Xəbər lenti


Hazırda həbsdə olan “RoyalBank”ın direktoru Fuad Cam və bankın Müşahidə Şurasının sədri olmuş atası Əli Camın cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.
Musavat.com xəbər verir ki, elə bu ərəfədə yaşlı bir qadının adına "RoyalBank"da 20 min manatlıq kredit ayrıldığı, sənədlərin saxtalaşdırıldığı məlum olub.

Abşeron sakini Həlimə Talıbova deyir ki, bir neçə il əvvəl "RoyalBank"ın müştərisi olub.
Sonra isə onun haqqında anket məlumatlarından istifadə edib, imzasını da saxtalaşdırıb adına kredit ayırıblar. Özünün bundan illərlə xəbəri olmayıb. Yalnız bu il məhkəməyə veriləndə xəbər tutub ki, 26 min manat borcu var.
Məlumat da bildirilir ki, H.Talıbova 2010-cu ilin martında “RoyalBank”dan 20 min manat kredit götürüb. Kreditin illik faizi 22, ödəniş vaxtı isə 4 il olub.

İddiaya görə, H.Talıbova o kreditə görə ümumilikdə 12 min manat pul ödəyib. Bunun da 5925 manatı əsas borcdan çıxılıb, 6075 manatı faiz hesablanıb.
Daha sonra Mərkəzi Bank 2012-ci il iyulun 13-də “RoyalBank”ın lisenziyasını ləğv edib. Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur.
Məhkəmədə H.Talıbovaya qarşı iddia qaldıran da Fonddur. Fond vətəndaşdan 21 min manat pul tələb edib. Bunun 14 min manatı əsas borc, 7 min manatı isə faizdir. Sonradan Fondun tələbləri artıb, dəbbəpulu və s. də istənilib. Nəticədə tələb olunan məbləğ hazırda 26 min manata çatıb.

İlk olaraq Abşeron rayon Məhkəməsi bu iddianın 23 min 750 manatlıq hissəsini təmin edib. H.Talıbovanın Fonda bu qədər vəsait ödəməsi haqda qərar çıxarıb.
Talıbova bu qərardan narazı qalaraq bu ilin iyulunda apellyasiya şikayəti versə də, nəticə dəyişməyib.
Sumqayıt Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. İndi o, Ali Məhkəməyə üz tutmaq niyyətindədir.
Maraqlıdır ki, sənədlərdə yazılıb ki, Talıbova krediti bankın 8 saylı filialından götürüb.

Amma H.Talıbova deyir ki, həmin filialın heç harada yerləşdiyini də bilmir.
Onun sözlərinə görə bu işə Abşeron rayon Məhkəməsində baxılanda bankın işçilərinin məhkəməyə çağrılıb dindirilməsini, onlardan xətt nümünələri götürülməsini istəyib.
Amma məhkəmə deyib ki, bank bağlandığına görə, işçiləri gətirmək mümkün deyil.
"Mən uzun illər əvvəl həmin bankdan 1000 manat kredit götürüb vaxtında ödəmişəm. Eşitdiyimə görə, müdiriyyət müştərilərin əvvəlki sənədlərilə saxta kredit müqavilələri yazıb, böyük məbləğdə pullar götürüb, sonra da ödəməyib. Yaşlı adamam, heç yerdə işləmirəm. Bank mənə 20 min manat kredit də verməzdi. Sənədlərdə 20 min manatın mebel alınması üçün ayrıldığı göstərilib. Mənim isə mebelə ehtiyacım olmayıb",- deyə

Talıbova qeyd edib.
Qeyd edək ki, hazırda həbsdə olan “RoyalBank”ın direktoru Fuad Cam və atası, bankın Müşahidə Şurasının sədri olmuş Əli Cam beynəlxalq axtarışa verilərək tapılıb. Onlar külli miqdarda mənimsəmədə ittiham edilirlər.
İlkin Muradov
Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 1 354          Tarix: 8-09-2020, 18:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma