Xəbər lenti
 
 
Rusiyanın Müdafiə naziri Sergey Şoygu Belarusa səfər edib.
 
Ovqat.com-un məlumatına görə, paytaxt Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşən Şoyqu Rusiya və Belarusun birgə hərbi təlimləri ilə bağlı açıqlamalar verib.
 
Fevralın 10-20-də Belarusla “Müttəfiqlərin qətiyyəti-2022” birgə hərbi təlimi keçirəcəklərini qeyd edən Şoyqu Rusiyanın şərqindən Belarusa hərbi hissə və texnikaların göndərildiyini bildirib.
 
Gələcəkdə “Şərq-2022” hərbi təliminin keçiriləcəyi ilə bağlı məlumatı paylaşan rusiyalı nazir “Bu il 20-dən çox birgə təlimimiz var”, - deyə vurğulayıb.


 
Təlimlərin hansı məqsədlə keçirildiyinə isə Lukaşenko aydınlıq gətirib: “Biz Ukrayna ilə sərhədi möhkəmləndirməyi hədəfləyirik. Vəziyyət getdikcə gərginləşir. Cavab vermək məcburiyyətindəyik".
 
Soygunun səsləndirdiyi məlumatları fikir süzgəcindən keçirsək, görərik ki, Rusiyanın Belarusda bu il keçirməyi planlaşdırdığı təlimlər ara vermədən davam edəcək. Çünki bir həftədən sonra başlayacaq “Müttəfiqlərin qətiyyəti-2022” təlimləri 10 gün davam edəcək. Digər təlimlər də təxminən bu qədər davam edəcəksə, deməli, müttəfiqlər hər ayın 2/3-ni qüvvələrini sınamaqla başa vuracaqlar. Digər 10 gün isə növbəti təlimlərə hazırlaşmaq üçün zamana sərf oluna bilər. Bu fakt onu göstərir ki, Rusiya Belarusa göndərdiyi silah və texnikaları geri qaytarmaq niyyətində deyil. Belarus prezidenti Lukaşenko da bu ehtimalı qüvvətləndirən açıqlama verib. O bildirib ki, Belarus Rusiyanın göndərdiyi silahları gələcəkdə ala bilər: "Bu silahlar NATO və Ukraynanın hərəkətləri ilə əlaqədar Birlik Dövlətimiz üçün kritik əhəmiyyət kəsb edir".
 
Rusiyanın güdümündə təlim məqsədilə hərbi mərkəzlər yaratmağa hazır olduqlarını ifadə edən Lukaşenkonun fikrincə bu, onlar üçün hava hücumundan müdafiə sistemləri və Rusiyada istehsal olunan müasir silahlardan istifadə etməyi öyrənmək baxımından vacibdir.
 
Belarus Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Rusiyanın hərbi təlimlər üçün göndərdiyi S-400 hava hücumundan müdafiə sistemləri də artıq Belarusa çatıb.
 
Bildirilib ki, bu sistemlər Belarusun Brest vilayətində poliqonda təlimlərdə istifadə olunacaq. Brestin Polşa ilə həmsərhəd olduğunu və Varşavanın bu şəhərə iddia etdiyi nəzərə alsaq, görərik ki, Minsk və Moskva təhlükəni Ukraynadan yox, Polşadan gözləyir. ABŞ və müttəfiqlərinin Polşa və digər Şərqi Avropa ölkələrindəki qüvvələrini möhkəmləndirməsi, həmin bölgəyə əlavə texnikalar göndərməsi də bu baxımdan təsadüfi sayılmır.



Ana səhifəyə qayıt        Baxış: 4 895          Tarix: 3-02-2022, 19:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma