Xəbər lenti

 
Artıq İrəvan erməniləri də Qarabağdakı soydaşlarının kal armud olub Ermənistanın boğazında qaldıqlarını və zaman keçdikcə, bütün ölkəni iflasa və Rusiyanın qucağına sürüklədiyini anlamağa başlayıblar. Əvvəl sadəcə sosial şəbəkələrdə səsləndirilən bu fikirlər hazırda açıq şəkildə media orqanlarının səhifələrində də görünür. 
 
Ovqat.com-un məlumatına görə, ArmenianReport.com saytının analitiki Anbartsum K.-in qələmə aldığı “Ürəklə yox, başla düşünmək zamanıdır” sərlövhəli məqaləsi bunun bariz nümunəsidir.
 
Türkiyənin və Azərbaycanın Ermənistana iqtisadi əməkdaşlıq və kommunikasiya əlaqələrinin açılması təklifi üzərində baş sındıran müəllif İrəvanın istəsə də, istəməsə də buna getmək məcburiyyətində qaldığını, bu təklifləri qəbul etməməyin isə yalnız Rusiyaya və onun “5-ci kolonu” – Qarabağ klanının işinə yarayacağı qənaətindədir. “Erməninin sonrakı ağlı” zərb-məsəlini xatırladan məqaləni olduğu kimi təqdim edirik.
 
Ağlasığmaz vəziyyətdəyik və bütün bunlar Qarabağ klanının Robert Köçəryan və Serj Sarkisyanın prezidentliyi dövründə Rusiyaya mümkün olan hər şeyi təhvil verməsi sayəsində mümkün oldu.


 
Bazar günü günortadan sonra həqiqətən sensasiyalı bəyanatlarla yadda qaldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-İrəvan münasibətlərindən danışdı. O. qeyd etdi ki, birtərəfli ittihamların yerini real yanaşmalar almalıdır. "İrəvan bu istiqamətdə hərəkət etməyə hazırdırsa, Ankara Ermənistanla münasibətlərin tədricən normallaşması üzərində işə başlaya bilər", - Türkiyənin dövlət başçısı vurğuladı.
 
Bununla da  kifayətlənməyən Ərdoğan bildirdi ki, Azərbaycan Ermənistana hərtərəfli sülh sazişi imzalamağı təklif edir. O, Ermənistanın yeni hökumətinin fəaliyyətinin bölgəyə xeyir gətirəcəyinə ümid etdiyini də vurğulayaraq dedi: "Bölgəmizdə yeni, konstruktiv yanaşmalara ehtiyac var"
 
Və bu ifadələr artıq təəccüblə qarşılanmır.
 
Həm Ankarada, həm də Bakıda müzakirə olunan addımların həyata keçirilməsi ilə bağlı fikirlərdən Ermənistanın indiki rəhbərliyinin mövqeyi də artıq aydın olur. Üstəlik, Baş nazir Nikol Paşinyan bütün bunları açıq şəkildə və hətta sevinclə təsdiqlədi: "Bölgədə sülhün qurulması gündəminə qayıdaraq, Türkiyədən bəzi müsbət publik siqnallar aldığımızı söyləməliyəm. Bu siqnalları qiymətləndirəcəyik, müsbət siqnallara müsbət siqnallarla cavab verəcəyik”.
 
Və beləliklə, Ərdoğanın fikirləri Türkiyə və Azərbaycanın hansı şərtlər altında sülhün mümkün olduğuna inandıqlarını ortaya qoyur. Şübhəsiz ki, ilk növbədə “erməni soyqırımı”nın tanınması siyasətindən imtina məsələsi gündəmə gələcək. Bundan əlavə, tarixi torpaqlarımızın qaytarılması üçün “ədalətli” şərtlər irəli sürən Konstitusiyamıza dəyişikliklər olunmasını tələb edəcəklər. Üstəlik, “Miatsuma” mövzusuna bir daha qayıdılmayacaq və “Artsakh” rəsmən unudulacaq.


 
Bunun qarşılığında nə əldə edirik? Türkiyə və Azərbaycanın Ermənistana qarşı yeni müharibədən imtina edəcəyinə dair şübhəli zəmanətlər veriləcək. Bundan əlavə, Ermənistan-Türkiyə sərhədlərinin açılması Türkiyə və Azərbaycanla iqtisadi əlaqələrin qurulması, Ermənistanın "Zəngəzur Dəhlizi" layihəsinə qoşulmasından real iqtisadi üstünlüklər əldə etməsi kimi zəmanətlər də getdikcə daha az və ya çox şəkildə gündəmə gətiriləcək.
 
Bəli, burada Ermənistan-Türkiyə sərhədinin açılmasından Türkiyə və Azərbaycanla iqtisadi əlaqələrin qurulmasına, Ermənistanın sözdə "Zəngəzur Dəhlizi" layihəsinə qoşulmasından real iqtisadi faydalara qədər hər şeyə az-çox zəmanət verilir.
 
Bu təkliflərə ilkin reaksiya, əlbəttə ki, nifrət və qəzəbdir. Məhz Rusiyadakı və ölkəmizdəki müəyyən qüvvələr də buna nail olmaq, bu hissimizlə oynamaq istəyirlər. Çünki onlar siyasi və maliyyə kapitallarını Ermənistanın dəhşətli iqtisadi vəziyyətə düşməsi, sərhədlərinin bağlı və real iqtisadi sıçrayış şanslarının qalmaması üzərində qururlar.


 
Ermənistanın dövlət borcunun 9 milyard dolları keçməsi artıq faktdır. Yanvar-iyul aylarında hökumət Ermənistanın borcunu 1 milyard dollar da artırdı. Bəli, bu, müəyyən mənada hakimiyyətin diletantlığından və populizmə meylliyindən qaynaqlanır. Ancaq qlobal mənada bütün bunların tamamilə açıq bir izahı var: Ermənistan sadəcə olaraq borc götürmək və onu artırmaq iqtidarında deyil.
 
Bu vəziyyət Qarabağ klanının Robert Koçaryan və Serj Sarkisyanın prezidentliyi dövründə Rusiyaya mümkün olan hər şeyi təhvil verilməsi nəticəsində mümkün oldu. Beləcə Ermənistanı siyasi müstəqilliyin əsas təməli sayılan iqtisadi müstəqillik atributlarının demək olar, çoxundan məhrum edildi.
 
Və buna görə də əvvəlki hökumətin işə götürdüyü riyakarlar arasında yer alan "mütəxəssislər"in Ermənistanın xarici borcunun artmasında və dəhşətli iqtisadi vəziyyətə düşməsində yalnız indiki hökumətin günahlandırmaları həyasızlığın pik nöqtəsi sayıla bilər. Reallıq isə tamamilə başqadır. Əsl günahkar əvvəlki hakimiyyətlərdir; Kremldən gələn əmrləri yerinə yetirən Qarabağ klanı Ermənistanı bu borc çuxuruna sürükləyib, onu regionun ən geridə qalmış dövlətinə çevirib.
 
Demirəm ki, Ankarada və Bakıda təklif olunan hər şeylə razılaşmalıyıq. Ancaq Ermənistanın təklif olunan hər şeyi nəzərə almağa məcbur olmasının səbəblərini vicdanla xatırlamağı hər kəsə təklif edirəm. Həm də düşünməyi təklif edirəm ki, Ermənistanın iqtisadi göstəricilərinin yaxşılaşması, tədricən irəliləməsi kimin xeyrinə deyil? Cavab göz qabağındadır - Rusiya və onun ölkəmizdəki himayədarları üçün sərfəli deyil. Beləliklə, duyğularımizla yox, başımızla düşünək.


Ana səhifəyə qayıt        Baxış: 6 036          Tarix: 30-08-2021, 19:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma