Şar içinə doldurulan nəfəsi bəyənmirdi. Çünki ona həyat nəfəsi verən uşağın başı üzərindən yuxarı qalxa bilmirdi. Gözü isə çox yüksəklərdə idi.
Bir gün uşağın sadəlövhlüyünə arxayınlaşıb ondan xahiş etdi:
-Mənə elə bir hava vura bilərsən ki, göyün 7-ci qatına qədər ucala bilim? Bu sənin də xeyrinədir; sənin şarın məhəllədəki bütün uşaqlardan daha yüksəklərdə uçacaq.
Uşaq əslində sadəlövh deyildi. Amma şarını da çox istəyirdi. Çünki ona “nəfəs verənə” qədər çox hıqqınıb gücə düşmüşdü. Onu həmişə başının üstündə tutmuşdu. İndisə həmin şar bu ucalığın öz fitrətindən gəldiyini düşünür, bir balaca boyu olan uşağın hündürlüyünü qəbul edə bilmir, şəninə yaraşdırmırdı. Özünü göylərdəki raketlərlə, təyyarələrlə, hətta təbii və süni peyklərlə bir tuturdu.
Şarın bu təkəbbürü uşağa xeyli yer eləmişdi. Di gəl ki, onun xətrinə dəymək və əlindəki iynəni batırıb partlatmaq da istəmirdi. Necə olsa, şarın içindəki nəfəs ona aid idi. Artıq şara hörməti qalmasa da, öz nəfəsinə qıymır, gözü qabağında onun partlamasını və havadan ibarət olan “ruhu”nun (ki bu onun öz nəfəsi idi) ətrafa saçılmasını seyr etmək istəmirdi. Sonunda qərar verdi: köhnə və əziz dostunu öz istəyinə qovuşduracaqdı.
Şarın quyruğundakı düyünü açıb içərisindəki pak nəfəsi havaya buraxdı və əpriyib qırış-qırış olan şara helium qazı doldurdu. Şar sevincindən “dombalaraq” əvvəlki vəziyyətindən daha gümrah görünməyə başladı. Uşaq onun arxasını daha sıx düyünləyib havaya buraxdı. Havadan daha yüngül olan helium qazı şarı göyə qaldırdı. Sevinc hissi şarı elə büyüləmişdi ki, neçə müddətdən bəri başı üzərində gəzdiyi uşağa təşəkkür etməyi belə unutmuşdu. Göyün 7-ci qatına çıxacağı ümidiylə ucaldıqca ucalan şar heç 7 metr hündürlüyə qalxmamışdı ki, birdən partladı. Çünki "dərisi" çox nazik idi və göyün 7-ci qatı onluq deyildi.
Heydər Oğuz
Paylaş: