Xəbər lenti


Sovet dövründə ali təhsil almaq ödənişsiz olub və SSRİ ödənişsiz təhsil sistemin' malik dövlət olduğunu bütün dünyaya bəyan edib, bunu sosialist cəmiyyətinin gənc nəslə qayğısı kimi qələmə verib. Bəli, sovet hökuməti tələbələrdən təhsil haqqı almayıb, amma bu haqqı onlardan başqa yollarla çıxarıb.

1959-cu ildən başlayaraq SSRİ-nin ali təhsil ocaqlarında tələbə inşaat dəstələri yaradılıb. Universitet, institut və texnikumların tələbələri yay tətilində könüllü adı ilə, əslində isə məcburi əməyə cəlb olunublar.

Tələbələrdən işçi qüvvəsi kimi istifadə edən hökumət onları əsasən tikinti işlərinə cəlb edib. Bu işlərin müqabilində tələbələr heç də adi fəhlələrin aldığı əmək haqqı məbləğində pul almayıblar. Gündə üç dəfə qidalanmağın, təmin olduqları işçi paltarlarının pulu çıxıldıqdan sonra, sadə dillə ifadə etsək, tələbələrə qəpik-quruş qalıb.

Sözsüz ki, 9 aylıq təhsil ilindən sonra 2 aydan artıq inşaat meydançalarında fəhlə işləmək heç də sovet tələbəsi üçün arzuolunan hal sayılmayıb. İstirahət hüququ olan sovet tələbəsinin tələbə inşaat dəstələrindən imtina etməsi isə təhsil ocaqlarının komsomol iclaslarında müzakirəyə çıxarılıb və həmin tələbənin institutdan xaric olunması məsələsi qoyulub.

İlk tələbə inşaat dəstəsinin yaranma ənənəsi 1959-cu ildə Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsində qoyulub. Həmin ilin yay tətilində fakültənin 339 “könüllü” tələbəsi Qazaxstanın sovxozlarında tikinti işlərinə göndərilib. Növbəti il “könüllülərin” sayı minə çatıb. 1962-ci ildə isə tələbə inşaat dəstələrinə “qoşulanlar” 10 min nəfərdən artıq olub.

Qeyd edək ki, həmin illərdə tələbələrə əmək haqqı verilməyib. Onların qazancı ümumi toplanaraq əsasən kənd təsərrüfatı texnikalarının alınmasına xərclənib. Belə tədbirlər son dərəcə təmtəraqla keçirilib. Qırmızı şüarlar, pafoslu nitqlər, tələbələrin sürəkli alqışlar altında kolxoz və sovxozlara texnikanın təqdim etməsi, sonda isə bütün yay tətilini tikintidə keçirən tələbələrə adi bir kağız üstündə olan “Tərifnamə”lərin verilməsi.

Tələbə inşaat dəstələrinin təşkilatlanma məsələsi sürətlə həyata keçib, vahid bir struktur altında Ümumittifaq Tələbə İnşaat Dəstəsi adlı qurum yaradılıb. Xüsusilə, Leonid İliç Brejnevin hakimiyyəti illərində tələbə inşaat dəstələrinin inkişafı məsələsinə daha ciddi yanaşma olub.

Təbii ki, partiya və komsomol təşkilatları vaxtlarını bu işə mənasız yerə sərf etməyiblər. Statistik rəqəmlər tələbə inşaat dəstələrinin dövlətə verdiyi əvəzsiz xeyiri bir daha sübut edir. 1981-ci ildə Ümumittifaq Tələbə İnşaat Dəstəsinə partiyanın 26-cı qurultayı adı verilib. Məhz həmin ildə 840 min üzvü olan dəstənin gördüyü işin həcmi 1 milyard 700 milyon rubl dəyərində olub.

Mövcud dövr üçün bu kifayət qədər böyük məbləğ sayılıb.

1982-ci ildə Ümumittifaq Tələbə İnşaat Dəstəsi dövlətin ərzaq proqramının icrasına cəlb edilib. Tələbələr bütün yay mövsümündə əkinçilik və heyvandarlıq sahəsində çalışıblar.

1983-cü ildə Ümumittifaq Tələbə İnşaat Dəstəsi gördüyü işin həcminə görə növbəti rekorda imza atıb. Bu dəfə onlar dövlətə 1 milyard 800 milyon rubl xeyir veriblər.

Tələbələrin ən sərfəli işçi qüvvəsi olduğunu nəzərə alan Mərkəzi Komitə 1980-ci ilin əvvəllərinə yeni bir layihə həyata keçirmək fikrinə düşüb. Layihənin ideya müəllifi Mərkəzi Komitənin ideologiya üzrə katibi Mixail Suslov olub.

sisələrində əməyə cəlb olunması ideyasını irəli sürüb. Bu ideya tələbələr tərəfindən etirazla qarşılanıb, Moskva, Leninqrad, Xarkov şəhərlərində bir neçə institutun tələbələri etiraz aksiyaları keçiriblər.

Bu arada qərb mətbuatı da öz səhifələrində tələbə inşaat dəstələri ilə bağlı “SSRİ-nin qul tələbələri” başlıqlı yazılara geniş yer verib.

Siyasi Büro Suslovun ideyasına müsbət reaksiya verməyib, dövlət rəsmiləri tələbə hərəkatının yaranacağından çəkiniblər.

Göründüyü kimi, sovet dövrünü nostalji hisslərlə xatırlayan, xüsusilə də SSRİ-də pulsuz təhsillə bağlı yerli-yersiz fikirlər səsləndirən insanlar məsələnin digər tərəfindən xəbərdar deyillər.

Bəli, bu, bir faktdır, SSRİ dövründə tələbədən hər il təhsil haqqı kimi 500, yaxud 1000 rubl almayıblar, amma əvəzində tələbələrin hesabına dövlət büdcəsinə milyardlarla rubl məbləğində vəsait daxil olub.

Sovet tələbəsi bütün tələbəliyi dövründə yay tətillərindən məhrum olub, istirahət hüququ pozulub.

Bunlarla yanaşı, yay tətillərində tikintidə, kənd təsərrüfatı sahələrində çalışan yüzlərlə tələbə bədbəxt hadisələr nəticəsində sağlamlıqlarını, bəzi hallarda isə həyatlarını itiriblər.

Əsl həqiqət budur, SSRİ-nin dünyaya bəyan etdiyi “gənclərə qayğı” siyasəti məhz bunlardan ibarət olub. Və daha bir acı həqiqət isə ondan ibarətdir ki, SSRİ-nin siyasi elitasında təmsil olunanların heç birinin övladları, nəvələri tələbə inşaat dəstələrində çalışmayıblar.

Nə Brejnevin, nə ideal kommunist sayılan Suslovun, nə ədalət tərəfdarı kimi təqdim olunan Andropovun və digər məmurların yaxınları bəlkə də tələbə işaat dəstələri haqqında elementar anlayışa belə malik olmayıblar.

Çünki sıravi tələbələr yay tətillərində tikintilərdə çalışanda, onlar Krımda, Qafqazda dövlət bağlarında, dövlət hesabına yeni əyləncələr axtarışında olublar...

Onu da qeyd edək ki, azərbaycanlı tələbələr təkcə ölkə daxilində əməklə məşğul olmurdular, onları Arxangelskdən tutmuş Permə qədər müxtəlif şəhərlərdə inşaat işlərinə cəlb edirdilər və bir iş vardı ki, bizim tələbələr oralara həvəslə gedirdilər..
 Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 538          Tarix: 5-06-2020, 12:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma