Xəbər lenti
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
İranın yeni prezidenti İbrahim Rəisinin hakimiyyətə gəlməsi cənub qonşumuzun siyasi həyatında nə kimi dəyişikliklərə yol aça bilər?
Bir çox ekspertlərin bu suala cavabı birmənalıdır: İran dini lider tərəfindən idarə olunduğundan prezident kürsüsündə kimin oturması bu ölkənin siyasi həyatında hansısa dəyişikliklərə səbəb olmayacaq.
Bununla belə, cənub qonşumuzda prezidentin kimliyi onun xarici və daxili siyasətində hansı dəsti-xəttin tutulacağından da xəbər verir. Belə ki, ölkənin həqiqi siyasi iradəsi sayılan teokratik hakimiyyət istədiyi adamı prezident kürsüsündə əyləşdirərək xarici dövlətlərlə dialoqa hazır olub-olmadıqlarını nümayiş etdirir, xalqa müəyyən mesajlar verir, növbəti 4 ildə həyata keçiriləcək bəzi siyasətlərin önünü açmış olur. Bəs, İran İslam Respublikası yarandığı gündən bəri minlərlə müxalifin edam hökmünə imza atmaqla ad çıxaran, bəlkə də ölkənin ən mühafizəkar siyasi fiquru sayılan İbrahim Rəisinin prezident seçilməsinə razılıq verməklə dini hakimiyyət niyə birdən-birə ən radikal kursu seçdi?
Üstəlik, nəzərə alsaq ki İbrahim Rəisi bundan əvvəl məhkəmə hakimiyyətinin rəhbəri idi və yeri gələndə həmin post ölkə idarəçiliyində dini liderin kuklası kimi fəaliyyət göstərməkdən başqa bir işə yaramayan prezidentlikdən daha mühüm vəzifə hesab olunur, seçkidən çox kadr yerdəyişməsinə bənzəyən bu addım heç də təsadüfi sayılmaya bilər. Yeri gəlmişkən onu da xatırladaq ki, seçki prosesi dövründə İbrahim Rəisinin prezidentliyi qarşısındakı bütün əngəllər aradan qaldırılmış, o, heç bir ciddi rəqibi olmadan yarışa qatılmışdı. Bu da azmış kimi, ölkənin dini lideri və digər nüfuzlu dövlət adamları Rəisiyə açıq dəstək vermişdilər. Odur ki, səsvermədən çox-çox əvvəl də sandıqdan kimin qalib çıxacağı sirr deyildi və 18 iyun seçkilərinin nəticələri heç kimdə təəccüb doğurmadı: sürprizlərə və möcuzələrə inamı sındırılmış seçiçilərin cəmi 48%-nin qatıldığı seçkilərdə İbrahim Rəisi 62% səs qazandı. Bir sözlə, teokratik hakimiyyət Rəisinin seçilməsi üçün əlindən gələni əsirgəmədi.
Növbəti sual meydana çıxır: heç bir siyasi təcrübəsi olmayan, indiyədək ancaq «sözəbaxmayan» iranlılar barəsində edam hökmü imzalamaqla saç ağartmış bu adamın prezidentlik kürsüsündə əyləşdirilməsinin altında hansı hikmətlər yatır? Qarşıdakı 4 il ərzində Rəisi və komandasının xarici və daxili siyasətləri özündə hansı prinsipləri ehtiva edəcək? Ağır iqtisadi sanksiyalarla üzləşdiyi və sosial partlayışların astanasına gəlib çıxdığı indiki şəraitdə İran niyə xariclə münasibətləri normallaşdırmaq əvəzinə daha da gərginləşdirmək xətti tutur?
Ovqat.com-un məlumatına görə, İranda yayımlanan «Asiya» qəzetinin baş redaktoru, siyasi ekspert Nevid Cəmşidi «Anadolu Agentliyi"nə açıqlamasında bu və bənzər suallara aydınlıq gətirib.
Cəmşidinin fikrincə, Rəisi İranın «dünya ilə barışmazlıq simvollarından» biridir. Prezident və komandasının hakimiyyətdə olduğu müddət ərzində həm ölkədə, həm bölgədə, həm də beynəlxalq aləmdə İrana qarşı ən xoşagəlməz hadisələrin yaşanacağına şahid olacağımızı proqnozlaşdıran Cəmşidi, yeni hökumətin başlıca mənfi təsirlərinin xarici siyasətdə ortaya çıxacağına inanır:
«Yeni administrasiyanın ölkədəki maliyyə və iqtisadi böhrana mənfi təsir göstərəcəyini və insanların həyat şəraitinin daha da pisləşəcəyini proqnozlaşdırıram. Rəisinin təmsil etdiyi qrup dünya ilə, xüsusən Qərblə ziddiyyətlərə və qarşıdurmalara getməyin tərəfdarıdır. Bu baxımdan yeni prezidenti də dünya ilə qarşıdurmanın simvollarından biri kimi qiymətləndirmək olar. İran bu seçimlə bir növ, dünyaya və ölkədəki narazı insanlara güzəştə getmək istəmədiyi mesajını verdi".
Rəisinin «şahin» xarakterə sahib olduğunu və 30 il əvvəl çıxardığı məhkəmə hökmləri ilə nəinki İranda, hətta dünyada ad çıxartdığını bildirən Cəmşidi deyib: «Onun imzaladığı edam hökmləri hələ də xatirələrdədir. Rəisinin və komandasının siyasətdə heç bir təcrübəsi və uğuru yoxdur».
Son bir neçə ildə yaşanan hadisələrin və ABŞ-ın sabiq prezidenti Donald Trampın tətbiq etdiyi sanksiyaların fonunda «nüvə sazişi»nin yenidən qüvvəyə minməsini «uzaq ehtimal» kimi qiymətləndirən Cəmşidi, yaxın zamanlarda iqtisadi sanksiyaların yumşaldılacağına da inanmır. İranda sanksiyaların «adi bir hadisə» halına gəldiyinə və asanlıqla ləğv olunmayacağına, dünyanın özəl şirkətlərinin Tehranla əməkdaşklıq qurmaqdan çəkindiyinə diqqət çəkən Cəmşidi, ölkə rəhbərliyinin də bu yöndəki hansısa müsbət perspektivlərdən ümidini kəsdiyini, məhz bu səbəbdən xarici təzyiqlərə qarşı sərt və düşməncəsinə siyasət yürütməyə qərar verdiyini düşünür.
Avstriyanın paytaxtı Vyanada davam edən nüvə danışıqlarının uzun sürə biləcəyini, ancaq İranın diplomatik kanalları bağlamadığını göstərmək üçün masadan ayrılmayacağını proqnozlaşdıran Cəmşidi,Tehranın Qərb ölkələri ilə müzakirələrdən «yeni, amma əvvəlkindən daha zəif razılaşma» ilə çıxacağına və bəzi güzəştlərə gedərək Qərbin könlünü alacağına, bu yolla maddi mənfəət, maliyyə əldə etməyi hədəflədiyinə» inanır. Ekspertin fikrincə, beynəlxalq sövdələşmələrdə daha çox güzəşt qoparmaq üçün daha çox «şahinləşən» İranın bütün hərbə-zorbaları boş ələ dirəşməkdən başqa bir şey deyil, «əslində isə o, ABŞ, Qərb ölkələri və ya İsraillə birbaşa «konvensional» müharibədən qorxur". Son vaxtlar bölgədəki gərginliyin İran İslam İnqilabı Keşikçiləri Korpusu və onun döyüşən qrupları tərəfindən qəsdən artırıldığına inanan Cəmşidi deyib:
"Gərginliklər artdı və daha da artacağını düşünürəm. İran ABŞ, Qərb ölkələri və ya İsraillə birbaşa konvensional müharibəyə girməkdən qorxur, lakin hücumları ilə ona zərər verməyə çalışır. Gərginliyi və qarşıdurmanı diri tutmağa səy göstərir. Bu isə çox təhlükəli bir oyundur, kiçik bir xəta regionda nizamlı bir savaşa çevrilə və İrandakı İslam rejiminin tamamilə məhv olması ilə nəticələnə bilər".
İrana qarşı iqtisadi təzyiqlərin artdığını ifadə edən Cəmşidi bununla yanaşı, əlavə gərginliklərin, hücumların, təxribatların, pilotsuz uçuş aparatlarının tətbiqinin və raketlərin atılmasının da böyük iqtisadi xərclərə yol açdığını və Tehranın onları təmin etməkdə ciddi maliyyə sıxıntıları ilə üzləşdiyini vurğulayıb.
İrandakı mövcud rejimin narahat və çətin vəziyyətlə üz-üzə qalmasına baxmayaraq, ölkədəki və bölgədəki tərəfdarlarına geri addım atmaq niyyətində olmadığını göstərməyə çalışdığına diqqət çəkən Cəmşidinin fikrincə, «rəsmi Tehran xalqın boğazından kəsdiyi pulları bölgədəki sabitliyi pozmaq üçün xərcləyir».
«Gərginlik və hücumlar davam edə bilər, amma bunun çox riskli olduğunu söyləmək istəyirəm. İran hələlik açıq-aşkar geri addım atmayacaq. Baydenin səhvləri, İsraildəki daxili qarışıqlıq və pandemiya kimi böhranlardan istifadə edərək sanksiyaları aradan qaldıra bilmədi. Bu səbəbdən də ölkələrə və bölgəyə zərər vuraraq güzəştlər əldə etməyə çalışır. Qısa müddətdə bəzi qazanclar əldə edə bilər də, amma orta və uzun müddətlilik baxımından bu yolla öz ambisiyalarına nail olacağını sanmıram", - Cəmşidi bildirib.
Açıqlamasında 1988 -ci ildə İranda kütləvi edam qərarlarının qəbul olunmasında rol oynadığı iddia edilən keçmiş prokuror Həmid Nurinin İsveçdəki məhkəməsinə toxunan Cəmşidi fikirlərini belə yekunlaşdırıb:
"Ölkədə etirazlar çox şiddətləndi və Həmid Nurinin insanlıq əleyhinə cinayətləri səbəbiylə İsveçdəki mühakiməsi davam edir. Bütün bunlar Rəisin «hesabat kartına» yazılır və dünyanın ona baxışına təsir göstərir. Çünki Həmid Nuri, Rəisinin əlinin altında işləyən və onun sifarişlərini yerinə yetirən adi bir məhkəmə işçisi idi".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar