Xəbər lenti


Ermənistanda keçirilən növbədənkənar seçkidə Nikol Paşinyana uduzan sabiq prezident Robert Koçaryan parlamentin işində iştirak edib-etməyəcəyi barədə hələ qərar verməyib.

“AzPolitika.info” xəbər verir ki, İrəvanda mətbuat konfransı keçirən Koçaryan parlamentdə oturmağa həvəsli olmadığını deyib: “Mən hələ deputat mandatımla nə edəcəyim barədə qərar verməmişəm. Mən icra hakimiyyəti adamıyam. Özümü qanunverici orqanda pis təsəvvür edirəm. Bizim komandanın bir hissəsi hesab edir ki, parlamentdə olmalı və onun tribunasından siyasi mübarizə üçün istifadə etməliyəm. Digər hissə isə hesab edir ki, bunu etmək lazım deyil. Mənim belə bir həvəsim yoxdur. Mən bunu etməməyə meylliyəm, ancaq qəti qərar hələ yoxdur. Mən özümü parlamentdə pis təsəvvür edirəm”.

Məlum olduğu kimi, Ermənistanın bundan əvvəlki parlamenti kifayət qədər açıq debatların keçirilməsi, qarşıdurmalar, hətta dava-dalaşlarıla yadda qalıb. Görünür, Koçaryan bu cür açıq siyasi mübarizədən çəkinir və bilir ki, onun parlamentdə Paşinyanın partiyasının üzvləri ilə kəllə-kəlləyə gələ biləcək halı yoxdur. Digər yandan da mandatın ona qazandırdığı üstünlüklərdən imtina etmək istəmir.

Ən əsası isə Koçaryan bu çıxışı ilə özü hətta mandatdan imtina edəcəyi təqdirdə belə, onun rəhbərlik etdiyi blokun parlamentin işinə qatılacağını təsdiqləmiş oldu. Hansı ki, erməni mətbuatında müxalifətin bütünlüklə deputat mandatlarından imtina edəcəyi barədə məlumatlar dolaşırdı.



Ana səhifəyə qayıt        Baxış: 3 451          Tarix: 22-06-2021, 13:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma