Xəbər lenti

 
Ukraynanın Baş Prokurorluğu Rusiyanın Müdafiə naziri Sergey Şoyqunu Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə verməyə hazırlaşır.
 
Ovqat.com-un məlumatına görə, Şoyqu 2014-cü ildə Donbassda törətdiyi cinayətlər səbəbindən Haaqada “məhşər ayağına çəkilə” bilər.
 
İttiham aktında bildirilir ki, 2014-cü ildə Donbassda baş qaldıran qiyama Rusiyanın Müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və daha səkkiz general şəxsən rəhbər ediblər. Baş Prokurorluq həmçinin, Rusiya ordusunun münaqişənin başlanmasından etibarən tanınmamış “respublika”ların silahlı qüvvələrinə 5 mindən artıq rus hərbçisi göndərdiyini iddiasındadır.
 
Rusiyalı ekspertləri isə bu ittihamnaməyə qeyri-ciddi sənəd kimi baxırlar. Ölkənin Müasir Dövlət İnkişaf İnstitutunun direktoru Dmitri Solonnikov iddianı "dəli sarsaqlaması, absurd və mənasız" adlandırıb. O, bildirib ki, rəsmi Kiyevdə "məsuliyyətsizlik və axmaqlıq səviyyəsi çoxdan normal hədləri keçib".
 
"Bu iddianın özü konkret şəxslər üçün heç bir nəticə verməyəcək. Ukraynanın məqsədi bütün dünyada Rusiyaya qarşı mənfi münasibətlər formalaşdırmaqdır. Onların nə qədər sübutları var, heç kim bilmir. Ümumiyyətlə sübut kimi nə göstərə bilərlər? Ukrayna fəallarının yaratdıqları sosial şəbəkə səhifələrindəki paylaşımlaramı istinad edəcəklər?”, - Solonnikov belə düşünür.
 
Bununla belə, Solonnikov Qərb məhkəmə orqanlarının “Ukrayna ordusunun Donbassdakı hərbi cinayətlərinə” Rusiyanın törətdiyi əməllər kimi qiymət verə biləcəyini də istisna etmir: 
 
"Bütün bu faciələr və bütün bu qurbanlar Rusiyanın cinayətləri kimi qiymətləndiriləcəkdir. İttihamnaməyə yalnız bu mövqedən baxılmalıdır. Ukrayna öz suverenliyini qoruyur, Rusiya isə "təcavüzkar ölkə" kimi təqdim oluna bilər. Avropada məsələyə bu nöqteyi-nəzərdən yanaşacaqlar", - deyə ekspert qeyd edib.
 
Politoloq Aleksandr Asafovun da fikrincə, Ukraynanın iddiasının hər hansı hüquqi perspektivi yoxdur. O qeyd edib ki, Ukraynanın “vəzifəsi” beynəlxalq məhkəmə instansiyalarını "Moskvaya qarşı əsəblərini boşaldan" iddialarla doldurmaqdır.
 
Politoloq hesab edir ki, Rusiya tərəfinin Ukraynanın bu cür bəyanatlarına hər hansı reaksiya verməsi lazım deyil. Bütün bunlar Ukraynanın Rusiyaya qarşı təcavüzkar xarici siyasətinin bir hissəsindən başqa bir şey deyil.
 
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 5 901          Tarix: 27-07-2021, 19:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma