Xəbər lenti


ABŞ-ın iri şəhərlərindəki iğtişaşların videosuna baxdım, xəyal məni öz atının tərkinə alıb keçmiş günlərə apardı...
Biz də elə günlər yaşamışıq. Yaşamayan bilməz.

Öncə onu deyim ki, ABŞ-dakı iğtişaşlar 10 il əvvəl Qırğızıstanda baş verən hadisələrə, kütləvi yağmalama olaylarına oxşayır. Hanı bəs modern düşüncəli amerikalılar, sivil toplum-zad?

Ağdərililər qaradərililərə qarışıb, kimin əlinə nə keçir, süpürləyib aparır. Hamı cumub “iqrçiliyə son” deyir, bir-iki “ayfon”, noutbuk-zad çırpışdırıb aradan çıxır.

Belə iğtişaş olmaz. Bu kriminal xarakterli iğtişaşdır, məqsəd yağmalamaqdır.

Amma bizim 1988-ci ildə qatıldığımız iğtişaş siyasi xarakterliydi, məqsəd sovet-rus desantlarının istehkamçı bellərini (“sapyornaya lopata”) alıb öz bellərindəcə sındırmaq idi.

1988-ci ilin noyabr ayının iyirmi neçəsiydi, Bakıda Nemətin mitinqindən çıxıb Gəncəyə getmişdim. Daha dəqiqi, məni ora ixtisasartırma kursuna göndərmişdilər.

“Qasım kişinin yataqxanası” kimi tanınan 3 saylı yataqxanada qalan keçmiş otaq yaldaşlarımla hal-əhval tutandan sonra getdik Kirovabad şəhər partiya komitəsinin (“qorkom”) binasının qabağındakı meydana. Gördük, azı 10 min adam yığışıb, mitinq gedir. Şəhər teatrının aktyoru (gərək adı Alim idi) aparıcılıq edirdi. Arada bir tələbə “Qarabağ şikəstəsi” oxuyub hamımızı coşdurdu.

Tələbələr çox və fəal idilər, Nemət Bakıda necə danışırdısa, elə danışırdılar. Bu vaxta qədər hökumət adamları tribunanı əldən vermək istəmirdilər. Amma Səməd Ağamalıoğlu adına “Şərəf nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (o vaxt o ali məktəbin rəsmi adı bu cür idi, amma el arasında “Azsxi məktəbi” deyirdilər) tələbələri tribunanı götürdülər.

Birdən “qorkom”un nümayəndəsi birinci katib Ramiz Bağırlının adından tələb etdi ki, dağılışaq, dedi ki, dağılışmasanız, şəhərdəki hərbi qarnizonun desantları çağırılacaq. Mitinqdə nifrət sədaları yüksəldi.

Təxminən 20-25 dəqiqədən sonra “qorkom”in böyründə 3-4 üstü tentli “QAZ-66" markalı hərbi yük maşını dayandı və maşının yük yerindən əlində istehkamçı belləri olan caydaq-caydaq (desantçılar cantaraq olurdular) əsgərlər yerə atıldılar və dərhal tomoqavk oynadan hindular kimi kütlənin üstünə cumdular.
Biz - mən, Xaləddin, Cavid və Tacəddin mitinqin arxa hissəsindəydik. Bir də gördük, xalq üstümüzə gəlir, yəni adamlar desantçıların qarşısından geri çəkilirlər. Bu dəmdə bir hamilə qadın becid ola bilmədi, qaçan mitinqçilərdən geri qaldı və öndə gələn sarı gədə onu əlindəki bellə vurub yerə yıxdı. İğtişaşın başlanğıc anı və döyüşün dönüş məqamı da bu oldu. Qaçan kütlənin içindən bir oğlan çıxdı, havada fırlanıb (“razvorot” deyilən hərəkət) əsgərin qulağının dibindən babat bir təpik tutuzdurdu. O boyda desantçı “oy mama” deyərək yıxıldı, istehkamçı beli də əlindən düşdü.

Oğlan əyilib beli götürdü və bu zaman kütlə geriyə, əsgərlərin üstünə qayıtdı. Gözəl bir iğtişaş başladı.

Əsgərlər təxminən 30 saniyə müqavimət göstərdilər, əllərindəki hacəti aldırmaq istəmirdilər. Amma xeyri olmadı, qaçmağa başladılar, maşınlarına tərəf yolu kəsildiyindən onlar “qorkom”un qapısına doğru götürüldülər.

Bir də gördüm, bizim uşaqlardan Tacəddin əlinə bir bordyor daşı alıb düşüb bir əsgərin dalınca, deyir: “Stoy, köpəyoğlu”. Amma həmin əsgər və onun yanındakılar özlərini “qorkom”un binasının qabağına çatdırdılar, qapını bağlamışdılar, nəydisə, hövllənmiş desantlar özlərini pəncərədən, şüşələri sındıraraq içəri təpdilər. Təbii ki, bu xoşbəxtlik onların hamısına müyəssər olmadı, ayaq altında qalanlar da oldu.

Sonra daha bir neçə maşın əsgər gəldi. Onlar yerə düşmədilər, ərazidə dövrə vuraraq “Kalaşnikov”lardan havaya atəş açmağa başladılar.

Camaat qışqırırdı ki, qorxmayın, güllələr “xalastoy”dur, amma əsgərlikdə “pexota”da qulluq edən uşaqlar da deyirdilər, yox, əsl “boyevoy” güllədir.

Buna əminliq o zaman hasil oldu ki, havaya atılan güllələrdən bir neçəsi ağac budaqlarına tuş gəldi və budağı, yarpağı qırıb yerə tökdü. Ona görə də Xaləddinin götürdüyü daş əlində qaldı, yanımızdan “UAZ”-la keçən polkovniklərə atası olmadı, tez yerə saldı.

Camaat əsgərləri “qorkom”dan çıxarıb linç eləmək istəyirdi. Amma köməyə gələn silahlı əsgərlər imkan vermədilər. 3-4 saatlıq süpürləşmədən, qaçdı-qovdudan, qara-qışqırıqdan sonra şəhərin mərkəzi boşalmağa başladı.

Bu boyda iğtişaşda nə bir mağazadan bir çöp götürən oldu, nə haranısa dağıdan, nə də hansısa binanın şüşəsini sındıran (“qorkom”un binasından başqa). (Yeni musavat)




Ana səhifəyə qayıt        Baxış: 2 531          Tarix: 3-06-2020, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma