Xəbər lenti

 
Aralarında Kipr, Yunanıstan, ABŞ və Fransanın da olduğu 8 ölkə Şərqi Aralıq dənizində enerji təhlükəsizliyi ssenariləri əsasında hərbi təlimlər keçirib.
 
Ovqat.com-un məlumatına görə, bu il səkkizinci dəfə keçirilən “Nemesis” təlimində gəmilərin və neft platformalarının təhlükəsizliyinin təmin edilməsi ön plana çıxarılıb. 
 
Təlimlərdə Kipr və Yunanıstanla yanaşı, ABŞ, Fransa, İngiltərə, İtaliya, İsrail və Misir gəmiləri də iştirak edib.
 
Nemesis təlimində axtarış-xilasetmə, tibbi təxliyə əməliyyatları, dənizdə sızma və çirklənmənin təmizlənməsi kimi fəaliyyətlərlə yanaşı, Kipr qüvvələri tərəfindən terrorçular tərəfindən ələ keçirilən neft platformasının xilas edilməsi ssenarisi üzərində də işlənilib.
 
Təlimlər Kipr adasının cənubunda, Güney Kipr Rum Respublikasının Fransanın Total və İtaliyanın Eni şirkətlərinin konsorsiumuna neft və qaz kəşfiyyatı üçün lisenziya verdiyi bölgədə keçirilib. Konsorsium qazma işlərinə gələn ilin birinci yarısında başlamağı planlaşdırır. ExxonMobil və Chevron şirkətləri də Cənubi Kipr administrasiyasından Kiprdə qazma işləri aparmaq üçün lisenziya alıblar.
 
Aİ-yə üzv olan Cənubi Kipr Rum Respublikasının elan etdiyi Müstəsna İqtisadi Zona (MEZ) ilə Quzey Kipr Türk Respublikasının (QKTC) iddia etdiyi ərazilər bəzi bölgələrdə üst-üstə düşür. Türkiyənin dəstəyi ilə QKTC Türkiyə Neft Şirkətinə (TPAO) də eyni ərazidə karbohidrogen kəşfiyyatı aparmaq üçün lisenziya verib.
 
Bölgədə Türkiyə ilə Yunanıstan arasında da bənzər problemlər yaşanır. Yunanıstanın iddia etdiyi MEZ ilə Türkiyənin 2019-cu ildə Liviya ilə imzaladığı müqavilədə açıqlanan MEZ arasında üst-üstə düşən sahələr mövcuddur. Ötən il Şərqi Aralıq dənizində dəniz yurisdiksiyası əraziləri səbəbiylə hərbi gərginlik yaşanmışdı. Ötən həftə də Türk hərbi gəmiləri Cənubi Kiprin bölgədə fəaliyyət göstərən araşdırma gəmisini sərhədləri pozduğu səbəbiylə bölgədən Krit adasının şərqinə qovmuşdu. 
 
Xarici işlər naziri Mövlud Çavuşoğlu ötən həftə verdiyi açıqlamada Türkiyə və QKTC-nin Şərqi Aralıq dənizindəki hüquqlarının qəsb edilməsinə icazə verməyəcəyini təkrarlayaraq ölkənin ərazi sularının türk hərbi gəmilərinin himayəsində olduğunu vurğulamışdı. Çavuşoğlu onu da bildirmişdi ki, indiyə qədər Şimali Kiprin iddia etdiyi sulara heç bir xarici tədqiqat gəmisi girməyib.
 
Türk hərbi gəmiləri 2018-ci ilin fevral ayında Cənubi Kipr administrasiyasından lisenziya alan İtaliyanın Eni şirkətinin icarəyə götürdüyü qazma gəmisinin Şimali Kiprin MEZ ilə ziddiyyət təşkil etdiyi ərazidəki fəaliyyətinə mane olmuşdu. 
 
Bütün bunlara baxmayaraq, Güney Kipr Rus Respublikasının keçirdiyi hərbi təlimlərdə Türkiyənin NATO-dakı müttəfiqləri də iştirak edir. Təlimin mövzuları isə sanki Türkiyədən gələ biləcək müdaxilələrə qarşı yönəlib.
 


Ana səhifəyə qayıt        Baxış: 6 456          Tarix: 3-11-2021, 21:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma