Xəbər lenti

 Azərbaycanda ixtiraçılıq niyə qeyri-rəsmi qadağan olunub?!

Nemət Pənahlı ilə budəfəki söhbətimiz tamam başqa bir sahədəndir. Bu dəfə ixtiradan, kəşflərdən, elmdən danışırıq. O da tam təsadüfi bir ziyarətdən qaynaqlandı. Soyuq qış günlərinin birində Nemət Pənahlının evinə getdim. Bizim tez-tez qarşılıqlı çay süfrəsi ətrafında millətin və dövlətin taleyindən söhbətlərimiz olur. Belə söhbətlərdən birində Nemətin evində bir qızdırıcı soba gördüm və bu haqda dərhal bir canlı yayınla söhbət etdik. Bu söhbət ictimaiyyətdə şimşək effekti verdi və bir neçə dəfə mövzuya qayıtmalı olduq.

Söhbətləşdikcə söhbətin sadəcə bəsit bir soba ilə kifayətlənmədiyini gördüm. Söhbət daha dərin idi. Söhbət Azərbaycan İxtiraçılar Birliyinə və onların həllini gözləyən ciddi problemlərinə qədər gedirdi və Nemət Pənahlı ilə bu söhbəti etməyə qərar verdik. Bu söhbət o söhbətdir. İxtiraçılıqdan, əslində dünya millətlərinin əksəriyyətinə qadağan olunan bir sahədən danışmaq elə də asan deyil. Hələ bu qadağanın burnumuzun dibinə qədər gəldiyini görmək və hadisələrin canlı şahidi olmaq adamın bağrını partladır. Bizə də qadağan olunub ixtiraçılıq. Bizim də elmimizin başı qatışdırılıb. Ciddi işlərlə dünyanın ciddi millətləri – ya da özünü elə hesab edənlər məşğul olmalıdır. Söhbətlərdən belə çıxdı.

Nemət Pənahlı məni uzun illər bundan əvvəl də İxtiraçılar İttifaqının sədri Tofiq İmaməliyev adlı bir adamla tanış etmişdi. İndi də görüşdük Tofiq müəllimlə. Elə söhbətlər açıldı ki, matım-qutum qurudu. Təkcə sadə bir soba məni heyrətləndirmişdi, amma Nemət Pənahlı və Tofiq İmaməliyevlə söhbət həm də düşündürdü. Gör iş nə yerdədir ki, bu ölkədə Yazıçılar Birliyinin, Bəstəkarlar İttifaqının, Rəssamlar Akademiyasının binaları təmir olunur, onların hər işi təşfiq olunur, dövlət büdcəsindən onlara pul ayrılır, amma İxtiraçılar İttifaqına nəinki yardım göstərilir, hətta əlindən qərargahı alınır. Və bu boyda Birlik küçələrə tökülür. Təkcə bu fakt göstərir ki, İxtıraçılıq bizə qadağan olunub. Dünyanın bəzi işlərini görən millətlər bu sahəni bizə qadağan etdirib tamamilə unutdurmaq istəyir. Ona görədir bu qurumun qərargahının əlindən alınıb, əməkdaşlarının küçələrə tökülməsi…

Menyüdə isə çox şey var. Sobadan ən müasir silahlara, ağır xəstəliklərin və yanıqların sürətlə sağalmasından daha nə qədər yeni-yeni ixtiralara. İndi Azərbaycan ixtiraçıları ümidlərini tamam üzüblər Azərbaycan hakimiyyətindən. Cəmiyyətin digər bir çox nümayəndələri kimi onlar da üzlərini Türkiyəyə, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana tutublar. Çünki Türkiyənin yeni siyasəti ixtiraya və ixtiraçılığa qapılarını taybatay açıb. Nə həzindir ki, son zamanlara qədər ixtira Türk milləti üçün də qadağan olunmuş sahələrə aid idi. Ancaq görünür ki, Türkiyə o qabıqdan çıxır. Gələcəyin necə olmasından asılı olmayaraq, Türkiyədə şiddətli bir müqavimətin olduğu hiss olunur, ancaq nə yazıqlar olsun ki, bunu bizdə görmək mümkün deyildir!

Beləcə, bu dəfə Nemət Pənahlı ilə ixtiraçılıqdan və bu sahədəki problemlərdən danışacağıq. Nemət danışdıqca təəccüblənməmək mümkün deyil. Hələ savaşın qızğın zamanında yeni silah növlərinin istehsalı və onun hətta sınaqdan çıxarılması mümkün olub. Amma zamanın baş nazirləri projenin qarşısını alıblar. Sürət Hüseynov “bizə silah istehsalı lazım deyil”, Fuad Quliyev isə “mənim dərdim 5-6 milyon pul yığmaqdır, hökumət yoxdur” sözləri ilə məsələyə nə qədər dırnaqarası baxdıqlarını göstəriblər. Vəssalam. Bu da belə…

Yenə də çox maraqlıdır bu müsahibə. Azərbaycanın ən zor günlərinin tarixidir həm də. Buyurun, İxtiraçılar İttifaqının adlarından danışmaq səlahiyyəti verdikləri Nemət Pənahlının ixtiraçılıq haqqında dediyi qandondurucu gerçəkləri dinləyin…

“Sözüm var” layihəsində Nemət Pənahlıdır…

Əvəz Zeynallı

“Sözüm var”

 

I hissə

 

Nemət Pənahlı ixtira üzərinə söhbətdə dedi ki:

– Əsrlər boyu bizə yalançı ideologiyalar sırıyıblar

– Elmə bu qədər dəyər verən dinin insanları niyə bu gündəyik?

– 1990-cı ilin yanvar ayının 13-də, Milli Müdafiə Şurası yaradılanda dilemma qarşısında qalmışdıq – özümüzü nə ilə müdafiə edək?

– Səttarxan zavodu qərar çıxarmışdı ki, silah istehsal eləsin və mən bu haqda 13 yanvarda “Azadlıq” meydanında keçirilən mitinqlərdəki çıxışımda demişdim. O zaman dedim ki, silah yaradılması ilə bağlı bilgili insanlar bizə müraciət eləsinlər. O zamandan da Azərbaycan ixtiraçıları ilə əlaqəyə girdim.

– Hegemon millətlər, imperialist güclər onu aşılayırlar ki, ixriraçılıq özəl insanlara məxsusdur, bunlar gərək anadan ixtiraçı doğulsunlar və yaxud bunlar xüsusi seçilmiş millətlərə məxsusdur.

– Tofiq İmaməliyev 2 kəşfin və yüzlərlə ixtiranın müəllifidir, o, eyni zamanda bütün SSRİ məkanında ixtiraçılığın metodologiyasını quran adamdır. O, sübut edir ki, istənilən insanı ixtiraçı etmək mümkündür. İstənilən düşünən insan ixtiraçı ola bilər.

– Bilirdim ki, 2-ci Dünya Müharibəsində Azərbaycanda – Səttarxan zavodunda silah istehsalı olub

– 250-300 ov tüfəngi əldə etdik. Bunun içərisinə lülə qoymaqla beşaçılan, ya da pulemyot patronu atmağa çevirdik. Və yaxud təxminən 300-ə yaxın tədris silahları yığdıq, onu çevirdik “boyevoy” silaha. Oradan başladı mənim ixtiraçılığım və illərlə davam etdi. 25 ildən çox vaxtım ixtiraçılarla bir yerdə keçib.

– Ağılla güc qayçının iki tərəfidir – birləşəndə haqsızlığı və zülmü kəsə bilir

– Elmi-texnoloji inkişafı olmayan millətin gələcəyi yoxdur

– Qarşımızda açılan era kəşflər və ixtiralar dövrüdür, hansı millət, hansı ölkə bunu anlayacaqsa, o yaşayacaq, bu dünyaya yön verəcək, hansı millət, hansı ölkə bunu anlamadısa, dərk etmədisə, o məhvə məhkumdur. İstəyirsən, torpaqların qızıl olsun, çayların, dənizlərin, okeanların neft olsun, bunlarla millət inkişaf etməz.

– İntellektual sərvət yegənə sərvətdir ki, istifadə etdikcə artıq

– 1994-cü ildə müharibə gedən zaman ixtiraçılarla danışdım ki, biz tərksilah vəziyyətindəyik, nə edə bilərik? Müdafiə sistemimizi qurmaq lazımdır. Onlar qısa zamanda ixtira etdilər. İxtiranın mahiyyəti bu idi: Döyüş meydanında bir tanka bərabər silah. Bir tankın qiymətinə 300-400 ədəd silah istehsal etmək mümkün idi – istənilən dağın başında, istənilən meşədə, istənilən dərənin dibində. Yəni bunun xüsusi sənayesini qurmağa ehtiyac belə yox idi. İstənilən yerdə bir həftənin içərisində qurulacaq silahdan söhbət gedir.

– 1994-cü il, dekabrın 31-də həmin silahı poliqonda sınaqdan keçirdik – bu sınağın videosənədləri də var. Rəsmi rəy aldıq ki, bu silah dünyanın heç bir ordusunda yoxdur, bu silah hava və su kimi Azərbaycan ordusuna lazımdır. Bu haqda prezident Heydər Əliyevə məruzə olundu. Heydər Əliyev tapşırıq verdi ki, gedib Baş nazir Sürət Hüseynovla görüşüm və bu silahın kütləvi istehsalı məsələsini müzakirə edim.

– 3-4 saatlıq müzakirələrin sonunda Sürət Hüseynovun son sözü bu oldu ki, “Maa elə gəlir, Azərbaycan silah istehsal etməli deyil, silah almalıdır.”

– Sürət Hüseynovdan sonra Baş nazir təyin olundu Fuad Quliyev və yenə də uzun müzakirələrdən sonra Heydər Əliyev tapşırıq verdi ki, gedin, Fuad Əliyevlə bu məsələni həll edin.

– Sürət Hüseynovla Baş nazirin kabinetində görüşmüşdük, amma bu dəfə Fuad Quliyevi apardım İxtiraçılar İttifaqının binasına

– 3-4 saatlıq görüşün nəticəsində Fuad Quliyev bilirsən mənə nə dedi? Dedi, bəy, sən bilmirsən ki, hökumət yoxdur. Dedi: “Sənin də işin-gücün qurtarıb, mən burada 5-6 milyon pul yığıb gedib işimlə məşğul olacağam.”

– Azərbaycan ixtiraçıları ən azı 30 il Yaponiyadan qabaqdadırlar

– Tofiq İmaməliyev sübut edib ki, birinci yumurta yaranıb

– Rəcəb Tayyib Ərdoğanı 1990-cı ildən müşahidə edirəm.

– Çağır aşiq Nemət, sən Ərdoğanı…




Ana səhifəyə qayıt        Baxış: 1 318          Tarix: 24-01-2018, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma