Xəbər lenti

 
Türkiyənin Gürcüstanı xarici enerji asılılığından xilas etmək çalışmalarının qarşısının alınması Rusiyanın xeyrinə nəticələnib.
 
Ovqat.com-un məlumatına görə, bu ilin 8 ayının nəticələrinə əsasən, Rusiya Gürcüstana elektrik enerjisinin əsas idxalçısına çevrilib.
 
Bildirilir ki, cari ilin 8 ayı ərzində Rusiyadan Gürcüstana 1049,4 milyon kilovat-saatlıq elektirk enerjisi tədarük olunub ki, bu da qonşu ölkəyə idxal edilən elektrik enerjisinin ümumi həcminin 61%-nə bərabərdir. Statistik məlumatlara inansaq, qeydə alınan bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 171% çoxdur.
 
Qeyd edək ki, Rusiyadan builki elektrik enerjisi idxalı Gürcüstanın müstəqilliyini elan etdiyi gündən indiyədək ən yüksək göstəricidir. Bundan əvvəl Rusiyadan idxalın ən yüksək dərəcəsi 2019-cu ilə aid idi. Həmin vaxt Rusiyadan idxal olunan elektrik enerjisi Gürcüstanın bu sahədəki ümumi idxalının 32%-ni təşkil edirdi. Bu ilin 8 ayında isə həmin göstərici təxminən 2 dəfə artıb.


 
Gürcüstanın elektrik enerjisi ilə təminatı üçün 2017-ci ildə Türkiyənin ENKA şirkəti ilə rəsmi Tbilisi arasında müqavilə imzalanmışdı. Müqaviləyə əsasən, ENKA şirkəti ölkənin qərbində Namaxvani Su Elektrik Stansiyasının tikintisini boynuna götürmüşdü. 830 milyon dollarlıq layihənin 90%-i “ENKA”, 10%-i isə Norveçin “Clean Energy Group”u tərəfindən həyata keçiriləcəkdi. Di gəl ki, gürcü “təbiətsevərləri” Gürcüstan ekologiyasına zərər vuracağı iddiası ilə layihəyə qarşı çıxır və davamlı etiraz aksiyaları keçirərək, onun inşasına mane olmağa çalışırdılar. Onların iddiasına görə, bu HES Gürcüstana bir daha bərpaolunmaz zərbələr vuracaqdı və projenin tikintisi təcili dayandırılmalı idi.  Maraqlıdır ki, etirazçıları Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə bağlı müxalif qüvvələr də dəstəkləmişdi. 
 
2021-ci il 22 fevral tarixində hakimiyyətə gələn Baş nazir İrakli Qaribaşvilinin ilk işi etirazçılarla görüşmək olmuşdu. O, həmin görüşdə indiki şərtlər altında hidroelektrik stansiyasının tikilişinə icazə verməyəcəyini bildirmiş və bir müddətdən sonra müqavilə ləğv olunmuşdu. Beləcə, “təbiətsevər” gürcülər bu addımları ilə ilə elektrik enerjisi sahəsində Rusiyadan daha asılı vəziyyətə düşmüşdü. Halbuki, Cənubi Qafqazın şirin su ehtiyatının 70%-ə yaxına sahib olan Gürcüstanın öz elektrik enerjisi stansiyalarını qurmasının ən qısa yolu HES-lərdir.


 
Yeri gəlmişkən, bu HES də Gürcüstanı elektirk enerjisi sahəsində xarici asılılıqdan xilas etmirdi. Hesablamalara görə, həmin HES-lə Gürcüstanın elektrik ehtiyacının yalnız 12%-ni ödəmək mümkün idi. Bununla belə, ENKA şirkəti ilə bağlanan müqavilə Gürcüstanın enerji tələbatını öz hesabına təmin etməsinin ilk addımı kimi qiymətləndirilirdi. Bu fürsəti geri çevirən Gürcüstan isə sanki bilə-bilə Rusiyadan asılı vəziyyətə düşmək yolunu tutdu. Bundan əvvəlki parlamentin spikeri İrakli Kobaxidze məhz bu həqiqəti nəzərə alıb Türkiyə ilə bağlanan müqavilənin ləğvini “enerji müstəqilliyinin təmin olunmasına kömək edəcək gələcək investisiyalar üçün pis bir siqnal" adlandırmışdı.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 157          Tarix: 26-09-2021, 16:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma