Xəbər lenti

 
 
Səudiyyə Ərəbistanı və Bəhreyn Livanla bütün diplomatik münasibətləri kəsib.
 
Ovqat.com-un məlumatına görə, Səudiyyə krallığı Livandakı səfirini geri çağırıb, Livan səfirinə isə ölkəni tərk etməsi üçün 48 saat zaman verib. Səudiyyə Ərəbistanının bu addımına Bəhreyn də qoşulub.
 
 
Hər iki ərəb ölkəsinin bu addımı atmasına səbəb Livan İnformasiya naziri Corc Kordahinin bir zamanlar Yəmən husiləri barədə söylədiyi fikirlər olub. Bildirilir ki, Corc Kordahinin media orqanlarında yayılan açıqlamasında Yəmən husilərinin də Livan Hizbullahı kimi öz torpaqlarını qoruduğunu və onlara qarşı döyüşən ərəb liqası ölkələrinin haqsız müharibə apardığını vurğulayıb. Onun bu çıxışından qəzəblənən Səudiyyə Ərəbistanı və Bəhreyn Livanla diplomatik əlaqələri kəsməyə qərar verib. Rəsmi Riyad Livandan idxal olunan məhsulların ölkəyə gətirilməsinə də qadağa qoyub.
 
Səudiyyə Ərəbistanı XİN hadisə ilə bağlı verdiyi bəyanatda Hizbullahı Livanı özünün bəd niyyətlərinin poliqonuna çevirməkdə və narkobizneslə məşğul olmaqda ittiham edib. 
 
Qeyd edək ki, 9 aydan çoxdur İranla Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq üçün danışıqlar gedirdi. Xeyli ləng irəliləyən bu danışıqların son zamanlar dalana dirənməsi barədə məlumatlar gəlirdi. Livanla Səudiyyə Ərəbistanı və Bəhreyn arasında yaranan diplomatik böhranın bu danışıqlar prosesini tamamilə dayandıracağı şübhə doğurmur. 
 
Riyadın Hizbullah barədə irəli sürdüyü ittihamda onu narkobizneslə məşğul olmaqda ittiham etməsi də diqqətçəkicidir. Xatırlayırsınızsa, Azərbaycan Prezidenti İlham Əliyev də İranla Ermənistanın işğaldan azad olunmuş ərazilərimizdən bu zamanadək narkotika maddələrinin tranziti kimi istifadə etdiklərini bildirmişdi. Ümumiyyətlə, son zamanlar bənzər ittihamlar başqa ölkələrdən də gəlir. Hizbullahın da İrana bağlı olduğunu nəzərə alsaq, rəsmi Riyadın bu bəyanatı təsadüfi görünmür.
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 852          Tarix: 30-10-2021, 12:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma