Xəbər lenti

 
Çeçenistan parlamentariləri Rusiyanın Dövlət Dumasına mətbuatda cinayətkarların milliyyətinin qeyd olunmasını qadağan edən qanun layihəsi təqdim ediblər. 
 
Ovqat.com-un rus mediasına istinadən verdiyi məlumata görə, qanun layihəsi deputatlar arasında qızğın müzakirələrə səbəb olub. 
 
Çeçen deputatlar hesab edirlər ki, cinayət törədənlərin etnik mənsubiyyətinin göstərilməsinə dair mövcud təcrübə millətlərarası gərginliyi artıra bilər. Digər deputatlar isə qanunun icraedilməz olduğunu və qəbul ediləcəyi təqdirdə bir sıra başqa ciddi problemlər yaranacağını düşünürlər.
 
Sənədə əlavə edilən izahatda deyilir: “Belə məlumatların yayılması cinayət əməli ilə heç bir əlaqəsi olmayan vicdanlı, ləyaqətli vətəndaşların, həqiqi dindarların milli və dini hisslərinin təhqir olunması kimi qiymətləndirilməlidir. Çoxmillətli və çoxkonfessiyalı ölkəmizdə etinasız və ehtiyatsızlıqla deyilən hər bir söz sosial partlayışın detonatoruna çevrilə, millətlərarası və konfessiyalararası düşmənçiliyin qızışmasına və bütün ölkə üçün gözlənilməz nəticələrə səbəb ola bilər”.
 
Layihəni Çeçenistan parlamentinin sədri Maqomed Daudovun rəhbərlik etdiyi təşəbbüs qrupu hazırlayıb, “Kütləvi informasiya vasitələri haqqında” Federal Qanunun 4-cü maddəsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunmasını təklif edib.


 
Qeyd edək ki, Çeçenistanın məhkum edilmiş cinayətkarların və ya cinayət törətməkdə şübhəli bilinən şəxslərin etnik mənsubiyyətinin açıqlanmasına qarşı çıxışı yeni hadisə deyil. Xüsusilə son zamanlar bununla bağlı müzakirələr mətbuatda və cəmiyyətdə mütəmadi olaraq yenilənir. Müzakirənin yenidən qızışmasının səbəbi Moskva vilayətinin Novie Vatutinki qəsəbəsində miqrantlarla bağlı bir sıra səs-küylü insidentlərin baş verməsi, özəlliklə də bir ata ilə oğlunun döyülməsi olub. RT telekanalının erməni əsilli baş redaktoru Marqarita Simonyan öz Telegram səhifəsində bu hadisələri bəzi “qafqaz mənşəli şəxslərin” davranışı kimi qiymətləndirmiş və qarşısının alınması üçün vətəndaşların dövlət qeydiyyatına alınması prosedurunun sərtləşdirilməsini və digər sərt tədbirlərin görülməsini təklif etmişdi. Erməni jurnalistə cavab özünü çox gözlətmədən Çeçenistan lideri Ramazan Kadırovdan gəlmişdi. Kadırov cavabının bildirmişdi ki, qafqazlıların ünvanına tez-tez səslənən ittihamlardan bezib. Beləcə, Simonyanla Kadırov arasında mübahisələr başlamışdı.
 
Maraqlıdır ki, mübahisədən ilk geri çəkilən Kadırov olmuşdu və bu addımı ilə hər kəsi təəccübləndirmişdi. Üzərindən bir müddət keçdikdən sonra Çeçenistan parlamentinin bu cür qanun layihəsi ilə Dövlət Dumasına müraciəti Kadırovun susqunluğunun heç də geri çəkilmək niyyətindən doğmadığını, əksinə, mübahisələri yeni müstəviyə daşımağa hazırlaşdığını göstərir.
 
Çeçenistan deputatları bənzər qanun layihəsini 2012-ci ildə də Dövlət Dumasına təqdim etmişdilər. Layihə baxış müxtəlif bəhanələrlə illərlə uzadılmış, nəhayət, 2017-ci ildə parlamentdə müzakirəyə çıxarılaraq rədd olunmuşdu. Üzərindən 4 il keçdikdən sonra layihənin yenidən Dövlət Dumasına təqdim edilməsi çeçenlərin Rusiyada hökm sürən milli və dini ayrıseçkilikdən narazılıqlarını göstərir. Qafqazlıların bu narazılığı yenə diqqətə alınmazsa proseslər başqa məcralara yönələ bilər.
 



Ana səhifəyə qayıt        Baxış: 7 144          Tarix: 23-11-2021, 08:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma