Xəbər lenti


Rusiya bir saat da olsun bizə qarşı təxribatını dayandırmır, siz onun hansı binamus rezidentinin əmrini yerinə yetirirsiniz?
Unutqanlıq xalqı ikinci dəfə eyni bəlaya salır . Elə bu günlərdə Əli ağanın qohum-əqrəbası mənsub olduğu dəstə barədə məlumat alıram, heç demə çörək dərdi çəkən bu ağanın ailə üzvləri koronovirusa görə dövlətdən külli miqdarda maliyyə yardımı  alıblar. Sərvəti ilə bütöv bir mahalı saxlaya bilən Kəmaləddin Heydərovun oğluna da hökuməəl tutub, yazıq heç arpa çörəyi də tapmırmış.  Hər cürə həyasızlığı görmüşdüm, amma beləsinə rast gəlməmişdim…
Nəcib niyyət, xoş məramla başlamış yürüş qurtara qurtarda bir qrup qaragüruhçu bağıra-bağıra Milli Məclisin qapılarına hücum çəkdi. Nələrin baş verdiyini demirəm, hamı hadisələri telekanallarda izləyə bilib. Mən hələ Milli Məclisin qarşısında qorxudan səslərini çıxarmayan YAP-ın üzvlərindən danışmıram.

Qəsdən unutdurulan rəşadət
May ayının son həftəsində Gəncə üsyanının yüz illiyi tamam oldu. Cavad xan epopeyası istisna olmaqla Qafqazın heç bir şəhərində işğalçıya qarşı belə şiddətli müqavimət göstərilməmişdi! Bolşevik giyena sürüsü burada heysiz qocalara, körpə uşaqlara da rəhm etməmişdi.
Kommunist canilər törətdikləri ümumi qətlam barəsində sevinclə Leninə xəbər göndərmişlər Bu hadisələrdən iki ay əvvəl Bakının, bütün neft mədənlərinin yandırılmasını əmr edən bu manyaka sonralar poemalar həsr edən zinakar şairlər tapılacaq.
70 il ərzində bu bəlalı torpaqda nə qədər desəniz akademik, şair, laureat, xülasə hər dürlü məxluq yetişdi. Heç birisində də cürət tapılmadı ki, Gəncə qətlamı, burada kişi kimi vuruşub şəhid olmuş mücahidlər barədə bir söz desin. Din və millət xaini Qatır Məmmədə film də həsr edib, şərəfinə abidə də qoydular. Amma millətin namusu uğrunda qurban getmiş qaçaqların adlarının çəkilməsi cinayət sayıldı, mən hələ başqa kübarlarla yanaşı şanlı Rəfibəylər nəslinin başına gətirilən müsibətlərdən danışmıram.

Kommunist  rejiminin, Moskva irticasının bir direktivi vardı: İslam dini zəhmətkeş kütləni istismar altında saxlamaq üçün hakim təbəqənin əlində silah olub, ona qarşı amansız mübarizə aparmaq kommunistin əsas vəzifəsidir, Azərbaycanda kübar, əsilzadə zümrəsindən danışmaq bihudə zəhmətdir, burada ancaq Qurbanəli bəylər yetişib, Oktyabr çevrilişinə qədər bu məmləkətdəki bütün zəhmət adamları ya Novruzəli kimi fiqur, ya da usta Zeynal kimi avam olublar; beş-on gözəgəlimli ziyalı ortaya çıxıbsa, bunun üçün də ancaq rus üsuli-idarəsinə “sağ ol” deməliyik.
…Yüz minlərlə kitab ərəb əlifbası ilə yazıldığı üçün tonqallarda yandırıldı. Dəyəri milyonlarla ölçülən miniatürlərlə süslənmiş nadir əlyazmalar məhv edildi. Mən hələ əsl sənət əsəri olan minlərlə musiqi alətinin sındırılıb ayaqlar altına atılmasından, yandırılmasından danışmıram.
Şəxsi kitabxanaları ilə ad qazanmış qədim Lahıcda o qədər nadir əlyazması, külliyyatlar yandırılmışdı ki, Girdiman kimi dağ çayı onların qalıqlarını neçə ay yuyub apara bilmədi.
Zavallı Müşfiq məhz bu vakxanaliyada tarın müdafiəsinə qalxdığı üçün bir “danos”laq gedər-gəlməzə göndərildi. Onu çekistlərə keçi qiymətinə satanlar elə durub oturduğu murdarlar idi. İş bədnam “sinfi sayıqlıqda” yox, adi paxıllıqda idi, Müşfiq istedad sahibi idi, o, sonradan hər cürə ənama, fəxri ada layiq
görülmüş “korifey”lərdən qat-qat yüksəkdə dururdu. Elə bu da onu məhv etdi. Səhhətim imkan vermir, elə buna görə də çox da “zilə qalxmaq” istəmirəm, həm də bilirəm ki, xeyri də yoxdur.  Bu camaata daha heç nə əsər eləmir… Sübut edim?
1920-ci ildə may ayının 26-dan sonuna qədər Gəncədə baş verənləri qələmə almaq çox çətindir. Şərəf və ləyaqətimizi qorumaq naminə on minə qədər soydaşımız burada şəhadətə çatıb!
Mən zavallı da düşünürdüm ki, heç olmasa bu il bizim dost-doğma biqeyrətlərimizin vətənpərvərlik damarı qalxar, bir yerə cəm olub kiçik bir iclas keçirər, Yalamada qeyri-bərabər döyüşlərdə həlak olmuş kişilərin məzarlarını axtarıb tapar, orada bir “Yasin” oxuyarlar.

Bunları yazanda öz-özümə dedim, ay dili–qafil, məgər ölkəmizə hücum etmiş rus
köpəklərinin murdar meyitlərini gətirib şəhərin düz mərkəzində bədnam komissarlarla bir yerdə təntənə ilə basdırmadıqmı?
Maraqlıdır ki, bu ağır günlərdə, il on iki ay ölənə qədər yuyunmağın nə olduğunu bilməyən tunqus  tayqasının it iyi verən şamanlarından, Altaydan dəm vuran boşboğazların birinin də səsi eşidilmədi. Telekanallarda ən murdar, ən primitiv, ən zəhlətökən verilişlər məhz bu günlərdə getdi. (Proqramı saxlamışam) ruspərəst manqurtlar bunu qəsdən elədilər. Bu da bizim millət uğrunda qurban gedənlərə hörmətimiz.
… Sovet üsul-idarəsi həm ona sadiq nökər-naib zümrəsini yaratdı, həm də onun əlil ilə xalqı mənən şikəst etdi.
Bir vacib ricət
1805-ci ildə Bakı tutulandan sonra cənuba irəliləyən general Nebolisinin hərbi hissəsinə qarşı kişi kimi vuruşub həlak olan Səlyan camaatının şücaəti unutduruldu. Topların, yüksək hərbi təlim görmüş grenodyorların qarşısına kəndistan əhli qorxmadan, çəkinmədən adi balta, dəhrə, kərənti  və yaba ilə çıxmışdı. Rusların qarşısında heç kim əllərini qaldırıb təslim olmamışdı. Bu gün gedib yerli əhali ilə bu vaqiə barədə söhbət aparsan  hamı mat-mat durub sənə baxacaq, yəni, babalarımız belə igid olublar?
Hürriyyətə qovuşmağımız da bizə baha başa gəldi. Siyasi avantüristlərin sayəsində məmləkətin yarısı getdi fələyin qəminə. Nələrin baş verdiyini saymaq fikrində deyiləm, uğurları, nailiyyətləri heç kim inkar edə bilməz.
Amma çox keçmədi ki, cəzasızlıq mühitindən sui-istifadə edən, üzvləri ellik zəmanətlə bir-biriləri ilə bağlı olan məmur, biznesmen bandaları formalaşaraq hakimi-mütləqə döndülər. Əski kommunist nomenklaturası ilə əlbir olan bu nuvoriş təbəqəsi cici-bacılarını, oğul-uşağını hüquq-mühafizə orqanlarında yağlı vəzifələrə yerləşdirə bildi.
Sovet hakimiyyəti dövründə Bakıda şikayətə baxılmayanda Moskvaya üz tuturdular. İndi isə bu da yoxdur. Vay o gündən ki, yuxarının himayəsi altında olan dələduzla toqquşasan. Kitabın bağlanacaq!
O struktur yoxdur ki, orada Əli Həsənov kimi beş-on yırtıcı oturub iqtidarı hörmətdən salmasın. Məhz belələri zəhmətkeş şikayətlərinin ərizələrinin başlarına daş salırlar.
Elə bu günlərdə Əli ağanın qohum-əqrəbası mənsub olduğu dəstə barədə məlumat alıram, heç demə çörək dərdi çəkən bu ağanın ailə üzvləri koronovirusa görə dövlətdən külli miqdarda maliyyə yardımı  alıblar. Sərvəti ilə bütöv bir mahalı saxlaya bilən Kəmaləddin Heydərovun oğluna da hökuməəl tutub, yazıq heç arpa çörəyi də tapmırmış.  Hər cürə həyasızlığı görmüşdüm, amma beləsinə rast gəlməmişdim.  Bunlar millət dərdi çəkəcəklər, bunlar şəhidlərimizin qan qisasını alacaqlar? Dövlət ən təhlükəli bəla ilə çarpışdığı halda öz cibləri barədə düşünənlərin bir adı var, ağızları qanlı murdar giyenalar, marodyorlar.

Ən münbit, ən şəfalı əraziləri itirmiş ölkənin xarici işlər nazirinin oğulları Şərqin ən böyük düşməni ABŞ-ın təbəəliyinə keçib dünyanın ən bahalı şəhəri Nyu-Yorkda imarətlər alırlar. Mədəniyyət naziri neçə yüz milyonla yavaşca aradan çıxır. Başqa bir nazir də “sayka”sı ilə yüz milyonluq biznesi idarə edir… Bədbaxt ölkədə bir saat da olsa talan dayanmır. Prezidentin isə gecəsi-gündüzü yoxdur, bir gündə neçə rayona baş çəkir. Yeni-yeni xəstəxanalar açılır, onların elmin bütün tələblərinə uyğun təchiz olunması asan məsələ deyil. Dövlət büdcəsindən gündə milyonlar gedir… Bu görünməmiş gərginliyə nə vaxta qədər davam gətirəcəyik, bunu demək çətindir. Cəbhə xəttində də atəş kəsilmir. Amma bir məsələ dəqiq bəllidir, Rusiya irticası bizi dinc yaşamağa qoymayacaq. Və nə qədər ki, rus şovinistləri açıqdan açığa düşmənimizə himayədarlıq edirlər, bizim arxayın olmağa haqqımız yoxdur.
… Marodyor, səhv eləmirimsə bu fransız dilindədir. Bütün xaçpərəst ölkələrində bu sözü döyüş yerlərində həlak olmuş əsgərləri, tərpənə bilməyən ağır yaralıları, fəlakət zamanı vahiməyə düşmüş, başını itirmiş camaatı soyanlar üçün işlədirlər. Özü də dünyanın bütün ölkələrində bir qanun var, marodyor yerindəcə məhkəməsiz, filansız  asılmalıdır.  Asırdılar da, güllələyirdilər də… Əlqərəz, heç bir quruluşda, heç bir dövlətdə marodyora aman verilməyib. Mən də deyirəm , düşmən əhatəsində çarpışan, min dərd-sərlə üzləşmiş dövlətimizdə milyonlar oğurlayan əcnəbi ölkələrdə mal-mülk alan, ölkənin daxilində də harın həyat tərzi ilə sadə insanlara acıq verənlər əsl marodyorlardır.

Erməni ilə qohum-qardaş olanlar bir yana ən təhlükəli marodyorlar Moskva kəşfiyyatının sadiq nökərləridir. Bunları ifşadan, layiq olduqları cəzadan hifz edənlər də burada Bakıdadırlar. Son olaylar hamımızı əndişəyə salıb, hörmətli Prezidentimiz xərçəng metasdazı kimi hər tərəfə rişə atmış bu müdhiş bəla ilə mübarizədə çətinlik çəkir. Bəzi manqurt marodyorları qandallayıb içəri salmaq əvəzinə yerlərini dəyişir, bəzilərini başdan eləmək üçün ora-bura göndərir, yəni camaat görüb ürəyi bulanmasın. Amma, əməlləri barədə onlarla təkzibedilməz faktlar üzə çıxsa da, ən ağır ittihamlar səslənsə də Elmira Axundovanın Ukrayna kimi yerə səfir təyin edilməsini heç kim həzm edə bilmir.
Əvvəlki məqaləmdə yazmışdım, ordu, qazilər, bütün veteranlar, polis, sadə, alın təri ilə çörək qazanan namuslu insanlar – bütün bu əzəmətli qüvvə Prezidentin yanındadır. Bütün varlığımla əminəm ki, hörmətli birinci vitse-prezident Mehriban xanımın bir işarəsi ilə bu qüvvə bir göz qırpımında bütün ziyanəvər bandasını süpürüb zibilliyə ata bilər. İşdir şayəd bu savab, Allaha da xoş gələn niyyət baş tutsa, teleməddahları, buqələmun xislətli  “…şünasların”, min üzlü şərhçisi və qondarma ideoloqları da ilim-ilim itirmək lazım gələcək.Hurriyyet.org

Firuz HAŞIMOV



Ana səhifəyə qayıt        Baxış: 2 915          Tarix: 12-08-2020, 16:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma