Xəbər lenti

 

Bu günlərdə Bakı şəhər Nizami rayon məhkəməsində hakim Fikrət Mirzəyevin sədrliyi ilə tanınmış azərbaycanlı iş adamı, xeyriyyəçi, ictimai-siyasi xadim, ‘’Dünya Azərbaycanlı İttifaqı’’nın və ‘’Ümumdünya Azərbaycan Mədəniyyət Fondu’’nun prezidenti, ‘’Avropa Azərbaycanlıları Konqresi’’ nin birinci vitse-prezidenti Fizuli Məmmədovun onun haqqında böhtan xarakterli yazılar dərc etdiklərinə görə bir sıra Azərbaycan KİVlərinə qarşı iddiası üzrə məhkəmə iclası keçirilib. Məhkəmədə Fizuli Məmmədovun hüquqlarını nümayəndəsi, tanınmış vəkil Abbas Kərimbəyli müdafiə edib. 

İddianın predmeti 20 fevral 2018 ci il tarixində Modern.az internet nəşrində gedən ‘’Elkaponi Rəsul Quliyevlə və Hüseyn Abdullayevlə nəyi müzakirə edib?’’ adlı məqalə olub.

Böhtan xarakterli məqalədə heç bir sübut və hər hansı məlumat mənbəyinə istinad olunmadan qeyd edilirdi ki, güya Fizuli Məmmədov Azərbaycanda keçiriləcək qarşıdakı prezident seçkiləri ərəfəsində həmin anda Almaniyada olan Milli Məclisin keçmiş millət vəkili, siyasətlə məşğul olan bəstəkar Hüseyn Abdullayev və Amerikada yaşayan Milli Məclisin eks spikeri Rəsul Quliyevlə seçkilərə dair öz planlarını müzakirə edib. Bundan daha əvvəl isə - 31 oktyabr və 2 noyabr 2017 ci il tarixlərində Fia.az, Avrasiya.net və Qlobal.az saytları yenə də heç bir məlumat mənbəyinə istinad etmədən və heç bir dəlil göstərmədən Azərbaycandakı 2018 ci il prezident seçkilərində iştirak etməklə bağlı Fizuli Məmmədovun planları haqqında yazmışdılar. Bundan əlavə həmin məqalələrdə həqiqətlə heç bir əlaqəsi olmayan digər uydurulmuş böhtan xarakterli faktlar da yer almışdı.

Halbuki, həqiqətdə Fizuli Məmmədovun Azərbaycandakı prezident seçkiləri ilə bağlı heç bir planı mövcud olmayıb. Fizuli müəllim buna qədər bir neçə dəfə bəyan etmişdi ki, Azərbaycan Prezidenti seçkilərində iştirakla bağlı planı yoxdur və heç vaxt da olmayıb. 

Həm də cənab Məmmədovun Azərbaycan Prezidenti seçkilərində iştirakla üçün heç hüquqi əsası da yoxdur, çünki o Azərbaycan vətəndaşı deyil və 30 ildir ki, Rusiyada və İtaliyada yaşayır. Azərbaycan Konstitusiyasının 100 cü maddəsinə görə yalnız Azərbaycan vətəndaşları ölkə prezidenti seçilə bilərlər. 

Bundan əlavə Fizuli müəllimin Hüseyn Abdullayev və Rəsul Quliyevlə heç bir əlaqəsi yoxdur. Lakin nə üçünsə, Fizuli Məmmədov haqqında bu məqalələri yazmaqla məkrli məqsədlər güdən yuxarıdakı saytların jurnalistləri belə tutarlı faktlarla heç maraqlanmayıblar. 

Ətraflı məhkəmə araşdırmalarından sonra Nizami rayon məhkəməsi müəyyən etdi ki, Modern.az, Fia.az, Korrupsiya.az, Avrasiya.net və Hakimiyyet.az saytlarında dərc olunan məqələlərin məzmunu həqiqəti əks etdirmir və böhtan xarakteri daşıyır. 

Məhkəmə müəyyən etdi ki, bu məqalələr Fizuli Məmmədovun şərəf və ləyaqətinə toxunmaqla, ona həm mənəvi ziyan vurmuş, həm də onun işgüzar nüfuzuna xələl yetirmişdir. Bu səbəbdən də adları çəkilən Azərbaycan KİV ləri məhkəmənin qərarı ilə təqsirli hesab edilmiş, Fizuli Məmmədov haqqında yalan məlumatlar yaydıqlarına görə cərimə edilmişlər. 

Eyni zamanda iddiaçının vəkilinin bəyanatına görə Fizuli Məmmədov haqqında böhtan xarakterli məqalələrdə verilən məlumatların həqiqəti əks etdirmədiyinə dair könüllü şəkildə təkzib yazıları yazdıqlarına və üzr istədiklərinə görə görə Hakimiyyet.az və korrupsiya.az saytları cavabdehlər siyahısından çıxarılıb.

Lakin, Modern.az, Fia.az və Avrasiya.net saytları könüllü təkzib verməkdən imtina etmişdilər, indisə məhkəmənin qərarı ilə Fizuli Məmmədov haqqında böhtan xarakterli yazılar yazdıqlarına görə təkzib verməyə məcburdurlar. Bundan əlavə bu internet resursları məhkəmənin qərarı ilə 100 min manat məbləğində cərimə olunublar. Lakin, iddaçı Fizuli Məmmədovun xahişi ilə cavabdehlər bu məbləği aşağı sosial təminatlı ailələrə, uşaq evlərinə və Azərbaycanda digər xeyriyyə məqsədlərinə ödəyəcəklər.

Yeri gəlmişkən, 2015 ci ildən Fizuli Məmmədov özü yenidən Azərbaycanda fəal xeyriyyəçiliklə məşğuldur. Son iki il ərzində şəhid ailələrinə, əlillərə, Qarabağ müharibəsi veteranlarına 10 dan çox mənzil bağışlayıb, Azərbaycan ərazilərinin düşmən işğalından azad olunması zamanı yaralanmış hərbi qulluqçularımızın müalicəsinə kömək edir və digər xeyriyyəçilik aksiyalarını həyata keçirir.

Azər Muradxanlı




Ana səhifəyə qayıt        Baxış: 933          Tarix: 27-07-2018, 21:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma