Xəbər lenti

 
 
Əfqanıstanın Bamyan əyalətində şiə həzaraların lideri Əbdüləli Məzarinin heykəli sökülüb, yerində isə Quran heykəli tikilib.
 
Ovqat.com-un əfqan mənbələrinə istinadən verdiyi məlumata görə, Heykəlin dayandığı postament qorunub saxlanıldığı halda, yalnız Məzarinin heykəli sökülərək yerində Quran heykəli ucaldılıb.
 
Bildirilir ki, heykəlin postamentindəki Məzarini mədh edən  yazının da zədələnməməsinə etina göstərilib.


 
Əbdüləli Məzari kimdir?
 
Əbdüləli 1946-cı ildə Məzar-ı Şərif şəhərinin cənubundakı Çarkənd kəndində həzara ailəsində anadan olub.
 
İlk təhsilini bölgədə şiə mədrəsəsində alan Əbdüləli ali təhsilini İranın Qum və İraqın Nəcəf şəhərlərində davam etdirib.
 
1979-cu ildə Əfqanıstan Sovet İttifaqı tərəfindən işğal edildikdən sonra ölkəyə qayıdıb və Sovet İttifaqına qarşı müharibəyə qoşulub. Müharibə zamanı çoxlu ailə üzvlərini itirən Məzari İran İslam İnqilabından sonra Qum hövzəsi ilə münasibətlərini daha da genişləndirib. İranda hakimiyyətə gələn Ruhullah Xomeyni administrasiyası ilə səx əlaqə saxlayıb.
 
O, İranın dəstəklədiyi “Sazman-i Nəsr” adlı qruplaşmanın sıralarında müharibəni davam etdirib. Qeyd edək ki, Həmin illərdə Əfqanıstanda müxtəlif şiə qrupları fəaliyyət göstərirdi:
 
- Əfqan Hizbullahı
 
- Sazman-i Nəsr
 
- Əfqanıstan İslam İnqilabı Keşikçiləri korpusu
 
- Əfqanıstan İslam Hərəkatı
 
- Şurayi – İnqilabi - İttifaqi – İslami - Əfqanıstan
 
- İslam İnqilabı Hərəkatı
 
- İslam Döyüşçüləri Birliyi
 
- Rəad Partiyası




Əfqanistan Həzaraları
 
Əfqan şiələrinin müxtəlif təşkilatlar nəzdində fəaliyyət göstərmələri istər-istəməz onların arasındakı rabitəni azaldır və döyüşlərinin pərakəndə aparılmasına yol açırdı. Bu bölünmüşlüyün qarşısını almaq üçün İran onları vahid cəbhədə birləşdirməyə qərar verir. Məhz bu məqsədlə də 1987-ci ildə əfqan şiələrini Tehrana toplayan İran konfrans keçirir. “Tehran səkkizliyi” adlanan konfransda iştirak edən nümayəndələr uzun müzakirələrdən sonra nəhayət, 1989 “Hizbi-Vəhdət” adlı təşkilat qururlar. Əbdüləli Məzari də həmin təşkilatın Mərkəzi Şurasının rəhbəri, daha sonra isə qrupun ümumi rəhbəri təyin edilir. İranın dəstəklədiyi təşkilat kimi Hizbi Vəhdət Əfqanıstanda 1992-2001-ci illər vətəndaş müharibəsi zamanı mühüm rol oynayacaqdı.


Məzari əsirlikdə
 
Əfqanıstanda şiələri arasında xarizmatik və birləşdirici lider kimi məşhurlaşan Məzariyə münasibət birmənalı deyil. Talibanın əsas nüvəsi sayılan puştunlar onu şünnülərin, o cümlədən özlərinin ən qatı düşməni kimi xarakterizə edirlər. İddialara görə, Məzarinin rəhbərlik etdiyi Hizbi-Vəhdət silahlıları vətəndaş müharibəsi illərində çox sayda mülki puştunu qətlə yetirib.
 
Məzarinin 1995-ci il martın 13-də Taliban tərəfindən tutularaq öldürüldüyü iddia edilir. Onun Taliban tərəfindən əsir götürüldükdən sonra qaçmaq istəyərkən vurulub öldürüldüyü bildirilir. Bir başqa iddiaya görə isə Taliban onu qaçarkən vurmayıb, əksinə göz görə-görə edam edib.


 

Bamyan əyalətində sökülərək yerinə Quran heykəli qoyulan abidənin ABŞ işğalı zamanı İran tərəfindən inşa olunduğu bildirilir.
 
Maraqlıdır ki, Azərbaycanın öz ərazisini işğaldan azad etməsini “şirin quyruğu ilə oynamaq” cəhdi kimi qiymətləndirən İran rəsmiləri Talibanın bu hərəkətini hələ də sükutla izləyir. Halbuki Əbdüləli, yuxarıda da qeyd etdiyimiz kimi, İranın Əfqanıstandakı əsas adamı olub. Taliban onun heykəlini sökməklə əslində İrana öz təpkisini göstərib. Ermənilərin mənafeyi naminə sözdə şiə qardaşı saydığı Azərbaycan xalqına barmaq silkələyən İranın ayətullahlarının bu sükutu istər-istəməz bəzi suallara yol açır: Siz kimin ayətullahlarısınız, cənablar – şiələrin, yoxsa ermənilərin?




Ana səhifəyə qayıt        Baxış: 6 690          Tarix: 12-11-2021, 13:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma