Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin aparıcı təhsil ocaqlarından biri olan Tafts Universitetində “Əli və Nino” filminin təqdimatı keçirilib.
Tədbirdə universitetin müəllim və tələbələri, Boston ətrafında yaşayan Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən Tafts Universitetinin “Fletçer” Hüquq və Diplomatiya Məktəbinin professoru Rokford Veitz Azərbaycanın strateji əhəmiyyətinə toxunub, “Əli və Nino” kitabının tarixi əhəmiyyətini və bugünkü aktuallığını qeyd edib, bu əsərin onda böyük təəssürat yaratdığını deyib.
Sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 ilinin tamam olduğunu, bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncam imzaladığını diqqətə çatdırıb. Diplomat AXC-nin müsəlman Şərqində ilk demokratik respublika olduğunu, bu dövlətin dini, irqi, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına eyni hüquqlar verdiyini xatırladıb.
Səfir “Əli və Nino” filminin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ərsəyə gəldiyini bildirib. O, bu filmin yüksək keyfiyyəti ilə seçildiyini və aktyorların olduqca istedadlı olmasını söyləyib, bu səhnə əsərin ərsəyə gəlməsində və onun kinematoqrafiyasında Leyla Əliyevanın töhfələrini görməyin mümkünlüyünü vurğulayıb.
Daha sonra filmin nümayişi olub. Film iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və onlarda böyük təəssürat yaradıb.
Qeyd edək ki, səfir Elin Süleymanov, həmçinin ABŞ-ın ən məşhur təhsil olacaqlarından biri olan Tafts Universitetinin “Fletçer” Hüquq və Diplomatiya Məktəbinin müəllim-tələbə heyəti qarşısında çıxış edib. Diplomat Azərbaycanın həyata keçirdiyi xarici siyasət, həmçinin irimiqyaslı regional layihələr, Cənub Qaz Dəhlizi, habelə Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini işğal etməsi və soydaşlarımıza qarşı apardığı etnik təmizləmə siyasəti barədə məlumat verib. (Azərtac)
Paylaş: