Kiyevə dəstək potensialını məhdudlaşdırır.
Ancaq Qərb siyasi dairələri hələlik bu barədə danışmaq istəməsələr də, Ukraynaya təhlükə yaratmağa başlayan daha bir problem ortaya çıxmağa başlayıb. Belə ki, Yaxın Şərqdəki hərbi böhran tədricən qlobal savaşa çevrilmək istiqamətində inkişaf edir. Ona görə də, hazırda ABŞ və müttəfiqləri əsas hərbi-siyasi diqqəti məhz Yaxın Şərqdə baş verənlərə yönəltməyə üstünlük verirlər. Və bu baxımdan, Ukraynaya nəzərdə tutulmuş hərbi dəstəyin əhəmiyyətli bir hissəsinin Yaxın Şərq hərbi böhranına sərf edilməyə başlandığı müşahidə olunur.
Belə anlaşılır ki, ABŞ və Qərb üçün Ukrayna savaşı öz əhəmiyyətinə görə daha arxa plana keçirilməkdədir. Üstəlik, Ukrayna savaşından yorulmuş Avropa Birliyi də bundan sonra rəsmi Kiyevə hərbi dəstək deyil, maliyyə kreditləri vermək niyyətində olduğunu sezdirir. Yəni, Qərbdə bəziləri Ukrayna savaşından uzaqlaşmağa çalışırlar. Onlar bu savaşa boşuna maliyyə vəsaiti xərcləmək istəmədiklərini sezdirirlər. Və ABŞ-da Donald Trampın hakimiyyətə qayıdışı ilə Ukraynaya yatırılan hərbi sərmayələrin batacağını düşünürlər.
Maraqlıdır ki, Yaxın Şərqdəki hərbi böhrana müdaxilənin saha önəmli olması və Donald Trampın seçkilərdə qələbə ehtimalı Qərb siyasi dairələrini öz mövqelərinə yenidən məcburiyyətində buraxıb. Bu iki faktorun ağır təsir yükü Qərbdə Ukrayna savaşı ilə bağlı Donald Trampın həll variantını ortaq hədəfə çevirməyə başlayıb. Belə ki, Qərbdə artıq Donald Trampın bu savaşı Ukraynanın ərazi bütövlüyü hesabına dayandırmaq ideyası fəqrli məzmunda ön plana keçirilməkdədir. Və bu, hətta NATO-nun keçmiş baş katibi Yens Stoltenberqin vasitəsilə gündəmə gətirilib.
Onu da qeyd etmək lazımdır ki, Yens Stoltenberq yenicə öz postunu yeni NATO baş katibinə təhvil verib. Bu baxımdan, Qərbin Ukrayna savaşı ilə bağlı bütün planlarından tam xəbərdar olduğunu üçün Yens Stoltenberqin gündəmə gətirdiyi məqamların məqsədli şəkildə onun dilindən səsləndirilməsi anlamı da daşıyır. Və NATO-nun keçmiş baş katibinin dedikləri Ukrayna üçün təhlükəli mərhələnin başlandığını düşünməyə əsas verir.
Məsələ ondadır ki, Yens Stoltenberq Ukraynanın öz ərazi bütövlüyünü bərpa etmədiyi halda belə, NATO-ya üzv qəbul edilə biləcəyini vurğulayıb. Ancaq bu halda, Ukraynaya veriləcək təhlükəsizlik təminatının itirilmiş bölgələrə aid olunmayacağını, yalnız rəsmi Kiyevin nəzarətində olan ərazilərə tətbiq ediləcəyini bildirib. Əslində, bu, dolayısı ilə Donald Trampın Ukrayna əraziləri hesabına sülh modelinin fəqrli məzmunda təkrar edilməsi deməkdir. Və bu, Qərbin Ukraynanın ərazi itkiləri ilə barışdığı anlamı daşıyır.
Böyük ehtimalla Qərbdə Rusiyanın ciddi şəkildə zəiflədildiyini düşünürlər. Ona görə də, Kremlin Ukraynanın NATO-ya üzvlüyünə sərt müqavimət reaksiya imkanlarını artıq istisna edirlər. Üstəlik, bu model Rusiyaya Ukrayna əraziləri hesabına öz sərhədlərini genişləndirmək imkanları da verir. Ona görə də, Qərbdə hesab edirlər ki, Rusiyanın indiki çöküş mərhələsində Kremlin belə uduşlu sülh variantı ilə razılaşmaq məcburiyyətində qalması qaçılmazdır. Və Qərb siyasi dairələri Ukrayna savaşının durmadan artan yükündən xilas olmaq üçün bu variantı sınaqdan çıxartmağa cəhd göstərirlər.
Maraqlıdır ki, NATO-nun keçmiş baş katibi Ukrayna üçün nəzərdə tutulan təhlükəsizlik təminatının digər örnəklərinin olduğunu da vurğulayıb. O, bildirib ki, ABŞ Yaponiyaya təhlükəsizlik təminatı verib, ancaq bu, Rusiya ilə mübahisəli Kuril adalarını əhatə etmir. Yəni, ABŞ və Qərb o qədər də uyğun gəlməyən Yaponiya örnəyi ilə həm Ukraynanı, həm də Rusiyanı sülh sazişinə hazırlamağa çalışır. İlk baxışda hətta hər iki tərəfi şirnikləndirməyə də cəhd göstərir. Yəni, Rusiya əlavə ərazilər qazanacaq, Ukrayna isə NATO-ya üzv ola biləcək. Halbuki, bundan ən böyük uduş Rusiyanın sərhədlərində - Ukraynada birbaşa yerləşmək hüququ qazanacaq NATO-nun, yəni ABŞ və Qərbin payına düşəcək.
Belə anlaşılır ki, ABŞ və Qərb Rusiyadan sülhü Ukrayna əraziləri hesabına satın almağa çalışır. Yalnız bu "hərbi-siyasi bazarlıq"da NATO-nun Ukraynaya yerləşməsinə Rusiyanın verəcəyi reaksiya daha böyük əhəmiyyət daşıyır. Çünki Kreml bunu Rusiyanın gələcək taleyinə ən real təhlükə hesab edərək, Qərbin təklifini geri də çevirə bilər. Bu halda, əgər, Qərb bu savaşdan həqiqətən çıxmaq istəyirsə, onda, yalnız Ukrayna ərazilərinin güzəştə gedilməsi ilə kifayətlənmək məcburiyyətində də qala bilər. Və deməli, rəsmi Kiyevin NATO üzvlüyü barədə icra edilməyəcək ənənəvi vədlərlə aldadılması da tamamilə mümkündür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Paylaş: