Xəbər lenti

 
Xatırlayırsınızsa, bu günlərdə rəsmi Bakı Azərbaycanda akkreditə olunmuş səfirlərin və diplomatların Dağlıq Qarabağa və ətraf ərazilərə səfərini təşkil etmişdi. ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr-ABŞ, Rusiya və Fransanın səfirləri isə bu səfərə qatılmamışdılar. Bununla əlaqədar Azərbaycanda ciddi narazılıqlar sürərkən, Ermənistandakı Fransa səfiri də öz münasibətini açıqlamışdı. Onun fikrincə, Qarabağın statusu məsələsi həll olunmayana qədər problemin öz həllini tapmış sayılmayacaq.
 
Maraqlıdır ki, Minsk qrupunun digər iki həmsədr ölkəsi – Rusiya və ABŞ-dan Fransanı dəstəkləyən bir kəlmə belə eşidilməmişdi. Qarabağ probleminin Rusiya tərəfindən yaradıldığını və münaqişənın davam etməsinin onun maraqlarına uyğun olduğunu, hətta məhz bu səbəbdən “sülhməramlı” kontingentini Azərbaycan ərazisinə soxduğunu nəzərə alsaq, rəsmi Moskvanın susqunluğunu anlamaq çətin deyil. Bəs, ABŞ bu məsələdə nə düşünür?
 
Görünür, bu suala aydınlıq gətirmək və ABŞ səfirinin Şuşaya səfərində iştirak etməməsinin nə mənaya gəlməsini araşdırmaq üçün “Amerikanın səsi” radiosunun erməni xidməti ABŞ Dövlət Departamentinin fikrini öyrənib. 
 
Ovqat.com xəbər verir ki, Dövlət Departamentinin cavabı belə olub:
 
"Biz ötən ilin payızında Ermənistanla Azərbaycan arasında münaqişənin yenidən başlanmasının təsirindən dərindən narahatıq və regionda humanitar ehtiyacları dəqiq dərk edirik".
 
ABŞ-ın dövlət katibi Blinkenin və Fransanın xarici işlər naziri Le Driananın bu yaxınlarda Vaşinqtonda keçirilmiş görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin müzakirə edilməsi məsələsinə toxunan Dövlət Departamenti bildirib ki, Fransa və ABŞ-ın diplomatik qurumlarının rəhbərlərinin Vaşinqtondakı görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi Ermənistan ilə Azərbaycan arasında möhkəm sülhə nail olmağa kömək edəcək birgə fəaliyyətlərdən danışıblar.
 
Dövlət Departamenti ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində sülh yolu ilə nizamlanmaya dəstək verdiyini də bəyan edərək vurğulayıb: "ABŞ ATƏT-in Minsk qrupunun həmsədrliyi prosesini dəstəkləyir və Helsinki Yekun Aktına - güc tətbiq etməmək və ərazi bütövlüyü, bərabər hüquqlar əsasında xalqların öz müqəddəratını təyin etməsi prinsipinə söykənərək tərəflərin münaqişənin daimi həllinə kömək etməyə sadiqdir".
 
Ovqat.com-un şərhi
 
Göründüyü kimi, ABŞ Qarabağ münaqişəsinin həllində 3 prinsipi əldə rəhbər tutduğunu bildirir: güc tətbiq etməmək həll, ərazi bütövlüyü və bərabər hüquqlar əsasında xalqların öz müqəddəratını təyin etməsi. Bu prinsiplərdən ikisi - ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi bir-birinə ziddiyyət təşkil etsə də, açıqlamadakı sıralama üstünlüyün ərazi bütövlüyünə verildiyini göstərir və beynəlxalq hüquq baxımından belə də olmalıdır. Üstəlik, ABŞ Prezidenti Co Baydenin ötən ayın 12-də İngiltərədə Böyük Britaniya Baş naziri Boris Consonla imzaladığı Yeni Atlantik Xaritiyasında da  açıq şəkildə vurğulanırdı: “Tərəflər "suverenlik, ərazi bütövlüyü və mübahisələrin sülh yolu ilə həlli prinsiplərinə sadiq" olduqlarını bildirirlər. Sözsüz ki, belə bir xartiyaya imza atan ciddi dövlət öz prinsiplərindən kənara çıxa bilməzdi. Təsadüfi deyil ki, Dövlət Departamentinin mövzu ilə bağlı açıqlamasında da Qarabağın statusu məsələsi isə ümumiyyətlə dilə gətirilmir. Bununla belə, açıqlamadakı “bərabər hüquqlara əsaslanan öz müqəddəratını təyinetmə prinsipi” sözləri referendum fikrini ağla gətirsə də, Azərbaycan Konstitusiyasına görə, bu, yalnız ölkənin bütün ərazisində və hər kəsin iştirakı ilə keçirilə bilər.
 
Azərbaycan Konstitusiyasındakı müvafiq maddələr:
 
Maddə 3. Ümumxalq səsverməsi-referendum yolu ilə həll edilən məsələlər
 
I. Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər.
II. Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:
1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.
 
 

Maddə 11. Ərazi

 
I. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
 
II. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.
 
III. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.
 
Sirr deyil ki, Azərbaycan beynəlxalq təzyiqlərə məruz qalıb hətta referendum keçirsə belə, xalqımız öz əzəli torpaqlarını ermənilərə hədiyyə etməz. Yəqin, bunu erməni separatçıları da dərindən anlayırlar və belə bir xəyala düşməzlər. Deməli, sülh yoluyla Qarabağın statusu məsələsi həll olunmuş kimidir. Hərb yolu ilə isə məsələnin həllinin necə ola biləcəyini 44 gün savaş göstərdi. Görünür, prezident İlham Əliyev “status cəhənnəmə getdi” deyərkən bunları nəzərdə tutur.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 902          Tarix: 16-07-2021, 12:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma