Xəbər lenti
 

Düşənbədənin qərb hissəsində yerləşən bir yanacaqdoldurma məntəqələrində güclü partlayış baş verib.
 
Ovqat.com Tacikistan Yanğından Mühafizə İdarəsinə istinadən xəbər verir ki, partlayış nəticəsində ortaya çıxan atəşin hündürlüyü 50 metrə yüksəlib.
 
Məlumatda yaxınlıqdakı binaların ciddi zərər gördüyü, ölüm və yaralananların olduğu bildirilir, ancaq itki barədə hər hansı rəqəm göstərilmir.
 
Xatırladaq ki, bir neçə gün əvvəl Tacikistan və Qırqızıstan sərhəddində də su mübahisəsi üstündə silahlı toqquşma baş vermiş, indiyədək 50 nəfər ölmüş, 200-ə yaxın insan yaralanmışdı. İki ölkənin də Silahlı Qüvvələrinin qarışdığı insidentin regionu qarışdırmaq istəyən xarici qüvvələrin təxribatı ola  biləcəyi ehtimalı var. Belə bir gərgin vəziyyətdə Tacikistanın paytaxtında güclü partlayışın meydana gəlməsi təsadüfidirmi, yoxsa hansısa bir əl Orta Asiyanı qan çanağına döndərmək istəyir?


 
Ovqat.com-un suallarını cavablandıran fəlsəfə elmləri doktoru, siyasi şərhçi Aydəm İsmayılov bu barədə qəti söz demək üçün hələ tez olduğunu, bəzi faktların gün işığına çıxmasını gözləməyin vacibliyini vurğulayıb. Bununla belə, o, Qırğıstan-Tacikistan sərhəddində baş verən münaqişə ilə bu partlayış arasında əlaqənin ola biləcəyini də istisna etmir: 
 
“Mümkündür ki, regionda marağı olan hansısa qüvvələr həqiqətən də Orta Asiyanı qarışdırmaq istəsinlər. Bilirsiniz ki, Orta Asiya tarixən nəhəng güclərin maraq dairəsində olub. Hər kəs bu bölgəni ələ keçirməyə çalışıb. Çünki bölgə həm təbii sərvətləri ilə zəndindir, həm bərəkətli torpaqları var, həm də Qərblə Şərqin arasında körpü özəlliyi daşıyır. Uzun əsrlər boyu Çindən, Hindistandan Avropaya uzanan “İpək yolu” marşrutu bu ərazilərdən keçib. Beynəlxalq ticarətin təhlükəsizliyini təmin etmək üçün bütün güclü dövlətlər bu əraziləri ələ keçirməyə çalışıb. Təsadüfi deyil ki, regionun hakimi olan türklər İstanbulu aldıqdan sonra bağlanan “İpək yolu” marşrutu Qərbi yeni yol axtarışlarına vadar edib və Amerika məhz bu səylər nəticəsində kəşf olunub”.
 
Həmsöhbətimizin sözlərinə görə, Orta Asiyanın bu geosiyasi əhəmiyyətinə diqqət çəkən ingilis coğrafiyaşünas Halford Con Makkinder bölgəni “dünyanın ürəyi” kimi xarakterizə edib: “Coğrafiyaşünas qələmə aldığı "Tarixin coğrafi məhvəri" kitabında Atlantiklə Sakit okeanın sahiləri arasındakı coğrafiyanı “dünyanın ürəyi” adlandırıb. Makkinderin fikrincə, bu ərazilərə   hakim olan qüvvə dünyanın yenilməz super gücünə çevrilir. Bu ərazi isə Xəzərətrafı ərazilərdən başlayaraq Orta Asiyaya qədər uzanır. Fərqanə vadisi “dünyanın ürəyi”nin tam mərkəzi hesab olunur”.


 
Orta Asiyada baş verən hadisələri Makkinder nəzəriyyəsi ilə şərh edən Aydəm İsmayılov Fərqanə vadisində gərginliyin yaranmasında bir çox ölkələrin əli ola biləcəyini düşünür: “Bilirsiniz ki, sovet hakimiyyəti dövründə bu regionun tam ağası Rusiya idi. Çin də hələ 60-cı illərdən etibarən bu ərazilərə iddiasını dilə gətirir, hətta SSRİ ilə az qala savaşa hazırlaşırdı. SSRİ dağıldıqdan sonra Pekinin əraziyə iddiaları daha da artdı. Son zamanlar Çinin Orta Asiya ölkələrinə ciddi investisiyalar qoyaraq regionu tamamilə ələ keçirməyə çalışması da sirr deyil. Rusiyanın iqtisadi imkanları tükəndikcə və Qərblə konflikti böyüdükcə Orta Asiyanı itirmək qorxusu da artır. Moskva bu ehtimalı sovet hakimiyyəti dövründə nəzərə aldığından həmin ərazilərdə qəribə inzibati-siyasi bölgü yaradıb. Demək olar ki, bütün ölkələrin bir-birinin içində eksklavları var. Bu eksklavlar istənilən an hərəkətə keçirilə bilən saatlı bombalardır. Rusiya bölgəyə nəzarətini itirdikcə, bu bombaların düyməsinə basır və basacaq da. Qırqıstan və Tacikistan arasında çıxan son gərginlik də məhz həmin eksklavlarda baş verir. Hadisənin su üstündə çıxması da təsadüfi deyil. Orta Asiya sudan ciddi əziyyət çəkən regiondur və bölgənin su ehtiyatı iki böyük çayda toplanıb. Həmin çaylardan biri Tacikistandan, digəri isə Qırğıstandan başlayır. Hər iki ölkənin faktiki Orta Asiyanın su ehtiyatına tam nəzarət imkanı mövcuddur. Mümkündür ki, bu ziddiyyətləri artırmaqla Moskva bölgəni əlində saxlamağa çalışır. Duşənbədə baş verən dünənki partlayış da hadisələri daha da şiddətləndirməyə xidmət edə bilər”.
 
Həmsöhbətimiz hadisələrin körüklənməsində ABŞ-ın da maraqlı ola biləcəyini istisna etmir. Onun fikrincə, Vaşinqtonun məqsədi regionu atəş çəmbərinin içinə atmaqla həm Çinin Orta Asiyanı investisiya aləti ilə ələ keçirməsinin qarşısını almaq, həm də Rusiyanı Pakistan və Türkiyə ilə silahlı rəqabətə sürükləmək ola bilər: “Bilirsiniz ki, hələ 1979-cu ildə SSRİ Fərqanə vadisinin son hissəsini də nəzarət altına almaq üçün Əfqanıstanı işğal etmişdi. ABŞ ona bu fürsəti vermədi və 10 il davam hibrid savaşını başlatdı. Bu savaşda Rusiyaya qarşı vuruşan qüvvələrin əsas logistik bazası Pakistan idi. Sovet qoşunlarına qarşı vuruşan islamçı qüvvələr Pakistanda yetişdirilir və Əfqanıstana göndərilirdi. Elə adlarını da burdan almışdılar; Taliban ərəbcə tələbələr demək idi. 10 illik amansız müharibədən sonra SSRİ Əfqanıstandan məğlubiyyətlə ayrıldı və bununla da çöküşü başladı. Maraqlıdır ki, 2001-ci ildən Əfqanıstanı işğal altında saxlayan ABŞ indi həmin ölkəni yenə Talibana ötürərək regionu tərk etməyə qərar verib. Bu, Fərqanə vadisinin digər şimalında planlaşdırılan yeni hibrid savaşının logistik mərkəzinin Əfqanıstana köçürülməsi anlamına gəlir. Əfqanıstan Talibanları bu gərginlikdən istifadə edərək Orta Asiyada hakimiyyəti ələ keçirməyə çalışacaqlar. Nəticədə bölgənin stabilliyi tamamilə pozulacaq və Rusiyanın qarşısında iki yol qalacaq: ya bölgəni əlində saxlamaq üçün öz “sülhmərarmlılarını” həmin eksklavlara yerləşdirmək, ya da Orta Asiyanı əbədi olaraq tərk etmək. Hər iki ehtimal Rusiya üçün ölümcül nəticə deməkdir. Birinci ehtimalda, Rusiya Talibanla  savaşmaq məcburiyyətindədir ki, bunun ağır nəticələrini 1989-cu ildə görüb. Üstəlik, o vaxt Rusiyanın ən qüdrətli vaxtları idi və Əfqanıstanda özü yox, “qara millət” hesab etdiyi müsəlman gənclərini döyüşdürürdü. İndisə daha zəif bir qüvvə və öz əsgərləri ilə döyüşü davam etdirməlidir. Düşməni isə daha müasir silahlarla təchiz olunmuş Taliban olacaq. Suriyadan fərqli olaraq Fərqanə vadisi təbii istehkamlar sayılan dağlarla əhatəlidir və coğrafi üstünlük Talibanların işinə yarayacaq. 
 
İkinci ehtimal isə Rusiyanın döyüşə başlamadan rinqə dəsmal atması deməkdir”.
 
Həmsöhbətimizin fikrincə, bu savaş başlayarsa, istər-istəməz Pakistanla Türkiyə də seyrçi qalmayacaq və Orta Asiyada tökülən qanların qarşısını almaq üçün tərəflərə gizli yaxud açıq dəstək verəcəklər: “Belə olan təqdirdə isə İran da prosesə daxil olacaq. Göründüyü kimi, Orta Asiyada yaradılan yeni konfliktə ABŞ Şərqdəki bütün rəqiblərini cəlb etməyə çalışır. Əsas hədəfi isə Rusiya və Çini çökdürməkdir”, - Aydəm İsmayılov belə deyib.
 


Ana səhifəyə qayıt        Baxış: 5 906          Tarix: 2-05-2021, 09:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma