Jurnalist dostumuz Xəqani Səfəroğlunun sosial şəbəkədə yazdığı bir statusun ətrafında yaranan qalmaqal göstərir ki, cəmiyyətdə onun toxunduğu mövzuya dair ciddi problemlər var.
Xəqaninin statusu bundan ibarətdir ki, o, azyaşlı övladları ilə metro qatarında gedərkən üzbəüzdə əyləşən gənc oğlan və qızın heç kəsi saya salmadan intim hərəkətlərə yol vermələrinə sərt təpki göstərib.
Bu hərəkətinə və yazdığı statusa görə onu kütləvi şəkildə qınayanlar, pisləyənlər, hətta təhqir edənlər var.
Xəqani gənclərə irad bildirərəkən bir qədər sərt, həddindən artıq əsəbiləmiş ola bilər, amma bu onu təhqir etməyə əsas vermir.
Həmkarımı 19 ildir tanıyıram. O zaman o, hələ gənc və subay idi, amma oturuşunu, duruşunu bilən ciddi oğlan idi. Elə də qalıb. Xəqani bu ölkədəki dürüst, vicdanlı, savadlı insanların ön cərgəsindədir, nümunəvi ailə başçısıdır.
Əgər gənclər o hərəkəti onun azyaşlı övladlarının yanında etməsəydilər, Xəqani öz üzərinə “əxlaq keşikçisi” funksiyası götürməzdi, üzünü döndərər, onlara fikir verməzdi. Ancaq söhbət azyaşlı övladlardan gedirsə, təbii ki, əksər atalar kimi, Xəqaninn də öz övladlarının pis örnəyin şahidi olmalarını istəməməsi normaldır.
O, elə bir övlad yetişdirir, yetişdirmək istəyir ki, sabah universitetə daxil olacaqlar, həkim, müəllim, mühəndis olub cəmiyyətə fayda verəcəklər, möhkəm ailə quracaqlar.
İndi gələk gənclərin ictimai yerdə yerdə yol verdiyi hərəkətə. Sovet vaxtı öpüşmə səhnələri olan filmlərə 16 yaşından aşağı uşaq və yeniyetmələri buraxmırdılar. Təkcə bu ölkədə deyildi, hazırda inteqrasiya olunmaq istədiyimiz Avropada da eləydi.
Məsələn, Azərbaycan tamaşaçısına “komissar Kattani” kimi tanış olan aktyor Miçel Plaçidonun çəkildiyi bir italyan filmi var, o filmdə Plaçido 17 yaşlı hamilə arvadıyla kinoteatra gəlir, kassir onlara bilet satmır ki, qızın 18 yaşı yoxdur. Plaçido deyir, sinyor, bu qadın artıq hamilədir, o öpüşmə səhnələri olan filmə baxsa nə olacaq ki. Kassir deyir, dəxli yoxdur, qanun var, qayda var.
İndi necə ola bilər ki, azyaşlıların intim hərəkətlər, erotik epizodlar olan filməkinoteatrda baxması qanunla qadağandır, amma kimlərsə həmin epizodları canlı şəkildə ictimai yerlərdə,özü də azyaşlıların gözü önündə edə bilər və buna görə onlara irad tutmaq olmaz.
Bəzən ABŞ-ı, Avropanı misal göstərirlər, “bu onlarda adi şeydir” deyirlər. Elə şey yoxdur. Azdan, çoxdan, Amerika da görmüşük, Avropa da. Orda da sevgili cütlüklər qol-qola, mehribancasına gəzirlər, amma harda gəldi cütləşmirlər, mazaqlaşmırlar. Belə hərəkətlər etmək zərurəti duyanlar isə olduqları məkanı nəzərə alırlar, azyaşlılar varsa, özlərini yığışdırırlar. Özlərini ram edə bilməyənlərisə mütləq yaşlıların iradıyla üzləşirlər.
2010-cu ilin mayında ABŞ-ın Cənubi Karolina ştatında olarkən müxtəlif əyləncə məkanlarına da getdik, yüzlərlə sevgili cütlük gördük, bircə dəfə ictimai yerdə öz məhrəm münasibətlərini xalqa nümayiş etdirənləri görmədik. Deyirdilər, gülürdülər, zarafatlaşırdılar, hətta qol-boyun da gəzirdilər, amma erotik hərəkətlərə yol vermirdilər.
Bələdçimiz deyirdi ki, bura Amerikanın mühafizəkar yerlərindən biridir, burada ailə dəyərlərinə, adət-ənənələrə ciddi fikir verirlər.
Sonradan biz yaşlı cütlüklərlə də tanış olduq. Aralarında 60-65 yaşlılar da vardı, 75-80 yaşlılar da. Onlar görüş boyu bir-birinin əllərini buraxmırdılar, bir-birinə qarşı sayğılı,diqqətcil idilər. Bir ailə Qırğızıstan və Gürcüstandan gələn və onların himayəsində olan iki gənc qızı da özləriylə gətirmişdi, bir saniyə gözlərindən kənara qoymurdu. Əslində isə buna xüsusi ehtiyac yox idi. Bir həftə ərzində Cənubi Karolinanın paytaxtında olduq, amma hansısa qadına marıtlayıb baxan, söz atan, nəsə bir tərbiyəsizlik, mədəniyyətsizlik edən görmədik.
2015-ci ilin dekabrında Brüssellin dəmiryol vağzalında öpüşən gənclər də gördük. Bir azdan ayrılacaqdılar, bir xeyli qucaqlaşıb durdular. Hamı da anlayırdı ki, bu, cinsi münasibətlərin ayırd edilməsi prosesi deyil, ayrılıq vidalaşmasıdır.
Söhbət ondan gedir ki, hər şeyin yeri-yatağı, öz uyğun məkanı var. Vaxt gələcək, bu gün ictimai nəqliyyatda öz açıq-saçıq hərəkətlərinə görə qınanan gənclər 40 yaşlarını keçəndə vaxtilə özləri kimi edənlərə irad tutacaq, “burda sizdən başqaları da var, tərbiyəli olun” deyəcəklər.
Cəmiyyət bu kimi hərəkətlərə təpki (bəzən sərt rekasiya) verməsə, içindən dağılar, bütün dəyərlər məhv olub gedər. Müasirlik də bir yerə qədər.
P.S. Yazının başlığı ustad şaiimiz Xaqani Şirvaninin bir şeirinin misrasından götürülüb.
Musavat.com
Paylaş: