Xəbər lenti
27-11-2024, 19:25

 
“3-5 ədəd istifadə edilmiş təyyarə ilə regionda güc nisbətini dəyişdirmək mümkün deyil.
 
Ovqat.com xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Xülusi Akar Yunanıstanın Fransadan 18 ədəd “Rafale” döyüş təyyarəsi almasını şərh edərkən belə deyib.
 
Yunanların aldıqları “Rafale” təyyarələrinə çox güvənməmələrinə eyham vuran Türkiyənin Milli Müdafiə naziri onlara ən yaxşı özünüqoruma alternativlərinin qonşuları ilə sülhpərvər münasibətlər olacağını xatırladıb: "Yunan qonşularımıza hər zaman problemlərə sülh, əmin-amanlıq və razılaşmalar çərçivəsində dialoq yolu ilə siyasi həll yolları tapmağın tərəfdarı olduğumuzu söyləyirik. Yunan qonşularımız isə təxribatçı açıqlamalarından, aqressiv ritorikalarından heç vaxt vaz keçmədi və keçmir".
 
Türkiyənin Egey, Aralıq dənizi və Kiprdə öz hüquqlarını, maraqlarını və mənafelərini qorumaq yolunda qərarlı olduğunu, onun ordusunun isə vəzifə borclarını yerinə yetirməyə davam etdiyini vurğulayan Akar Yunanıstana “səmimi ürək sözlərini” çatdırıb:
 
"Bunu səmimi söyləyirik. Bir tərəfdə Lozanna, digər tərəfdə Paris razılaşmaları var. Yunan qonşularımız bunları belə yox saymağa və görməməzlikdən gəlməyə meyllidir. Bunu qəbul etməyimiz mümkün deyil. Üstəlik, hərbi statusu olmayan adalar da var. Tərəflər müqavilələri bağlayarkən bu razılığa gəlib və deyiblər ki, "bu adalar silahlana bilməz, hərbi olmayan vəziyyətdə qalacaqlar". Biz də bu barədə razılığa gəldik. Bunlar indi silahlandırılırlar. "Təhlükə var",-deyirlər. Halbuki heç bir təhdid yoxdur. Heç bir təhlükə yoxdur. Hazırda Türkiyənin Yunanıstana qarşı təcavüzkar bir münasibəti yoxdur. Biz dialoq, beynəlxalq müqavilələr, qanunlar, hüquqi yanaşmalardan yanayıq. Fəqət hər cür təxribat xarakterli bəyanatlarla bizim sülh yaratmaq təşəbbüsümüzü alt-üst edirlər”.
 
Suverenliyi razılaşmalarla Yunanıstana verilməyən adalar və qayalar mövzusuna da toxunan Akar bildirib ki, qarşı tərəf onları qorumaq üçün təcavüzkar mövqe sərgiləyir. 
 
"Onlar silah yarışına gedirlər. Təyyarələr, silahlar və texnikalar alırlar. Üç və ya beş istifadə edilmiş təyyarə ilə güc nisbətini dəyişdirmək mümkün deyil. Buna görə də Yunan qonşularımızın dinc və siyasi həllər üçün səy göstərməsini gözləyirik , aqressiv yolla deyil,buradakı problemləri həll etmək səylərimizə töhfə vermələrini arzulayırıq. Bir tərəfdən məsləhətçi görüşlər keçirir, digər tərəfdən NATO-da mövqelərimizi müəyyənləşdirmək üsulları ilə də etibar artırıcı danışıqlar aparırıq. Bu cür 3 görüşdən  ikisi Afinada keçirildi. Dördüncü görüşün də Ankarada keçirilməsini planlaşdırır və onları səmimi şəkildə bu görüşə dəvət edirik. Yunan qonşularımızdan sülh həll yollarını dəstəkləmələrini və beləliklə Egey və Aralıq dənizini bir sülh dənizinə çevirməsində öz töhfələrini vermələrini gözləyirik. Bəzi əlavə xərclərlə Yunanıstanın borclu xalqının rifahına daha artıq zərbə vurmağın mənası yoxdur. Biz onların sülh içində yaşamalarının tərəfdarıyıq. Bütün fəaliyyətimiz buna yönəlmişdir”, - nazir Yunanıstanın son silahlanma siyasətini tənqid edərkən deyib:
 
 
Xülusi Akar Türkiyənin Egey, Şərqi Aralıq dənizi və Kiprdə həm özünün, həm də Kiprli qardaşlarının hüquqlarını və mənafelərini qorumaqda qərarlı olduğunu da yunanların diqqətinə çatdırıb: “Bu mövzuda edilməsi lazım olan hər şeyi əzm və qətiyyətlə etdik və edəcəyik. Heç kim buna şübhə etməsin. Hamının bir oldu-bitdiyə yol verməyəcəyimizi bilməsini istəyirik. Bu günə qədər hüquqlarımızı heç kimə yedirtmədik və gələcəkdə də yedirtməyəcəyik. Biz problemlərin həllində dinc yolların seçilməsinə, qarşılıqlı iş birliyinə hazır olduğumuzu qarşı tərəfə dəfələrlə söyləməmişik və bundan sonra da söyləməyə davam edirik. Yunan qonşularımızdan gözlədiyimiz də budur".
 
Xülusi Akar “50 ildir sınan və heç bir nəticə verməyən metodların heç bir nəticə vermədiyi” vurğulayaraq bildirib ki, məhz bu səbəblərdən də Türkiyə və Şimali Kipr öz qərarını verib: Kipr adasında iki bərabərhüquqlu dövlət variantı daha optimaldır: “Cənubi Kipr rum hakimiyyəti Annan Planını rədd edən bir cəmiyyətdir. Gəldiyimiz nöqtədə əlavə zaman itirməyin mənası yoxdur. QKTC və Türkiyə bu mövzuda qərar verdi: Suveren, müstəqil, iki bərabərhüquqlu dövlət. Hər kəs bunu həzm etməli və mənimsəməlidir”.
 
Adanın nütün zənginliklərinin, xüsusilə də karbohidrogen ehtiyatlarının ədalətli paylaşılmasının vacibliyini vurğulayan Akar yunanlara çox önəmli xəbərdarlıq ünvanlayıb: "Kiprdəki türkləri, Türkiyə Cümhuriyyətini yox sayaraq bir yerə gedə bilməzsiniz. Türkiyə müqavilələrə sahib qarant dövlətdir. Digər qarantlar nə edər-etməz özləri bilərlər, amma biz  zəmanətçi olaraq hüquq və vəzifələrimizi hər zamankı olduğu kimi yenə də yerinə yetirməyə qərarlıyıq”.
 
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 226          Tarix: 27-07-2021, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma