Xəbər lenti

 
İranın ali lideri Əli Xamenei dünən Müəllimlər və İşçilər günü münasibətilə çıxışında ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin mətbuata sızdırılan səs yazısına münasibət bildirib.
 
Ovqat.com xəbər verir ki, dini rəhbər, Zərifin sözlərini eşidərkən kədərləndiyini deyib.
 
“Bu sözlərin bəziləri düşmənlərimizin danışıqlarının təkrarıdır. ABŞ-ın ittihamlarının təkrarıdır,"- deyə Xamenei vurğulayıb.
 
18 iyunda keçiriləcək prezident seçkiləri ərəfəsində bu səs yazısını yayımlayan medianı "anti-İran və düşmən medya" kimi xarakterizə edən Xamenei ABŞ-ın İranın bölgədəki təsirindən narahat olduğunu və Qasim Süleymanini də elə bu səbəbdən öldürdüyünü iddia edərək, dolayısıyla Zərifin düşmənlərdən ilhamlandığına ehyam vurub.
 
 "İranın mənəvi təsirinin amili olan hər şey onlar üçün zərərlidir.  Qüds Gücü briqadası və Şəhid Süleymani ilə əlaqədar onların sözlərini təkrarlamamalıyıq. “Qüds Gücü” İranın Qərbi Asiya siyasətini həyata keçirir və İranın oradakı ən təsirli gücüdür", - deyən ali dini lider Zərifə xatırladıb ki, onun vəzifəsi ölkənin xarici siyasətini müəyyənləşdirmək yox, bir çox ali qurumlar tərəfindən müəyyənləşdirilən siyasəti həyata keçirməkdir: "Dünyanın heç bir yerində xarici siyasət Xarici İşlər Nazirliyi tərəfindən müəyyənləşdirilmir. Xarici siyasət ölkənin yuxarı qurumları tərəfindən təyin olunur. Xarici İşlər Nazirliyi isə qərar qəbul edən orqan deyil, icraçıdır. Tərəflərdən biri digəri yox saymamalıdır. Bu, böyük bir səhvdir, İran rəsmiləri bu böyük səhvi etməməlidirlər. Buna inanmadığımızı və qəbul etmədiyimizi ifadə edən ifadələr istifadə etməməliyik. Diqqətli olmalıyıq, düşməni sevindirməmək üçün də diqqətli olmalıyıq. "
 
Qeyd edək ki, aprelin 25-də İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin jurnalistlərdən birinə verdiyi gizli müsahibə Londonda fəaliyyət göstərən ““Iran International TV”-də yayımlanmışdı. Zərif bu səsyazısında Qasım Süleymanini sərt tənqid etmiş və onu XİN-in müstəqil fəaliyyətinə izn verməməkdə günahlandırmışdı. Səs yazısı İranda böyük təpkilərə səbəb olmuş, bir çox siyasilər Zərifi istefaya çağırmışdılar. Nəhayət tənqidlərə tab gətirməyən nazir dünən İnstagram səhifəsində “böyük İran xalqı”ndan və Süleymaninin ailəsindən üzr istəmişdi. Xameneinin sözlərindən isə belə çıxır ki, mərhum Qasım Süleymaniyə dil uzadaraq düşmən dəyirmanına su tökən baş diplomatı bağışlamaq fikrində deyil.

Dini liderin Cavad Zərifi üzr istətdiyi xalqın qarşısında danlamasının seçki ərəfəsinə düşməsi də təsadüfi deyil. Məlum olduğu kimi, İranda növbəti prezident seçkiləri iyun ayının 18-də keçiriləcək. Seçkilərə cəmi ay yarım qaldığı bir dövrdə dini liderin indiki siyasi hakimiyyətin aparıcı fiqurunu danlaması islahatçıların “kitabının artıq bağlanması”na dəlalət edir.
 
Yeri gəlmişkən dünənki çıxışında Xamenei seçkilərə də münasibət bildirib. O deyib ki, seçkilər sözün əsl mənasında mühüm bir fürsətdir. 
 
"Xalqı seçkilərdə məyus etmək yanlışdır. Aldadıcı vədlər verilməməli və namizədlər öz platformalarını təqdim etməlidirlər. Seçkilər dövlətçiliyimizin təməllərini möhkəmləndirir",-deyə Ali lider vurğulayıb.
 
Onun fikrincə, xalq seçkiyə gələrsə, heç bir güc ölkəni tərpədə bilməz: "Seçkidə iştirak edən vətəndaş əslində ölkənin və gələcəyin taleyini düşünür. Bu səbəbdən kimsə seçkilərin əhəmiyyətini şübhə altına almamalıdır. Əmanətə xəyanət ötən heç bir seçkidə mütləq baş verməyib. Buna görə də yalan yerə ittiham etmək əxlaqa ziddir, iğtişaş isə cinayətdir". 
 
Ayətullah Xamenei  onu da diqqətə çatdırıb ki, qərblilər İranın siyasətini öz çətirləri altına almaq istəyirlər: "Qacarların sonlarında və Pəhləvi dönəmində İranın siyasətinə onlar nəzarət edirdilər. İslam inqilabı bu vəziyyəti dəyişdi və indi onlar bu prosesi dəyişməyə çalışırlar. İranın Çin və Rusiya ilə əlaqələrinə xor baxmaları da bundan qaynaqlanır". 
 


Ana səhifəyə qayıt        Baxış: 5 611          Tarix: 3-05-2021, 13:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma