Fevralın 4-də Qərbi Azərbaycan türklərinin öz ata-baba yurdlarından qovulmalaraının 30 illiyi ilə bağlı “Tural” şadlıq evində keçirilən "Yurd həsrəti" adlı anım tədbirində tədqiqatçı Sabutay Hacıyev Rusiya Dövlət Arxivinə istinad edərək, oradan sənəd əldə etdiyini və bu sənədin də tədqiqatçı, Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədlinin Aşıq Ələsgərlə bağlı arxiv sənədləri ilə üzə çıxardığı faktları təkzib etdiyini bildirib.
Xatırladaq ki, tədqiqatçı Sabutay Hacıyevin dediyinə görə, Aşıq Ələsgər 1852-ci ildə deyil, əvvəlki tədqiqatçıların da araşdırdığı kimi, 1821-ci ildə dünyaya gəlib.
Hazırda mətbuatda və sosial şəbəkələrdə hər iki fikrin tərəfdarları öz arqumetntlərini əsaslandırmağa çalışmaqla yanaşı, bir-birlərinin ünvanına sərt, hətta təhqiramiz ifadələr işlətməkdən belə çəkimnirlər.
Bu hadisə ilə əlaqədar N.Əhəmədli Strateq.az-a açıqlamasında bunu"əvvəlcədən planlaşdırılan təxribat" adlandıraraq, tədbirin təşkilatçısı Mürvət Yusifova kəskin etiraz edib. Nazir Əhmədli bildirib ki, S.Hacıyevin təqdim etdiyi “sənəd” fotoşopla düzəldilib və saxtadır. O, bu barədə Rusiya Dövlət Arxivinə artıq sorğu da göndərdiyini açıqlayıb.
N.Əhmədlinin Rusiya Dövlət Arxivinin direktoru Larisa Aleksandrovna Roqovayaya ünvanladığı və bir surətini də Strateq.az-a göndərdiyi sorğuda deyilir:
"Çox hörmətli Larisa Aleksandrovna!
Mənim elmlər namizədi alimlik dərəcəm var və Zaqafqaziyanın 19-cu əsrə aid arxiv sənədlərinin tədqiqi ilə məşğul oluram. Həmin dövrün kameral siyahılarında Azərbaycanın bir çox məşhur şəxslərinin doğum tarixini, ailə üzvlərinin adlarını, bir yerdən başqa yerə köçmələrini, məşğuliyyətlərini müəyyən etmişəm. Onlardan biri də 1852-ci ildə indiki Ermənistan Respublikasının ərazisində yerləşən Novobəyazid qəzasının Ağkilsə kəndində doğulan məşhur sənətkarımız Aşıq Ələsgərdir. Bizim elmi dairələrdə onun 1821-ci ildə doğulduğunu qəbul edirdilər.
Onun 200 illik yubileyini qeyd etməyə hazırlaşanlar bundan narazı qalıblar. Hətta bir sıra qaragüruhçular tapılıb ki, məni qeyri-vətənpərvərlikdə suçlayaraq, ictimaiyyətin gözündə alçaltmağa çalışırlar.
Mən Ermənistan Milli Arxivindəki sənədlərə əsaslanaraq, bir sıra ədəbiyyat nümayəndələrinin doğum tarixlərini dəqiqləşdirmişəm. Buna görə həmin ədəbi simaların yubileyləri təxirə salına bilər. Ona görə də bu nadanlar Ermənistan Arxivindəki məlumatlardansa, köhnə və səhv məlumatlara üstünlük verirlər.
Bu günlərdə, daha dəqiq desək, 4 fevral 2018-ci ildə onlardan biri, Sabutay Hacıyev adlı bir nəfər sosial şəbəkələrdə və KİV-lərdə (məsələn, musavat.com və başqaları) Sizin adınızdan sərsəm bir mətn yayaraq, guya, məni rəsmi şəkildə “təkzib edib”.
Lakin bu insanlar o qədər avam və savadsızdır ki, birinci Ümumrusiya siyahıyaalmasının keçirildiyi tarixi bilmir və onu internet məlumatlarından dəqiqləşdirməyi ağıllarına gətirməyiblər. Nəticədə bu şarlatanlar Sizi də ictimaiyyətin nəzərində və elmi dairələrdə savadsız kimi qələmə veriblər. Sosial şəbəkələrdə kimə ünvanlandığı, nömrə və tarixinin olmadığı, adınızın və vəzifənizin çox çətinliklə oxunduğuna görə, bu kağızın sənəd olmadığını izah etmişəm. Adi gözlə də görmək mümkündür ki, bu saxtakarlıq "Fotoşop" və başqa kompüter proqramlarının vasitəsilə edilib. Bu isə adi fırıldaqçılıq, hətta deyərdim ki, cinayətdir.
Çox hörmətli Larisa Aleksandrovna!
Əminəm ki, Siz bu fırıldaqçılığa biganə qalmayacaq, mənim və özünüzün reputasiyanızı qorumaq üçün ölçü götürəcəksiniz. Başqa halda, mən Sizin müəssisənizin adı ilə zərərçəkmiş olacağam.
Düşünürəm ki, bu barədə bizim Moskvadakı səfirliyimizə və Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət etməlisiniz. Hər hansı başqa tədbir görəcəyinizi də özünüz bilərsiniz. Lakin bir şey şübhəsizdir: bu məsələni kənara qoymaq olmaz ki, başqa provokatorlar da buna oxşar hadisələr törətməsinlər.
Ümid edirəm ki, həyata keçirdiyiniz tədbirlər haqqında mənə də məlumat verəcəksiniz.
Dərin hörmətlə,
Nazir Surxay oğlu Əhmədli.
Atatürk Mərkəzində beynəlxalq əlaqələr şöbəsinin müdiri.
Bakı şəhəri, 09.02.2018.
Sabutay Hacıyevin düzməcə “sənəd”ini əlavə edirəm”.
Strateq.az N.Əhəmədlinin saxta olduğunu idda etdiyi, Sabutay Hacıyevın açıqladığı məktubun fotosunu təqdim edir.
Paylaş: