Xəbər lenti


Ölkədə karantin rejimi ilə əlaqədar insanların rayonlardan paytaxta gələ bilməməsi kirayə ev bazarına ciddi şəkildə təsir edib. 
Musavat.com kiçik bir reyd zamanı öyrəndik ki, Bakıda kirayədə yaşayanların əksəriyyətinin əyalət adamları olması və onların da əksəriyyətinin şəhərə qayıtmaması bu sahədə gəlirləri azaldıb.
Hətta iki aydır bölgələrdə yaşayanlar var ki, Bakıdakı kirayə mənzildən müvəqqəti imtina ediblər. Onlar qayıdacağı halda yenidən ödəniş etməyə başlayacaqlar. 
Bu da mənzil sahiblərinin pandemiya dövründə qazancına təsir edib. Çünki kirayə ev sahibləri yeni müştərilər də tapa bilməyilər. 
Şəhərin Yasamal ərazisində müşahidələr apararkən evlərin qapılarına “Kirayə ev var” yazılan elanlar vurulduğunu gördük. Əvvəllər də bu qəbildən elanlar çox olub.
Amma son dövrlərdə insanların kütləvi şəkildə Bakını tərk etməsi, demək olar ki, martın 19-dan bəri çoxunun qayıtmaması kirayə ev elanlarının sayını artırıb.
Ev sahibləri gözləyirlər ki, mayın 18-dən sonra kirayə bazarında nisbətən canlanma olacaq. 
Onların fikrincə, icazəsi olanların Bakıya işinə qayıdacağına ümid edirlər. İyunun 1-dən isə karantinin tam bitməsi, yolların açılması ilə daha çox insan kirayə ev üçün müraciət edəcək. 
Sadəcə, dərslərin dayanması, qarşıdan yayın gəlməsi kirayə ev bazarında böyük bir hərəkətlənmə olmayacağına əsas verir.
Çox güman ki, sentyabrdan kirayə mənzillərə tələbat artacaq. Ona görə hazırkı dövrdə kirayələrin qiyməti qismən ucuzlaşıb. 
Əmlak alqı-satqısı və kirayəsi ilə məşğul olan ofislərdə işləyən dəllallar da təsdiqləyirlər ki, bazar zəifləyib, karantin rejimi, rayonlardan Bakıya yolların açılmaması öz sözünü deyib. 
Qeyd edək ki, əmlak eksperti Elnur Fərzəliyev axar.az-a paytaxtın kirayə mənzil bazarında ilk dəfədir belə durğunluq yaşandığını deyib.
Onun sözlərinə görə, bu hal sentyabra qədər davam edəcək və bu müddət ərzində kirayə mənzillərin qiymətləri mərhələli şəkildə enəcək.
Emil Salamoğlu,
Musavat.com,
Fotolar müəllifindir.








Ana səhifəyə qayıt        Baxış: 1 953          Tarix: 17-05-2020, 12:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma