ABŞ özünün ən güclü hava hücumundan müdafiə sistemlərindən olan THAAD (Terminal Yüksək Hündürlük Sahəsi Müdafiəsi) batareyalarını Yaxın Şərqə yerləşdirmək qərarına gəlib.
Ovqat.com-un məlumatına görə, bunu ABŞ-ın Müdafiə naziri Lloyd J. Austin yaydığı bəyanatında bildirib.
Pentaqonun rəsmi səhifəsində paylaşılan bəyanatda THAAD sistemlərinin İran və müvəkkillərindən gələcəyi düşünülən hücumların qarşısını almaq üçün bölgəyə göndərildiyi vurğulanır:
“Prezident Bayden ilə İran və onun Yaxın Şərq regionunda müvəkkil qüvvələrinin son eskalasiyası ilə bağlı ətraflı müzakirələrdən sonra bu gün mən Müdafiə Nazirliyinin bölgədəki mövqeyini daha da gücləndirmək üçün bir sıra əlavə addımlar atmaq göstərişi verdim. Bu addımlar regional çəkindirmə səylərini gücləndirəcək, bölgədəki ABŞ qüvvələrinin müdafiə gücünü artıracaq və İsrailin qorunmasına kömək edəcək.
İlk olaraq, mən “USS Dwight D. Eisenhower” Daşıyıcı Hücum Qrupunun hərəkətini Mərkəzi Komandanlığın məsuliyyət zonasına yönləndirdim. Bu aviadaşıyıcı zərbə qrupu hazırda Şərqi Aralıq dənizində fəaliyyət göstərən “USS Gerald R. Ford Carrier Strike Group”-a əlavədir. Bu, gücümüzü daha da artıracaq və bir sıra gözlənilməz vəziyyətlərə cavab vermək imkanlarımızı və qabiliyyətimizi gücləndirəcək.
Mən həmçinin ABŞ qüvvələri üçün mühafizə gücünü artırmaq üçün “Terminal Yüksək Hündürlüklü Sahənin Müdafiəsi” (THAAD) batareyasının, eləcə də əlavə “Patriot” batalyonlarının regionda yerləşdirilməsini aktivləşdirdim.
Nəhayət, ehtiyatlı fövqəladə halların planlaşdırılmasının bir hissəsi kimi əmrləri yerləşdirməyə hazırlaşmaq, onların hazırlığını və tələb olunduqda tez cavab vermək qabiliyyətini artırmaq üçün əlavə sayda qüvvələr yerləşdirdim.
Mən regionda güc mövqeyimizə olan tələblərimizi qiymətləndirməyə davam edəcəyəm və zəruri hallarda əlavə imkanların tətbiqini nəzərdən keçirəcəyəm”.
Məlum olduğu kimi, İsrail HƏMAS-ı yox etmək üçün Qəzzada quru hərəkatına başlamağı planlaşdırır. Bu isə İrana bağlı qüvvələrin də savaşa qatılacağı ehtimalını gücləndirir. Vaşinqton bu hücumların qarşısını almaq üçün özünün iki ən böyük təyyarə gəmilərini Aralıq dənizinə göndərmişdi. Bununla kifayətlənməyib hava hücumundan müdafiə sistemlərini də Yaxın Şərqə göndərməsi İranın ehtimal olunan cavab zərbələrinin güclü ola biləcəyindən xəbər verir.
Qeyd edək ki, ABŞ-ın hava hücumundan müdafiə sistemləri 4 qatmandan ibarətdir. Ən yüksək hündürlüyə malik müdafiə sistemi AEGIS-dir. Əsasən savaş gəmilərinə quraşdırılmış bu sistemlər qurudakı bəzi hərbi bazalara da yerləşdirilib. Nəzəri olaraq, bu sistemdə hər hansı bir məsafə məhdudiyyəti yoxdur, çünki bu sistemlə təchiz edilmiş hər hansı bir döyüş gəmisində quraşdırılmış SM-3 raketləri 1000 km-dən hündür uçuş məsafəsinə malikdir. Bu isə o deməkdir ki, AEGIS sistemi ilə atmosferdən kənarda hədəfləri vurmaq mümkündür.
ABŞ hava müdafiə sistemində hündürlük baxımından ikinci qatmanda THAAD müdafiə sistemləri gəlir. THAAD Müdafiə sistemlər 200 km-lik mənzilə ve 150 km-lik hündürlüyə çıxmaq potensialına malikdir.
Üçüncü qatmanda “Patriot” müdafiə sistemləri dayanır. “Patriot”lar qısa mənzilli raketləri və təyyarələri zərərsizləşdirmək üçün nəzərdə tutulub. Mənzili hardasa 160 km, hədəfləri isə təyyarələr, taktiki ballistik raketlər, qanadlı raketlər və PUA-lardır.
Dördüncü qatmanda isə beldən atılan “Stinger”lər gəlir. Mənzili 1km-dən – 5 km-ə qədərdir.
ABŞ Hava Hücumundan Müdafiə Sistemlərinin ilk 3 qatmanı vahid mərkəzi radar sistemləri tərəfindən idarə olunur. Ən yüksəkdən uçan hədəflər AEGIS sistemi tərəfindən, onu keçə bilənlər isə THAAD –lar tərəfindən zərərsizləşdirilir. Hədəflər bu mərhələni keçməyi bacarsalar, o zaman “Patriot”lar dövriyyəyə daxil olur.
ABŞ-ın THAAD sistemlərini Yaxın Şərqə göndərməsi o anlama gəlir ki, İsrailə İrandan gələ biləcək raketlər ilk əvvəl bu maneələrlə üzləşəcək, onları keçəcəyi təqdirdə isə mənzili 40 km-ə sahib olan “Davudun sapandı” və “Dəmir Qübbə” kimi müdafiə çətiri ilə üzləşəcək.
Onu da qeyd etmək yerinə düşərdi ki, ABŞ-ın ən yüksək hündürlüklü hava hücumundan müdafiə sistemi sayılan AEGIS-lər İsrail sahillərinə göndərilən gəmilərdə də var. Bir sözlə, Fələstinə qarşı quru hərəkatı başlayacağı təqdirdə savaşa İrana bağlı qüvvələr də qatılarsa, İsrail ən azı 5 müdafiə çətiri ilə (3-ü ABŞ-ın yuxarıda sadalanan sistemləri, digər 2-si isə “Davudun sapandı” və “Dəmir Qübbə”) müdafiə olunacaq.
Paylaş: