Xəbər lenti

 
 
Ermənistanla Azərbaycan arasında Qafan-Gorus yolu gərginliyi sürərkən, İrəvan İranla kommunikasiya əlaqələrini gücləndirmək üçün Qacaran-Sisyan magistralına 1 milyard dollar pul ayrımaq istəyir.
 
Ovqat.com xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan dünən jurnalistlərlə söhbətində deyib.
 
Maraqlıdır ki, Ermənistan hökumətinin sözügedən yol layihəsi Azərbaycanın nəzarətində olan Qafan-Gorus yolu üzərindən keçir. Daha doğrusu, Qafan-Gorus yolu Qacaran-Sisyan magistralının bir hissəsidir. Bəs, həmin yol İrəvanın nəzarətində olmadığı halda, ölkə bu layihəni necə həyata keçirəcək?
 
Jurnalistlərin sualını cavablandıran nazir də bu cür ciddi problemlə üz-üzə qaldıqlarını etiraf edib. Kerobyan, “bu maneənin yaxın gələcəkdə aradan qaldırılacağına” inandığını, Ermənistanın Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi kimi qurumların problemin həlli üçün bütün səylərini birləşdirdiyini bildirib.
 
O həmçinin, qeyd edib ki, İrəvanın pis-yaxşı alternativ yolu da var və lazım gələrsə, həmin yolu işlək vəziyyətə gətirmək üzərində baş sındıracaqlar.


Qacaran-Sisyan magistralı
 
"Pis, lakin etibarlı başqa yolumuz var. Yəni son çarə olaraq B planımız mövcuddur. Biz bu yolu daha rahat hala gətirmək üçün intensiv işləyirik”, - Kerobyan belə deyib.
 
Qafan-Gorus yolundakı mövcud vəziyyəti şərh edən Kerobyan bunun narahatlıq doğurduğunu və iqtisadiyyata, ticarətə və turizmə ciddi ziyan vurduğunu da gizlətməyib.
 
Xatırladaq ki, Avropa İttifaqı Ermənistana özünü dirçəltmək üçün 2.6 milyard dollar ayırmış və bu “alicənablıq” Azərbaycan tərəfində sərt reaksiya doğurmuşdu. Prezident İlham Əliyev həmin ərəfədə Az.TV-yə verdiyi açıqlamasında Avropa İttifaqının Ermənistan və Gürcüstana 2 milyard avrodan çox vəsait ayırmasını, Azərbaycanı isə unutmasını "ədalətsiz" adlandırmışdı. 
 
Görünən budur ki, Ermənistan hökuməti Avropa İttifaqından aldığı yardımın 1 milyard dollarını Qafan-Gorus yolunun da keçdiyi Qacaran-Sisyan magistralına yatırmaq niyyətindədir. 
 
Sual: Bəs, Azərbaycan öz ərazisini ermənilərin istifadəsinə verəcəksə, bundan özü nə qazanacaq?
 
 

Təbii ki, Zəngəzur dəhlizini. Prezident İlham Əliyevin 17 iyul tarixində Aİ Şurasının Prezidenti Şarl Mişellə keçirdikləri birgə mətbuat konfransında səsləndirdiyi bəzi fikirlər də rəsmi Bakının yalnız Zəngəzur dəhlizi açılarsa, Qafan-Gorus yolunu ermənilərin istifadəsinə verəcəyinə işarə vururdu. 
 
"Bölgədəki bütün kommunikasiyaların açılması münaqişədən sonrakı həll mərhələsində çox vacib bir məqamdır və bu, 10 noyabr tarixli Üçtərəfli bəyanatda vurğulanır," - İlham Əliyev belə demişdi. 
 
Onun sözlərinə görə, bölgədəki bütün kommunikasiyaların açılması paralel şəkildə həyata keçirilməlidir və regionda marağı olan bütün dövlətlər də bu fikri dəstəkləyirlər:
 
Bölgədə dörd ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə - bu yanaşmanı dəstəkləyir, Ermənistanın da buna müsbət reaksiyasını gözləyirik, amma bu yanaşma selektiv olmamalıdır. Bütün kommunikasiyalar eyni zamanda açıq olmalıdır".
 


Ölkə başçısı çıxışında həmçinin qeyd etmişdi ki, Şarl Mişellə görüşdə də kommunikasiyaların açılması məsələsini masaya yatırıblar və ümumi razılığa gəliblər:
 
Bu gün biz cənab Prezidentlə (Şarl Mişel nəzərdə tutulur – Ovqat.com) kommunikasiyalarla əlaqədar məsələləri müzakirə etdik. Ümumiyyətlə, bu məsələ hər zaman, xüsusilə nəhəng nəqliyyat infrastruktur layihələrinin tamamlanmasından sonra Avropa İttifaqı ilə Azərbaycan arasında gündəlikdə olub. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var”.
 
İlham Əliyevin bu sözləri Aİ Şurasının Prezidentinin qarşısında söyləməsi, Şarl Mişelin isə çıxışında regional əməkdaşlıqları gücləndirmək üçün müxtəlif marşrutların açılmasını dəstəkləməsi Avropa İttifaqının da Azərbaycanın şərtlərilə razılaşdığını göstərir. 
 
Məlumatlara görə, artıq bu istiqamətdə mühüm addımlar atılıb. Erməni mənbələrinin iddiasına inansaq, dünən Moskvada aparılan danışaqlar zamanı rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasına razılıq verib. Bildirilir ki, Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan nümayəndələrinin əldə etdiyi razılığa əsasən, yaxın zamanlarda Zəngəzur dəhlizi açılacaq. Dəhliz Rusiyanın nəzarətində olacaq və ərazidə sərhəd keçid məntəqələri qurulacaq. Azərbaycan bu dəhlizdən istifadə etmək üçün Ermənistana ildə təxminən 150 milyon dollar ödəyəcək. 


 
Məlumata görə, Ermənistan nümayəndə heyətinə ölkənin Müdafiə naziri rəhbərlik edib. Azərbaycandan bu görüşdə kimlərin yer aldığı isə hələ ki, məlum deyil.
 
İddiaya görə, tərəflər bir neçə gün davam edən müzakirələrdə sərhədlərin demarkasiya və delimitasiyası ilə əlaqədar da razılığa gəliblər. Bu proses Sovet İttifaqı xəritələri çərçivəsində həll olunacaq və qondarma “DQR”-nın statusu müəyyənləşdirilmədən həyata keçiriləcək.
 
Görüşdə Gorus-Qafan yolunun taleyi ilə əlaqədar erməni tərəfinin iddiaları isə təmin olunmayıb. Başqa sözlə, yol bizim nəzarətimizdə qalacaq. Bizi maraqlandıran əsas məsələ də bununla bağlıdır: Azərbaycan Zəngəzur dəhlizi üçün ildə 150 milyon dollar ödəyəcəyi halda, ermənilər niyə Gorus-Qafan dəhlizindən müftə istifadə etməlidir? 
 
Məlumatda bu suala tam aydınlıq gətirilməsə də, bəzi ipuclarından müəyyən nəticələr çıxarmaq mümkündür. İddiaya görə, ermənilər Rusiya ilə alternativ yol çəkilməsi barədə razılığa gəliblər. Ruslar bu yolu öz maliyyələri hesabına tikəcəklər. Bu məlumatdan belə bir nəticə hasil olur ki, ermənilər Gorus-Qafan yolundan müvəqqəti istifadə edirlər. Alternativ yolu çəkənə qədər. Yəqin ki, onlara bunun üçün müəyyən zaman da verilib. Yolu tamamlayandan sonra ya yeni marşrutla İrəvana gedəcəklər, ya da Qafan-Gorus yolundan istifadə etdikləri üçün “torpaqbasdı” rüsumu ödəyəcəklər. Necə ki, iranlılar ödəyir.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 934          Tarix: 17-09-2021, 09:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma