Xəbər lenti


48 il öncə bu gün, 1972-ci ilin sentyabrın 5-də tarixə növbəti faciəli bir hadisə yazılıb – Münhen qətliamı. Dünya ictimaiyyəti olimpiya oyunlarında terror aktına şahidlik edib...

Kütləvi idman tədbirlərinin, dünya miqyaslı turnirlərin, olimpiya oyunlarının keçirilməsində ən çətin və mürəkkəb məsələlərdən biri təhlükəsizliyin təmin edilməsidir. Bu məsələdə məsuliyyət daha çox ev sahiblərinin üzərinə düşür. Ancaq bəzən belə tədbirlərdə iştirakçı ölkələrin siyasi maraqlarının üst-üstə düşməməsi, yaxud da azarkeşlərin çılğınlıqları əvvəlcədən görülmüş təhlükəsizlik tədbirlərinə baxmayaraq qarşıdurmalarla nəticələnir. Bəzən isə kütləvi idman tədbirləri terror aktı həyata keçirmək üçün ən “münasib” məqam sayılır, 1972-ci ildə Almaniyanın (AFR) Münhen şəhərində keçirilən 20-ci Yay Olimpiya Oyunlarında olduğu kimi...

1966-cı ilin yazında növbəti yay olimpiya oyunlarının hansı ölkədə keçiriləciyi ilə bağlı Romada keçirilən müşavirədə Almaniya öz göstəriciləri ilə bütün namizəd ölkələri üstələyərək mötəbər idman tədbirinə ev sahibliyi etmək hüququ qazanıb. Olimpiya oyunlarının Münhen şəhərində keçirilməsi tam təsdiqləndikdən sonra ciddi hazırlıq işləri başlanılıb. Demək olar ki, Münhenin bütün ərazisində təmir, bərpa, yenidənqurma və abadlıq işləri aparılıb. Şəhərdə yeni mehmanxanalar tikilib, yerlərin sayı 16 mindən 150 minə çatdırılıb. Yeni, 15 min nəfərin yaşaması mümkün olan olimpiya kəndi inşa edilib. 80 min nəfərlik olimpiya stadionu, 15 min nəfərlik idman sarayı, idmanın müxtəlif növləri üzrə zallar, komplekslər şəhərin ümumi görünüşünü dəyişib. Yeni tikililər ən son texniki avadınlıqlarla təchiz edilib, işıqlandırma sistemi, yanğın təhlükəsizliyi qurğuları, müşahidə kameraları dünyanın ən aparıcı şirkətlərindən alınaraq Münhenə gətirilib.

Tədbir ərəfəsində yerli hüquq-mühafizə orqanlarına olimpiya oyunlarının keçiriləcəyi 26 avqust-10 sentyabr tarixində gücləndirilmiş iş rejimində xidmət edəcəkləri haqqında göstəriş verilib. Əməliyyat xəritələri, patrul marşrutu, bölmələrin ərazilərdəki xidmət yerləri əvvəlcədən müəyyənləşdirilib. Əslində, bütün bu tədbirlərin həyata keçiriləcəyi təqdirdə hər hansı bir hadisənin baş verməsi mümkünsüz sayılıb. Amma yəqin ki, təhlükəsizlik tədbirləri ilə məşğul olanlar hardasa bir boşluğa, qeyri-dəqiqliyə, yaxud da səriştəsiliyə yol veriblər. Bunun da nəticəsi olaraq olimpiya oyunları tarixində ən böyük faciə baş verib.

Belə ki, 1972-ci ilin sentyabrın 5-də, olimpiya oyunlarının 10-cu günündə Fələstin Azadlıq Təşkilatında yaradılmış “Qara sentyabr” təşkilatının üzvləri gecə saat 4.30-da İsrail idmançılarının qaldıqları Olimpiya kəndinin 31-ci pavilyonuna hücum ediblər. Hücumun ilk dəqiqələrində qaçmağa cəhd edən iki İsrail idmançısı yerindəcə güllələnib. Terrorçular 9 İsrail nümayəndisini girov götürüb. Girovlar ələ keçirildikdən sonra onlar tələblərini irəli sürüblər. Tələb İsrail həbsxanalarında saxlanılan 200 məhbusun azad olunmasından ibarət olub.

Təbii ki, bu tələb yerinə yetirilməsi dəqiqələr ərzində mümkün olmayıb və terrorçular öz tələblərinə “müsbət” cavab almayıblar. Bundan sonra onlar helikopter tələb ediblər və girovları da özləri ilə aparacaqlarını söyləyiblər. Onların bu tələbi yerinə yetirilib, terrorçulara helikopterin verilməsi təmin edilib, onların sonrakı tələbi isə hava limanında təyyarə ilə təmin olunması olub. Girovların və terrorçuların olduğu helikopter hava limanında eniş edib. Terrorçular onlar üçün ayrılmış təyyarəyə minəndə təyyarədə heç kimin (pilotların) olmadığını və həm də onun uçuşa hazır olmadığını anlayanda silahları işə salıblar. Bu məqamda Almaniya polis əməliyyata başlayıb. Ümumilikdə silahlı toqquşma zamanı 11 israil idmançısı, 1 nəfər polis həlak olub. Terror aktı törədən 8 nəfərdən 5-i məhv edilib, 3-ü isə həbs olunub.

Öldürülmüş terrorçuların meyitləri Müəmmar Qəzzafinin tələbi ilə Liviyaya təhvil verilib. Liviyada onları əsl qəhrəmanlar kimi böyük təntənə və böyük izdahamla dəfn ediblər. Bu cür təntənəli mərasim bir çox ölkələrdə geniş müzakirələrə səsbəb olmaqla yanaşı, həm də qıcıq yaradıb.
Həbs olunan üç nəfər Almaniya həbsxanalarında çox da uzun müddətə qalmayıblar. Hadisədən bir ay sonra Almaniya hava yollarına məxsus təyyarə qeyri-müəyyən şəxslər tərəfindən 187 sərnişinlə birgə qaçırılıb və onlar olimpiya oyunları zamanı həbs edilmiş üç fələstinlinin azad olunacağı təqdirdə təyyarəni sərbəst buraxacaqlarını bəyan ediblər. Almaniya şərtlərlə razılaşaraq həbsdə olan üç terrorçunu azad edib.

Bu hadisə Münhendə keçirilən olimpiya oyunlarını yarımçıq qoymayıb. Bir günlük fasilədən sonra turnirlər davam edib. Amma təxminən 15-ə yaxın ölkə terror aktından sonra öz idmançılarını geri çağırıb.
Münhendə keçirilən Yay Olimpiya Oyunları zamanı terror törədiləcəyi əvvəlcədən planlaşdırılıb və bu haqda həm İsrailə, həm də Almaniyaya informasiyalar sızıb. Hələ oyunların başlanmasına 2 ay qalmış İsrail nümayəndə heyətinin rəhbəri Şmuel Lalkin olimpiya oyunlarının təhlükəsizlik departamentinin rəhbərinə rəsmi ünvanladığı məktubda tədbirdəki təhlükəsizlik məsələsindən hədsiz narahat olduğunu bildirib. Bununla yanaşı Almaniya rəsmilərinə də Beyrutdan olimpiya oyunları zamanı terror aktının törədiləcəyi haqqnda informasiyalar daxil olub. Amma Almaniya özünə güvənərək ərazisində heç bir terrorun olmayacağına əminlik nümayiş etdirib. Bu əminliklə də Almaniya olimpiya oyunları tarixinə faciəli bir səhifə yazıb.

İlham Cəmiloğlu, Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 697          Tarix: 5-09-2020, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma